SOS! İsmayıllıda ikinci üsyan qoxusu

4-05-2015, 01:08           
SOS! İsmayıllıda ikinci üsyan qoxusu
İsmayıllıda Ələkbərovların kadrları yenə də iş başındadır və qisas almaq üçün fürsət axtarılır
ismayıllıHünəri olmayan adamlar gövdəsi olub kölgəsi olmayan Muğilan ağacı kimi faydasız olarlar, özlərindən başqa heç kimsəyə xeyir verməzlər. Əsil-nəsəbli adamlar sənət və hünər sahibi olmasalar da, əsil-nəsəblərinə görə başqalarının yanında hörmətdən məhrum olmazlar. Pisi odur ki, nə cövhərin ola, nə hünərin!
2013-cü il məlum İsmayıllı hadisələrindən 2 ildən artıq vaxt keçməsinə baxmayaraq bu hadisələrin baş vermə səbəbi hələ də cəmiyyətdə xeyli cavabsız qalmış sualların səslənməsinə səbəb olub. Mən bu hadisələrə öz baxış bucağımdan yanaşmaq qərarına gəldim. Mövzuda adları çəkilən istənilən sıravi və vəzifə sahiblərinin, hətta sabiqlərin də fikir və mülahizələri üçün yer ayırmağa tam şəkildə hazıram. Əcaba nə baş verdi ki, bu hadisələr gündəmə gəldi?Sabiq icra başçısı Nizami Ələkbərov 2006-ci ildən İsmayıllıya rəhbərlik edirdi. Sakit təbiətli, az danışıb çox dinləyən başçı bütün səlahiyyətlərini inandığı, ancaq pula görə cəmiyyəti hər an ayaqaltı etməyə hazır olan müavinləri, şöbə müdirləri və sairlər arasında bölüşdürmüşdü. Başçı bu hərəkəti ilə belə təəssürat yaratmaq istəyirdi ki, özü çox etik bir şəxsdir və baş verənlərdən xəbəri yoxdur. Çox təəssüf ki, sapı özümüzdən olan baltalar başçıya deyirdilər ki, sən heç narahat olma, kabinetində sakitcə mürgülə, kənd və qəsəbələrdə, formal qəbullarını keçir, bizlər isə sizə lazımı miqdarda pulu toplayıb təhvil verəcəyik.
Bu məsələlərdə baş rolda sabiq memarlıq şöbəsinin müdiri Mirələsgər Seyidov və icra başçısının sabiq birinci müavini Rafayel Əhmədov dayanırdı. Bu şəxslərə tikinti məsələləri, həyətyanı ərazidə hər hansı tikinti aparmaq üçün gəzib pul toplamaq tapşırılmışdı. Mirələsgər Seyidov xeyli sayda insanların evlərini uçurdu, xeyli sayda sahibkarlara ziyan vurdu. Xeyli sayda insanları polisdə, prokurorluqda incidilməsinə, təhqir olunmasına səbəb oldu. Ancaq özünü hörmət-izzət sahibi kimi cəmiyyətə təqdim edən Nizami Ələkbərovdan xəbər çıxmadı. Məsələ burasında idi ki, başçı və onun yaxın qohumu olan Mirələsgər Seyidova kordinatları elə yerlilər verirdi. Bu zamanda nə qədər şəxs vəzifə imkan var sahibi oldular?
Nizami Ələkbərovun digər sektorda maliyyə məsələlərinə baxan şəxs onun sosial iqtisadi məsələlər üzrə müavini olan Rövşən Ağayev idi. Bu adamın işi hər ay bələdiyyə, icra nümayəndələrindən, idarə və müəssisə rəhbərlərindən haqq yığıb başçıya çatdırmaq idi. İsmayıllıda Qarabağ əlillərinə, tikilib təhvil verilən mənzillərə görə hər əlildən 3000-5000-8000 min manat pulu da əlillər cəmiyyətinin sədrinin əli ilə Rövşən Ağayev alıb Nizami Ələkbərova ötürmüşdü. Bu məsələ ilə bağlı Çernobıl əlili KİV-ə müraciət edərək, prezidentdən Rövşən Ağayevə vermək üçün borc olaraq, 8000 min manat pul istəmişdi. Hazırda həmin əlilə hələ də ev verilməyib. Bələdiyyələrə dövlət tərəfindən ayrılan dotasiyaların demək olar ki, hamısı onların əlindən alınıb Nizami Ələkbərova verilirdi. Bütün bunları sapı özümüzdən olan balta Rövşən Ağayev edirdi. Hazırda son bələdiyyə seçkilərində kənarda qalmış sabiq bələdiyyə sədrləri bu deyilənləri təsdiq edir. Həmin dövrdə rayonda açıq özbaşnalıq var idi. Rüşvətsiz bir arayış da almaq olmurdu. İsmayıllı meşələri açıqca talan olunurdu. Tikintiyə ayrılan vəsaitlər mənimsənilirdi. Bütün vəzifələrdə çalışan məmurlar dövləti yox, şəxsi mənafeyini və cibini düşünürdü.
