"Əyyublu məktəbini C.Sadıqovun girovluğundan xilas edin!” - Valideynlər "ailə bufeti"nin çox "qurbanlar" verəcəyini bildirirlər

15-03-2019, 12:34           
"Əyyublu məktəbini C.Sadıqovun girovluğundan xilas edin!” - Valideynlər "ailə bufeti"nin çox "qurbanlar" verəcəyini bildirirlər
Tovuz rayon icra başçısı M.Məmmədov: "Validə xanım siz məktəb direktorunu müdafiə etsəniz də, mən şikayətçi vətəndaşı müdafiə edəcəm"

Saytımızda Tovuz rayonunun Əyyublu kənd 1 saylı tam orta məktəbində baş verənlərlə bağlı şikayət məktubu əsasında dərc edilmiş məqalə böyük rezonans doğurub. Məktəb direktoru Cəmşid Sadıqovun qanunsuz əməllərindən bəhs edən yazıdan sonra Əyyublu kəndinin sakini-C.Sadıqovun keçmiş işçisi İsayev Elçin redaksiyamıza kömək üçün üz tutub. Məktəb direktorunun ambisiyalarının qurbanlarından daha biri Rubrika.az saytı vasitəsilə Təhsil nazirliyinə və Tovuz rayon icra başçısı M.Məmmədova müraciət edərək C.Sadıqovun əməllərinə son qoyulmasını tələb edir.

Şikayətçi Elçin İsayev bildirir ki, həyat yoldaşı İsayeva Gülarə 5 il məktəbin bufetini işlədib. Bu müddət ərzində onun işindən heç bir şikayət olunmayıb, şagirdlər keyfiyyətli qida məhsulları ilə təmin olunub. Hər şey ötən il dekabrın 12-nə qədər normal davam etsə də C.Sadıqov qəflətən fikrini dəyişib. Bufetin açarları İsayevlərdə olsa da onlar məktəbə gələndə heyrətə gəliblər. Belə ki, bufetin qapıları qanunsuz olaraq açılıb,içəridə olan məhsullar çölə tökülüb. Məqsəd isə çox sadə olub-məktəbin direktoru C.Sadıqov bufeti oğlu Turala və gəlininə hədiyyə etmək qərarına gəlib.

Şikayətçi bildirir ki, Tovuz rayon Təhsil şöbəsinə şikayət etsə də onun dediklərinə məhəl qoyulmayıb. Şöbənin müdiri Validə xanım deyib ki, bufet məktəbin direktorunun tabeliyindədir,kimə istəsə verə bilər. E.İsayev nə qədər etsə də Validə xanımı inandıra bilməyib ki, bufet Cəmşid Sadıqovun tabeliyində ola bilər, mülkiyyətində ki, deyil. Niyə görə direktor heç bir səbəb göstərmədən bir ailənin dolanışıq yerini əllərindən alır? Özü də onları çörəksiz qoyaraq məktəbin bufetini oğluna və gəlininə hədiyyə edir.

Təhsil şöbəsində E.İsayevə qulaq asan olmasa da Tovuz rayon İcra Hakimiyyətində onun problemləri ilə maraqlanıblar. Rayonun icra başçısı Məmməd Məmmədov şikayətlə tanış olandan sonra Təhsil şöbəsinin müdirinə göstəriş verib ki, Gülarə İsayeva yenidən bufetə bərpa olunsun, hətta qəbul zamanı başçı Təhsil Şöbəsinin müdirinə öz iradını bildirirərək "sən məktəb direktorunu müdafiə etsən də mən şikayətçi vətəndaşı müdafiə edəcəm", bildirmişdir. Lakin, icra başçısının məzuniyyətə getməsindən istifadə edən Təhsil şöbəsi və C. Sadıqov verilən göstərişi qulaqardına vurublar. İsayevlər qalıblar rayon mərkəzi ilə Əyyublu kəndi arasındakı 20 km-lik yolda. Validə xanım onlara hər dəfə bolluca vəd verilsə də C.Sadıqovun “ailə bufet”ini bağlatdıra bilməyiblər.

