Xəlvətdə qalan Astaraya kimlər bəylik edir? - Başçıdan keçmiş "zek" dostuna sədaqət
28-01-2016, 11:55
Bir xeyli əvvəl Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi Masallı rayonunda əməliyyat keçirmişdi. Həmin əməliyyat nəticəsində Masallı Şəhər İcra Nümayəndəliyinin rəhbəri Laçın Sadıqzadə vətəndaşlardan birindən rüşvət alarkən, yaxalanmışdı.
JAM.AZ xəbər verir ki, İdarə Laçın Sadıqzadə ilə bağlı 4 ay istintaq apardıqdan sonra onun törətdiyi cinayəti sübut edərək, işləri məhkəməyə göndərimişdi. Lakin məhkəmə gözlənilmədən sabiq icra nümayəndəsini zaldaca azad edərək, buraxmaqla işini yekunlaşdırmışdı.
O zaman çoxlarında belə bir təəssürat yaranmışdı ki, Laçın Sadıqzadənin törətdiyi əmələ rəğmən, bu şəkildə azad edilməsi hansısa sehirli əlin sayəsində mümkün olub. Amma bir qədər sonra belə xəbər yayıldı ki, Laçın Sadıqzadəni həbsdən qurtarmaq üçün yaxınları məhkəməyə guya, 500 min manat pul veriblər.
Qeyd edək ki, ilk baxışdan bu inandırıcı gəlməsə də, sonradan Sadıqzadənin geniş imkanlara malik olduğu üzə çıxdığından deyilənlərlə bağlı şübhələr artmağa başladı. Çünki o zaman Masallının icra başçısı olmuş Qəzənəfər Ağayevin (hazırda Astaranın icra başçısıdır-red.) ən yaxın ortaqlarından sayılan Laçın Sadıqzadənin uzun müddət həbsdə qalması elə icra başçısının özünə də sərf etmirmiş. Çünki «su qaldıqca iylənər» prinspinə sadiq olan Ağayev biznes ortağını oradan çıxarmaq məcburiyyətindəymiş.
JAM.AZ xəbər verir ki, Laçın Sadıqzadə faktiki olaraq, çox böyük biznesmen olmaqla yanahı, həm də Masallıda zəbt etmədiyi ərazi, işlətmədiyi obyekt qalmayıb. Məsələn, rayonun mərkəzi küçələrindən biri olan Qarabağ küçəsindəki bütün obyekt və gözəgəlimli mənzillər məhz sabiq icra nümayəndəsinə məxsusdur.
Amma o da inandırıcı deyil ki, Sadıqzadənin təkbaşına bu qədər imkanları ola bilməz. Çünki bir icra nümayəndəsinin rayonun mərkəzində onlarla obyekt almaq gücündə olması real görünmür. Düzdür, sözügedən şəxs vəzifə başında olarkən Masallıda satmadığı torpaq, obyekt qalmamışdı. Ancaq bütün bunları təkbaşına etmirdi və icra başçısının da payı vardı. Belə olan təqdirdə, Sadıqzadənin gözlənilmədən yenidən parlayaraq, səhnəyə qayıtması səbəbsiz deyil.
JAM.AZ-a çatan məlumatlara görə, həbsdən çıxdıqdan sonra onu dəstəkləyən Qəzənfər Ağayev yenidən bütün biznesini Laçına həvalə edib. İddialara görə, hazırda Masallıda və Astaradakı bütün biznes sahələrinin işlədilməsini həyata keçirən sabiq icra nümayəndəsi biznes sahəsində icra başçısının şərikinə çevirilib. Nəticədə, təkcə Masallıda deyil, Astara, Lənkəran və Bakıda da bir sıra imkanlara sahiblənib.
Ancaq işin bir maraqlı tərəfi daha var. JAM.AZ-a çatan bəzi məlumatlara görə, Laçın Sadıqzadə yenidən vəzifə başına keçməyə hazırlaşır. Və bu işdə ona Qəzənfər Ağayevin yaxından kömək etdiyi deyilir. Lakin korrupsiya maddəsi ilə 4 ay həbsdə yatmış birini yenidən necə və hansı sifətdə vəzifə başına qaytaracaqları xeyli maraqlıdır.
Qarşı tərəfi dinləməyə hazırıq.
teref.az