Təhsil eksperti ilə DİM sədri arasında QALMAQAL: Neçə nəfərin qiymətlərində düzəliş edildi?
Bu gün, 10:48
Martın 2-si və 9-da şagirdlərin 11 illik yekun attestasiya imtahanı keçirilib.
İmtahanda ümumilikdə 115 273 nəfər iştirak edib. Onlardan müxtəlif səbəblərlə nəticələrindən narazı olan 10 980 şəxs Apellyasiya Komissiyasına müraciət edib. Araşdırmalarla 1 824-nün qiymətində düzəliş olunub.
Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, imtahan nəticələrindən narazı qalan bəzi şagirdlər hesab edirlər ki, Dövlət İmtahan Mərkəzi onların bilik və bacarıqlarını düzgün qiymətləndirməyib:
"Onlar düşünürlər ki, nəticələr yanlış yoxlanılıb və imtahan balları əsassız şəkildə aşağı göstərilib. Ən narahatedici hal isə ondan ibarətdir ki, bu şagirdlərdən biri maksimum - 300 bal toplamışdı. Lakin DİM onun balını az göstərmişdi. Yalnız həmin şəxs nəticədən narazılığını bildirdikdən sonra balı maksimum səviyyəyə qaldırılıb. Bu fakt DİM-in imtahanların keçirilməsində ciddi problemlərinin olduğunu göstərir".
Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə isə ali təhsil müəssisələrinə qəbul imtahanlarının başlanması ilə əlaqədar keçirilən mətbuat konfransında təhsil ekspertlərinə abituriyentlərin qiymətləndirilməsi prosesində iştirak etməyi təklif edib.