Müflis bankir Eldar İsmayılov Natiq Əsgərovu necə soydu... - PREZİDENTƏ MÜRACİƏT

28-03-2019, 21:06           
Müflis bankir Eldar İsmayılov Natiq Əsgərovu necə soydu... - PREZİDENTƏ MÜRACİƏT
2016-cı ilin yanvarında Mərkəzi Bank tərəfindən lisenziyası geri alınan “Qafqaz İnkişaf Bankı” Bakı sakininin götürdüyü 12 min manat kreditə görə dəyəri 120 min manatdan çox olan mənzilini faktiki ələ keçirib. Bu misli görünməmiş soyğunçuluq barədə mənzili ələ keçirilən Natiq Əsgərovun redaksiyamıza müraciət edib.



Eldar İsmayılov

N.Əsgərov danışır ki, ABŞ-da təhsilini başa vurub Bakıya qayıdıb, 2011-ci ildə yaradıcılıqla məşğul olmağı qərara alıb və bu sahədə startap layihəsi hazırlayıb. Gəncin kifayət qədər imkanlı qohumları olsa da o qərara alır ki, layihəsini öz gücünə həyata keçirsin. Və bu məqsədlə o, “Qafqaz İnkişaf Bankı”ından 12 min manat kredit götürür. Həmin kredit çərçivəsində habelə mədəniyyət sahəsi üzrə ixtisaslamış “Amor İnfo” adlı xəbər saytını da yaradır.



N.Əsgərov kredit götürmək üçün iki otaqlı mənzilini banka girov qoymuşdu və o vaxt heç ağlına da gəlməzdi ki, cəmi 12 min manat kreditə görə bazar dəyəri on dəfə bundan artıq olan mənzilini itirəcək. Üstəlik bankdan götürdüyü krediti bir qədər gecikmə ilə olsa da geri qaytardığı halda.

Beləliklə, borclu 2011-ci il 16 fevral tarixli kredit müqaviləsi üzrə götürdüyü vəsaitin bir hissəsini geri ödəyəndən sonra ödəniş qabiliyyətini “itirir” və ödəmələri gecikdirir. Və bank borclunu məhkəməyə verir. N.Əsgərovun redaksiyamıza təqdim etdiyi qəbzlərdən görünür ki, o, 2013-cü ilin iyul ayında banka ödənişləri bərpa edir və 2014-cü ilin avqust ayına qədər banka cəmi 15.467 manat ödəmiş olur. Başqa sözlə, borclu kreditin ödənilməsini müəyyən müddət gecikdirsə də sonda götürdüyü vəsaitdən təqribən 3500 manat artıq pulu “Qafqaz İnkişaf Bankı”ına qaytarıb.



Lakin bank həmin vaxta qədər artıq borclunun ödəməli olduğu vəsaiti şişirdərək 25 min manata, daha isə ümumiyyətlə 70 min manata (!) çatdırmışdı. Və N.Əsgərovu məhkəməyə verərək onun girov qoyulmuş əmlakını (Cəfər Xəndan küçəsi, ev 42A) ələ keçirməyi qərara almışdı.

Məhkəmə isə əlbətdə, bütün digər bu kimi mübahisələrdə olduğu kimi vətəndaşın götürdüyü vəsaitdən daha artıq vəsaiti banka qaytarmış olmasını nəzərə almadan 2014-cü ilin noyabrında borclunun girov qoyulmuş əmlakının hərrac yolu ilə satılaraq pulunun banka ödənilməsi haqda qərar çıxarıb. Və borclunun banka ödədiyi məbləğlər məhkəmə protokoluna daxil edilməyib, yəni məhkəmə borclunun əslində banka borcunu qaytarmış olmasına məhəl qoymayıb.

N.Əsgərovun başına gələnlər bununla bitmir. Məlum olur ki, bu gənci hələ kredit müqaviləsi bağlayanda bankda tələyə salıblar. Onun bazar dəyəri 120 min manatdan çox olan mənzilini girov kimi cəmi 60 min manata dəyərləndiriblər. İnandırıblar ki, belə olanda krediti almaq daha asan olur. Beləliklə, məhkəmə qərarı çıxanda girov mənzilin bankda göstərilmiş dəyəri borclunun ödəməyə məhkum edildiyi vəsaitin məbləği ilə demək olar eyni idi.