Yenidən icra başçısının qəbulunda olandan sonra M.Məmmədov bir daha bufetin G.İsayevaya qaytarılması barəsində göstəriş verib. Lakin, bu dəfə də C.Sadıqov başçının sözünə məhəl qoymayıb. Belə ki, məktəbə gedən İsayevlər görüblər ki, bufetin suyu, işığı kəsilib, işləmək üçün mümkünsüz vəziyyətə gətirilib. C.Sadıqov isə onlara qəti şəkildə bildirib ki, çox da özününzü yormayın, nə qədər mən burdayam siz bufet işlədə bilməyəcəksiniz.

C.Sadıqovdan edilən şikayətlərdən bezən icra hakimiyyəti problemi kökündən həll etmək üçün bufetin yerli-dibli bağlanılmasına (!) göstəriş verib. Lakin, C. Sadıqov atalar üçdən deyib prinsipini əsas tutaraq üçüncü dəfə icra başçısının göstərişinə məhəl qoymayıb. Şikayətçi bildirir ki, bufet bağlansa da fəaliyyətini dayandırmayıb. Sadəcə olaraq yeri dəyişdirilib və texniki işçilərin otağına(!) köçürülüb. İndi antisanitar şəraitdə şıdırğı alver gedir. Çünki, məktəbin yaxınlığında heç bir mağaza olmadığı üçün şagirdlərin ikinci bir seçim imkanı yoxdur. Xadimələrin süpürgələrinin, döşəməsilənlərinin arasında yerləşən “piştaxtalardan” alver etmək məcburiyyətində qalıblar.

E.İsayev bildirir ki, “bufet”də satıcılıq missiyası bu dəfə məktəbdə laborant işləyən, düz-əməlli təhsili belə olmayan Rzayeva Nigara həvalə edilib. O da olmayanda xadimələr satıcılıq edirlər. E.İsayev direktorun yeni bufetinin fəaliyyəti barədə Təhsil şöbəsinə nə qədər şikayət etsə də Validə xanım inanmayıb ki, inanmayıb.

E.İsayev bildirir ki, onu susdurmaq üçün C.Sadıqov guya onun içkili məktəbə gəlməsi barədə polisə şikayət edib. Ümumiyyətlə içki içən olmadığını söyləyən şikayətçi direktorun ona böhtan atdığını, bu yolla öz qanunsuz əməllərinə don geyindirmək istədiyini bildirir.

Ümumiyyətlə C.Sadıqovun rəhbərlik etdiyi məktəbdə istədiyini etdiyini söyləyən şikayətçi bildirir ki, hətta uşaq əməyinin istismar olunmasından belə çəkinmir. E.İsayevin bildirdiyinə görə, apardığı videoçəkilişdə azyaşlı məktəblilər bufetə mal daşıyır, ağır yeşikləri çətinliklə qaldırırlar.

E.İsayev C.Sadıqovun ümumiyyətlə pul məsələlıərində çox “həssas” olduğunu bildirir. Bufet üçün mal götürdüyü mağazaya 1000 manat borcu yaranandan sonra direktor qəflətən alınan malların keyfiyyətsiz olması qənaətinə gəlib və pulu ödəməkdən imtina edib. Belə halların çox olduğunu söyləyən şikayətçi C.Sadıqovun “halal bufet”inin hələ çox “qurban”larının olacağını söyləyir.

E.İsayev Təhsil Nazirliyinə müraciət edərək kömək istəyir. “İnanıram ki, C.Sadıqovun kənddəki “özfəaliyyətinə” son qoyulacaq. Onun fəaliyyətini ciddi araşdırsanız çox gizlinlər,qanunsuz faktlar üzə çıxacaq. Əyyublu məktəbini C.Sadıqovun girovluğundan xilas edin!”

Nicat Mahmudov
Rubrika.Az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.