İsrailli sərnişinlərin olduğu təyyarə bu ərəb ölkəsinə məcburi eniş etdi - Necə qarşıladılar?
30-08-2023, 08:08

İsrailli sərnişinləri daşıyan "Air Seychelles" şirkətinə məxsus təyyarənin ötən gecə Səudiyyə Ərəbistanının Ciddə şəhərində məcburi eniş etdiyi bildirilib.
Publika.az xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada bildirilib. Açıqlamada israilli sərnişinlərin Ciddə hava limanında bir oteldə gecələdiyi qeyd edilib.
İsrail mediası 128 israilli sərnişini daşıyan təyyarənin Ciddəyə enişinin "texniki problem" səbəbindən "plansız" eniş olduğunu bildirib. Təyyarənin Səudiyyə Ərəbistanı torpaqlarına enməsinə səbəb olan “texniki problemin” təfərrüatları nə İsrail Xarici İşlər Nazirliyi, nə də "Air Seychelles" aviaşirkəti tərəfindən paylaşılmayıb.
Digər tərəfdən, İsrail mediası sərnişinlərlə Ciddədə "çox nəzakətli" rəftar edildiyini və "lüks qonaqlama" ilə qarşılandığını bildirib. “Yediot Ahronot” qəzetinə hadisə ilə bağlı müşahidələrini bildirən təyyarədə olan israilli sərnişin “səudiyyəlilər bundan daha nəzakətli ola bilməzdilər” ifadələrini işlədib.
İsrailli sərnişinlərin Ciddədən Təl-Əvivə uçuşlarının təsdiqlənməsi ilə ilk dəfə Səudiyyə Ərəbistanından İsrailə birbaşa uçuş həyata keçirilib. Ötən il Ər-Riyad administrasiyası İsrail uçuşlarında öz hava məkanından istifadəyə icazə verdiyini açıqlamışdı. Bu açıqlama ABŞ prezidenti Co Baydenin Səudiyyə Ərəbistanına səfəri ərəfəsində verilmişdi.