N.Əsgərov məhkəmədə özünü və əmlakını müdafiə etmək üçün hüquqşünasla müqavilə bağlayır. Amma Qabil Cavadov adlı hüquqşünası bankın rəhbəri Eldar İsmayılov ələ alır. Nəticədə hüquqşünas bilərəkdən məhkəmədə iştirak etmir və etibarnamə əsasında öz nümayəndəsini məhkəməyə göndərir. Məhkəmə isə N.Əsgərovun əleyhinə qərar çıxarır.

Şikayətçi deyir ki, o anası ilə birlikdə E.İsmayılovla görüşüb borcun ödənilməsi üçün möhlət istəyəndə bankir onlardan açıq-aşkar rüşvət istəmişdi. “Dedi sənin imkanlı qohumun var, ondan al. Onu da bizə açıq şəkildə dedi ki, mənzilin müsadirə edilməsi haqda qərarın çıxarılması üçün hakimə 8 min manat rüşvət verib. E.İsmayılov bunu bizim üzümüzə, çəkinmədən dedi”-bankirin əməllərindən zərər çəkən gənc deyir.

Beləliklə, mənzil hərraca çıxarılır. Amma N.Əsgərovun dediyi kimi qurama hərraca. Çünki bu “hərracda” bazar dəyəri 120 min manat olan mənzilini sataraq sahibinə cəmi 35 min manat pul çatacağını deyiblər. Mənzilin satışından əldə olunan qalan vəsaiti isə əslində götürdüyü krediti artıqlaması ilə qaytarmış Əsgərovun “banka olan borcuna” görə ələ keçiriblər. Alıcı qismində isə görünür E.İsmayılovun öz adamı çıxış edirdi.

“Bu açıq-aşkar qurama idi və mənə məxsus əmlakın soyğunçuluqla ələ keçirilməsinə yönəlmişdi. Üstəlik həmin 35 min manatın da hamısını bizə vermədilər, 9 min manatını məhkəmə işçiləri mənimsədilər və mənə cəmi 26 min manat qaldı”-Əsgərov deyir.



Natiq Əsgərov

Şikayətçinin bildirdiyinə görə, Eldar İsmayılovun təqibləri, üzləşdikləri haqsızlıqlar və qanunsuzluqlar səbəbindən anasının səhhəti korlanıb. Nəticədə mənzilin əvəzinə onlara qalan 26 min manat da anasının müalicəsinə xərclənib.

N.Əsgərov deyir ki, məruz qaldıqları bu haqsızlıqlar, bankla çəkişmələr və əmlaklarının əlindən alınması səbəbindən anasının səhhəti korlanıb. Və ailə onun müalicəsinə 26 min manata yaxın xərc çəkməli olub.

N.Əsgərov üzləşdikləri bu qanunsuzluqlar, əmlaklarının faktiki qəsb olunması ilə bağlı hüquq-mühafizə orqanlarına, bir çox digər dövlət strukturlarına çoxsaylı şikayətlər ünvanlayıb. Rəhbərlik etdiyi saytda prezident İlham Əliyevə açıq müraciət də yazıb və ümid edir ki, nəhayət onun müraciətlərinə düzgün baxılacaq. Əllərindən alınmış əmlakı geri qaytarılacaq və həmin qanunsuzluqları törədənlər, müdafiə etməli şəxsə qarşı dələduzluq etmiş vəkil, ədalətsiz qərar çıxaran hakim, o cümlədən ləğv edilmiş “Qafqaz İnkişaf Bankı”nın rəhbəri Eldar İsmayılovun barəsində tədbirlər görüləcək.

“Mənim və ailəmizin bütün ümidi cənab prezident İlham Əliyevədir. Prezident dəfələrlə çıxışlarında vətəndaşları üzləşdikləri haqsızlıqlar barədə ona müraciət etməyə çağırıb, o cümlədən dəfələrlə haqqin.az saytında qaldırılan problemlərə müdaxilə edib və bu məsələlər müsbət həll edilib. Prezident ictimai nəzarətin vacibliyini dəfələrlə vurğulayıb. Bu günlərdə isə prezident yüz minlərlə insanın problemli kreditləri ilə məsələni həll etdi, onların devalvasiya nəticəsində artan borclarının dövlət hesabına kompensasiya edilməsi haqda qərar çıxardı. Banklara tapşırıldı ki, borcluları faiz yükü altında əzməsinlər, onların yığılıb qalan faizlərini silsinlər. Bu baxımdan ümid edirəm ki, üzləşdiyimiz bu bank soyğunçuluğu və hakimlərin ədalətsiz qərarları ilə bağlı səsimizi nəhayət eşidəcəklər”-N.Əsgərov bildirir./virtualaz.org/












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.