İsmayıllıda kadr işlərinə Milli təhlükəsizlik nazirliyinin İsmayıllı şöbəsinin rəisi Aydın Piriyev baxırdı. Vəzifəyə yüksəlmək istəyənlər əvvəlcə bu şəxsin bığının altından keçməli idilər. Aydın Piriyev rayonda iş adamlarına qənim kəsilmişdi. Bazarda şor satandan da rüşvət yığılırdı. Rayon ərazisində yerləşən tikinti materialları satan bütün şəxslər mtn-nin şöbə rəisinə aylıq haqq verməli idilər. Mədəniyyət şöbəsində işləyən şəxs qeyd edir ki, Aydın Piriyev hər həftənin 2-ci günü rayon mədəniyyət və turuzm şöbəsinin müdirindən haqq alırdı. Sabiq bələdiyyə sədri qeyd edir ki, Aydın Piriyev şəxsən ondan bələdiyyə sədri olmaq üçün 7000 azn rüşvət alıb. Baxın dövlətin təhlükəsizliyinə nəzarət etməli olan şəxs, əslində insanlarda dövlətə qarşı ikrah hissi oyadır. Aydın Piriyev az vaxtda bahalı avtomobil, Buynuz kəndində villa və sairlər əldə etdi. Yəqin belə fəaliyyətinə görə vəzifəsi böyüdülərək Lənkəran şəhərinə rəis təyin olundu.
Rayonda 10 saylı yol istismarı idarəsinin müdiri, Məhəmməd Musayev Nizami Ələkbərovun ən yağlı tikəsi idi. Bu yaxınlarda müdirin qohumlarından biri mənə söyləyir ki, Məhəmmədin 50 milyondan yuxarı pulu var. Yollara yamaq vurmaqla milyonları silən bu şəxsin bu qədər pulunun olması təbiidir. Ona görə ki, yol idarəsinin həmən dövrdə, hazırda da ağır texnikaları şəxsi adamların sərəncamında günü 500- manata işlədilir. Hazırda Məhəmməd müəllim rayonun mərkəzində, Bakıda və sair yerlərdə dəyəri milyonlarla olan obyektlərə sahibdir. Təəssüflə qeyd ediləsi hal bundan ibarətdir ki, bütün baş verənlər hüquq-mühafizə orqanlarının gözü qarşısında baş verirdi. Həmin dövrdə, rayon icra hakimiyyətinin qanunsuz fəaliyyətinə görə bir neçə məhkəmə qətnaməsi çıxarıldı və sahibkarlara vurulmuş ziyan ödətdirildi. Bu hal öz növbəsində cinayət işinin açılması üçün əsas olsa da nədənsə rayon prokurorluğu susdu. Burada prokurorluq vəzifə səlahiyyətindən sui-istifadə və sair maddələr ilə cinayət işi aça bilərdi. Ancaq bütün vaxtlarda Mirələgkər Seyidov əziz adam kimi süfrənin başına keçirilərək əzizləndi.
Hələ də vaxt var, cinayət təqibi üçün qanunda nəzərdə tutulmuş vaxt sona çatmayıb. Ancaq inanmıram ki, prokurorluq orqanları bu cəsarətdə olsunlar. Vaxtı ilə sabiq nazir Füzuli Ələkbərov İsmayıllıda 2 sahibkar ilə üz-üzə dayanmışdı. Hadisələrdən sanra həmin sahibkarların ikisi də uzun müddətli həbsə göndərildi. Bu hadisələrdə fəaalıq edən şəxslər hələ də azadlıqda və yağlı postlarında əyləşiblər. Bu hadisələrdə günahkarlar azadlıqda, günahsızlar isə zakazla həbsə göndərildi. Bəli, hadisələr ona görə baş verdi ki, məmurların özbaşnalığı, kütləvi talan, insanların son tikəsinin əlindən alınması onları bezdirmişdi. İsmayıllıda hüquqsuzluq indi də davam etməkdədir.
Hazırda Nizami Ələkbərovun kadrları yenidən rayonda qarşıdurma yaratmaq üçün fəaliyyətdədirlər. Bu adamları yalnız şəxsi büdcəsi maraqlandırır. Kənardan baş verənlər şəffaf görünür, kimin nə işlə məşğul olması, kimin əlinə oynaması gözəl görünür. Nə qədər ki, adları çəkilən məmurlar haqda tədbir görülməyəcək, kölgədə qalan şəxslər dindirilməyəcək, yeni hadisələrin baş verməsi qaçılmaz olacaq. Bunu hamı bilməlidir ki, hazırda İsmayıllıdan qisas almaq üçün fürsət axtarılır. Əlində milyonlarla rüşvəti hazır tutub buraya çevriliş edib başçı gəlmək istəyənlər var. İsmayıllıda Ələkbərovların kadrları yenə də onlarla işbirliyindədir. Buna görə də rəsmi qurumlar ayıq-sayıq olmalıdırlar. Hüquq-mühafizə orqanları diqqətli olmalıdırlar. Köhnə kadrlardan yaxa qurtarmağın vaxtıdır. Yoxsa hər şey alt-üst ola bilər. Əslində İsmayıllı hadisələrinə düzgün qiymət verilməyib. Qurama işlərlə günahsız insanlar həbsə atılıblar. İnanıram ki, bu hadisə ilə bağlı gələcəkdə yenidən məhkəmə qurulacaq və bütün hamı orada yenidən dindiriləcək. Onda bilirsiniz nələr ortaya çıxacaq? Bunu hələ deyə bilmərik. Çünki yaxşı bir deyim var. Desəm öldürərlər, deməsəm ölləm. Ancaq zamanında hər şey aydın olacaq.
cumhuriyyət az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.