Xocavəndin icra başçısı “qardaş təbliğatından” necə pul qazanır

22-01-2016, 21:15           
Xocavəndin icra başçısı “qardaş təbliğatından” necə pul qazanır
Bu günlərdə Qarabağ qazisi, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovun qardaşı İbad Hüseynovun şişirdilmiş təbliğatı ilə bağlı müzakirələr yenidən mətbuatın gündəminə çıxarılıb. Bu mövzuda digər bir Qarabağ qazisi, Tofiq Cəfərovun mətbuata verdiyi açıqlamalar xüsusilə ictimaiyyətin marağına səbəb olub. Öz müsahibəsində Tofiq Cəfərov hətta bu təbliğatı insan ləyaqətinə yaraşmayan bir hərəkət kimi qiymətləndirib: “İbad Hüseynovun təbliğatı ilk dəfə mənə təklif olundu. İmtina etdim, dedim ki, mən belə əclaflıq edə bilmərəm. Hələ mən Ağcabədinin Mudafiə Batalyonunun komandiri olanda, Xocavənd rayonu ərazisini, Əmiralılar, Kurapatkin və Muğanlı kəndlərini, yerli kiçik dəstələrlə və yerli polis işçiləri ilə birlikdə bizim batalyon mudafiə edib. Onda İbadı heç kim tanımayıb və belə bir könüllü əsgər olmayıb. İndi bu İbad Hüseynov ağlına gələni uydurur. İbad Hüseynovun bu yalançı təbliğatının arxasında başqa məqamlar dayanır. O, özünü qəhrəman kimi tanıdıb biznesini qorumağa çalışır...”
Məlum olduğu kimi, İbad Hüseynovun təbliğatında xüsusilə diqqət mərkəzinə çəkilən məqamlardan biri, onun guya ki, məşhur erməni qatili Monte Melkonyanı öldürməsilə bağlıdır. Lakin öz müsahibəsində Tofiq Cəfərov bu iddianın da həqiqətə uyğun olmadığını vurğulayır: “Monte alçağı kimin öldürdüyü artıq sübut olunub. Montenin olduğu UAZ-ı 708-ci briqadanın əsgərləri BMP topundan açılan atəşlə vurublar. Bu bərədə yalnız 3 gün sonra Rusiyanın “Vremya” verilişi xəbər verəndə bilindi ki, BMP ilə vurulan UAZ-da Melkonyan da ölüb. İbad isə, bu yalanları uydurmaqla, qazilərimizin və şəhidlərimizin ruhunu incidir. İbadın etdikləri döyüşçüyə, qaziyə yaraşmayan bir hərəkətdir. Bir iki belələri var, qazi adından istifadə edirlər. Yarı canını muharibədə itirənlər bunlar qədər danışmırlar. Bu təbliğatlar həm siyasi, həm də maddi qazanc üçün aparılır. Son zamanlar bir neçə Qarabağ döyüşçüsü qəhrəmanlıq xəstəliyinə tutulub. İbad da onlardan biridir. Lakin İbadın maddi durumu yaxşı olduğu üçün özünə daha yaxşı təbliğat qurub. İbad heç vaxt kəşfiyyat komandiri olmayıb və heç vaxt, ona xüsusi əməliyyat tapşırığı verilməyib. Onun söylədikləri Xususi Təyinatlı Kəfiyyat Rotasının etdikləridir...”
Təbii ki, İbad Hüseynovun şişirdilmiş təbliğatının arxasında müəyyən şəxsi maraqların durduğu danılmazdır. Və bu məqamda həmin maraqların təmsil etdiyi əsas şəxslərdən biri (bəlkə də birincisi) kimi məhz Xocavənd RİH-nin başçısı Eyvaz Hüseynovun ön plana keçməsi də tamamilə məntiqə uyğundur. Eyni zamanda da Tofiq Cəfərovun bu barədə dedikləri E.Hüseynovun öz qardaşının təbliğatından məmnun olduğunu təsdiq edir: “Bu qardaşlardan ilk tanıdığım Eyvaz müəllim olub. Eyvazla bir yerdə döyüşmüşük. Eyvazı və digər qardaşlarını mədəni adam kimi tanımışam. Ancaq bu ağıllı qardaşların İbadın hərəkətlərinə niyə göz yumduqlarını anlamıram. İbad minlərlə döyuşcümüzün haqqını mənimsəyir. Gərək onun ağıllı qardaşları İbadın belə ədalətsizlik etməsinin qarşısını vaxtında alaydılar...”
Bəli, gərək alaydılar. Amma onlar bunu etmədilər. Sual olunur niyə? Bəlkə ona görə ki, “xalq qəhrəmanının” qardaşı olaraq, rayonda başçı işləmək daha asandır? Bəlkə ona görə ki, qəhrəmanın qardaşının bəzi əməllərinə göz yumulacağı ehtimalı daha yüksəkdir? İstənilən halda, son vaxtlar daha çox qınaq obyektinə çevrilmiş İbad Hüseynovla müqayisədə məhz Eyvaz Hüseynov bu “qardaş təbliğatından” daha karlı çıxan tərəf kimi qeyd oluna bilər. Bu isə aşkar həqiqətdir ki, hər hansı bir əməldən daha çox mənfəəti olan şəxs də, əksər hallarda məhz elə bu əməlin təşkilatçısı olmuş olur...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.