Niyə Ermənistan özünü “sığortalanmış” hesab edir?.. - TƏHLİL
22-10-2020, 09:19

Bəli, böyük ehtimalla İkinci Qarabağ savaşının ən dəhşətli və yaxud da ən qara səhifəsi rayonlarımızın və şəhərlərimizin, xüsusən də Gəncənin raket atəşinə tutulması oldu.
Gəncənin aramsız raket atəşinə tutulması nəticəsində onlarla dinc insan həlak oldu ki, bunun da dördü məktəbli idi.
Düşmən raket hücumu üçün bir qayda olaraq gecə vaxtlarını seçirdi ki, insanlar arasında təlafat daha çox olsun. Aydındır ki, düşmənə qarşı ən adekvat cavab ya atəş nöqtələrinin darmadağın edilməsi və yaxud da ki, onun şəhər və kəndlərinə simmetrik cavab atəşləri ola bilərdi.
Amma məlum olduğu kimi, burada müəyyən nüanslar var ki, onlar Azərbaycanın cavab hərəkətlərini məhdudlaşdırırdı.
Düşmən belə güman edirdi ki, Azərbaycan raket hücumlarına cavab verəcək və Ermənistanın ərazisini raket atəşinə tutacaq ki, bu da ona dünya birliyinə, ən əsası da KTMT ölkələrinə və Rusiyaya müraciət etmək üçün zəmin yaradacaqdır.
Doğrusu, biz dəqiq bilmirik ki, KTMT ölkələri, xüsusən də Rusiya hansı qərarı qəbul edərdi, amma təxmin etməyə çalışırıq.
Məlum olduğu kimi, müharibənin gedişində Rusiyanın prezidenti Vladimir Putin dəfələrlə bəyan etdi ki, savaşın Azərbaycan ərazisində getməsi KTMT bura qarışması üçün hər hansı əsas qoymur və bununla bağlı müzakirə açmaq üçün belə predmet yoxdur.
Amma burada başqa bir, özü də çox ciddi məqam var. Doğrudanmı KTMT-yə üzvlük Ermənistana Azərbaycanın kəndlərini, rayonlarını və şəhərlərini öz ərazisindən raket atəşinə tutmaq üçün (bilərək ki, Bakı buna cavab verməyəcəkdir!) əsas və yaxud da haqq-hüquq verir?
Razılaşın ki, məsələnin hətta bu cür qoyuluşu, yumşaq şəkildə desək, tamamilə gülüncdür, ən azı ona görə ki, hər bir dövlət, onunla düşmən olan dövlətin hansısa hərbi alyansın üzvü olmasından asılı olmayaraq belə öz ərazi bütövlüyünü və yasuverenliyini müadifə etmək haqqına və hüququna malikdir. Digər dövlətlər də bu və ya başqa alyanslar yaradarkən belə məqamları nəzərə almalıdırlar, çünki indi 21-ci əsrdir və alyanslar, hərbi ittifaqlar, ən azı formal olaraq, kimisi təhdid etmək üçün yox, daha çox müdafiə məqsədilə yaradılır.
Burada ən qorxulusu budur ki, ermənilər bundan çox “uzaga gedən” nəticələr çıxara bilərlər. Biz əminik ki, müzəffər ordumuz təkcə işğal olunmuş ərazilərimizi yox, ümümumiyyətlə, bütün Qarabağı azad etmək əzmindədir.
Amma bununla müharibə tamamilə dayanacaqmı? Şəxsən biz buna şübhə edirik və düşünürük ki, Ermənistan bizim sərhədlərimiz boyunca yenə də öz hərbi təxribatlarını davam etdirəcək, çünki onlar belə düşünür ki, KTMT-yə üzv olmaları onları Azərbaycanın cavab zərbələrindən bir növ sığortalayır.
Sual oluna bilər: bəs onda biz nə etməliyik? Bu sualın ən yaxşı cavabı başqa bir sualın cavabındadır: niyə görə İrəvan, məsələn, öz raketlərini Türkiyəyə tərəf tuşlamır? Məsələ bundadır ki, Ankara ona bu cür nadincliyi qəti bağışlamaz və ona elə bir cavab verər ki, ermənilər əsrlər boyu bunu unutmazlar...
Odur ki, biz KTMT ölkələrilə, xüsusən də Rusiya ilə danışıqlar aparmalı və vəziyyəti onlara başa salmağa çalışmalıyıq.
Burada söhbət bilavasitə Azərbaycanın milli müstəqilliyinin təmin olunmasından gedir. KTMT ölkələri və xüsusən Rusiya belə bir məqamı nəzərə almalıdırlar ki, İrəvanın bu cür addımları Azərbaycanı başqa hərbi birliklərə qoşulmağa və yaxud da alternativ hərbi birliklər - bloklar yaratmağa sövq edə bilər ki, bu da onun özəl hüququdur.
Burada KTMT ölkələrilə ikitərəfli danışıqlar da çox önəmli ola bilər, ən azı ona görə ki, onların hamısı ilə bizim sıx dostluq əlaqələrimiz var. Biz hələ türk amilini xatırlatmağa ehtiyac duymuruq.
Bəli, bu rusiyayönümlü Mərkəzi Asiya ölkələri Azərbaycana bir azacıq tərəddüdlə yanaşırlar.
Lap əvvəllər, 90-cı illərin əvvəllərində burada gedən demokratik proseslər onları ehtiyatlandırırdı. İndi isə onları çəkindirən Azərbaycanın apardığı müstəqillik yolu və çox incə geosiyasi kursdur. Mərkəzi Asiya ölkələrinin insanları, xüsusən də gəncləri və ziyalıları həmişə Azərbaycana maraq göstəriblər və buradan görüb -götürməyə çalışıblar, çünki bura Avropaya daim daha yaxın olubdur.
Biz bunları kimdənsə eşidərək və yaxud da hansısa apriori mühakimələrdən çıxan nəticə kimi demirik, bunlara bu vaxtadək iştirak etdiyimiz bir-iki beynəlxalq seminarın gedişində əmin olmuşuq.
Belədə isə, bu cür kontaktların və məsləhətləşmələrin bizim üçün hansısa bir təhlükəsi yoxdur, onlar bizim üçün hansısa ziyan və yaxud da çətinlik yarada bilməz, əksinə münasibətlərimizi daha da dərinləşdirər və qarşılıqlı etimadı artırar...
üseynbala Səlimov \\musavat.com\\