TÜRKİYƏ VƏ AZƏRBAYCANI HƏDƏF ALAN PLAN İFŞA OLUNDU - Arxasında bu ölkə dayanır...
Bu gün, 09:38

Hindistan, İranla imzaladığı Çabahar limanı sazişi vasitəsilə Ermənistanla gizli bir logistika xətti quraraq Türkiyə və Azərbaycan əleyhinə bölgədə yeni bir cəbhə açır. Bu planın əsas məqsədi regionda güc balansını dəyişməkdir.
“AzPolitika” xəbər verir ki, bu barədə Çinin “Morning Post” nəşri əldə etdiyi sənədlərə əsasən məlumat yayıb.
Qeyd olunur ki, Hindistanın Ermənistanla əməkdaşlığı son illərdə ciddi şəkildə artıb. 2020-ci ildən bəri Hindistan Ermənistana 2 milyard dollardan çox dəyərində silah satıb. Bu silahlar arasında “Akash” hava hücumundan müdafiə sistemləri, radarlar, obüs topları, pilotsuz uçuş aparatlarına qarşı sistemlər və çox lüləli raket sistemləri yer alır. Hindistanlı hərbi mənbələrin məlumatına görə, Ermənistan artıq Hindistanın ən böyük silah alıcısına çevrilib.
"Hindistan mediası açıq şəkildə bildirir ki, Türkiyə və Azərbaycanın reallaşdırmağa çalışdığı Zəngəzur dəhlizi Hindistanın təşəbbüsü ilə formalaşdırılan Şimal–Cənub nəqliyyat koridorunu təhlükə altına salır. Yeni Dehlinin əsas narahatlığı ondadır ki, bu yeni dəhliz Hindistanın geosiyasi üstünlüyünü və ticarət imkanlarını zəiflədə bilər. Həmçinin, Ermənistan–İran sərhədinin zəifləməsi və bölgədə Hindistanın təsirinin azalacağı ehtimal edilir" - deyə, nəşr yazır.
Ətraflı
Bildirilir ki, Hindistan 13 may 2024-cü ildə İranla imzaladığı Çabahar limanı sazişi vasitəsilə yalnız ticarət əlaqələrini deyil, eyni zamanda geosiyasi mövqelərini də gücləndirməyə çalışır. Yeni Dehli bu liman vasitəsilə Ermənistana birbaşa çıxış əldə etməyi və Cənubi Qafqazda alternativ marşrut yaratmağı hədəfləyir. Bu plan isə Türkiyə və Azərbaycan üçün ciddi strateji təhlükə kimi qiymətləndirilir.
Son aylarda Ermənistanın Azərbaycan sərhədində — xüsusilə Laçın və Kəlbəcər istiqamətində həyata keçirdiyi təxribatlar diqqət çəkir. İnsansız hava vasitələri və atəşkəs pozuntuları bölgədə gərginliyi artırır. Nəşrin məlumatına görə, bu hücumların arxasında bəzi Qərb və Asiya ölkələrinin kəşfiyyat dəstəkləri dayanır.
Beynəlxalq təhlükəsizlik üzrə ekspertlər, xüsusilə Fransa, ABŞ və Hindistan kimi ölkələrin Ermənistanı bölgə balansını poza biləcək addımlara təşviq etməsinin bu ölkə üçün ağır nəticələr doğura biləcəyini bildirir. Analitik Biman Mukherji qeyd edir: “Türkiyə, Azərbaycan və Pakistan üçlüsünün gücləndiyi bu mərhələdə Ermənistanın bu cür dəstəklərlə avantürist siyasət yürütməsi regionda sülh üçün ciddi risklər yaradır.”
Bu açıqlamalar fonunda bölgədə baş verənlər təkcə hərbi deyil, həm də genişmiqyaslı geosiyasi qarşıdurmanın əlamətləri kimi dəyərləndirilir.
"AzPolitika.info"