Stomatoloqlar nəyə etiraz EDİRLƏR?
Bu gün, 10:29

Stomatoloji xidmətlərin icbari tibbi sığorta sisteminə daxil edilməsi ilə bağlı planlaşdırılan dəyişikliklər bəzi həkimlərin narazılığına səbəb olub.
Stomatoloqlar yeni ödəniş mexanizminin qeyri-real və zərərlə nəticələnəcəyini bildirirlər.
Stomatoloq Fərid Kərimovun sözlərinə görə, hazırda müayinə üçün cəmi 5 manat ödəniş tələb olunur və bu şərtlərlə işləmək mümkündür. Lakin ödəniş əmr formasına keçərsə, stomatoloji müəssisələr üçün 1 800 manatlıq plan və min manatlıq ləvazimat xərcləri yaranacaq.
F.Kərimov qeyd edib ki, 5-6 saatlıq iş zamanı 3 000-3 500 manatlıq gəlir əldə etmək real deyil. Onun sözlərinə görə, əvvəlki qaydaların saxlanılması və 5 manatlıq talon sisteminin genişləndirilməsi daha məqsədəuyğundur. Uşaq stomatoloqlarının bir hissəsi artıq icbari tibbi sığorta sisteminə keçmək üçün müraciət edib.
Bakı üzrə isə 355 stomatoloqun mərhələli şəkildə bu sistemə keçidi planlaşdırılsa da, konkret ödəniş məbləği açıqlanmayıb. Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, son dövrlərdə stomatoloji xidmətlərin təşkili və şəffaflığın artırılması məqsədilə təhlillər aparılıb. Müxtəlif regionlarda stomatoloqların fəaliyyəti araşdırılıb və nağdsız ödəniş sistemindən yayınma halları müşahidə olunub.
Qurumun açıqlamasına görə, stomatoloji xidmətlər icbari tibbi sığorta təminatına daxil deyil və yalnız ödənişli əsaslarla göstərilir. Hazırda 149 adda tibbi xidmət bu təminata daxildir.
TƏBİB bildirib ki, məsələ hələlik yalnız təklif və müzakirə mərhələsindədir. Stomatoloqlarla keçirilən son görüşdə onların narahatlıqları dinlənilib və istənilən qərarın hüquqi əsaslarla, mərhələli şəkildə tətbiq ediləcəyi qeyd olunub.
Ətraflı Baku TV-nin süjetində: