Paşinyanın sentyabr planı: Qarabağda niyyəti budur
3-08-2019, 09:36

Bu il sentyabrın əvvəllərində qondarma “dqr”da seçkilər keçiriləcək. Ermənistanın Baş naziri Nikol Paşinyanın əsas məqsədi odur ki, bu seçkilərdə ona simpatiya ilə yanaşan xadimlər qalib gəlsin.
Axar.az xəbər verir ki, bu sözləri politoloq İlqar Vəlizadə deyib. O bildirib ki, Paşinyanın avqustun 5-də Xankəndidə keçirəcəyi mitinqdə də əsas məqsəd məhz bundan ibarətdir:
“Paşinyan çalışır ki, gələn il qondarma rejimdə keçirilən “seçkilərdə” öz namizədinin qələbəsini təmin etsin. Çox güman ki, onun çıxışı yerli qondarma separatçı qurumun elektoratına ünvanlanacaq. Əlbəttə ki, bu, acınacaqlı haldır.
Paşinyan Azərbaycanın işğal olunmuş torpaqlarına səfər edir və orada siyasi fəallıq göstərir. Bu səfərlər təxribatçı xarakter daşıyır. Bu onu göstərir ki, Ermənistan həmin ərazilərdə hökmranlıq edir və oranı boşaltmaq niyyətində deyil. Paşinyan Azərbaycanla danışıqlar aparmaqdan boyun qaçırır. Təəssüf ki, bu cür səfərlər xarici müşahidəçilər, ATƏT-in Minsk Qrupu tərəfindən lazımi siyasi qiymət almır. Siyasi qiymət almadığı üçün də belə səfərlər, siyasi oyunlar sürətlə inkişaf etdirilir”.