Şamaxı icra hakimiyyətinin ağ yalanı: kimi və niyə aldadırlar? - təfsilat
6-07-2016, 11:25
Şamaxı rayon icra hakimiyyəti ictimaiyyəti aldatmağa cəhd edib
Bir müddət öncə saytımızda "Şamaxılı fermerlərdən aksiya xəbərdarlığı” başlıqlı yazı dərc etmişdik (yazıya burda bax: http://politika.az/karusel/16428-shamaxili-fermerlerden-aksiya-xeberdarligi.html)
Bu yazıda Şamaxıdan olan fermerlər Toğrul Salahov, Əzizbaba Fətullayev, Vahid Əhmədov, Ağamikayıl Cəbrayılov və Məzahir Hacıyevin üzləşdikləri problemlərdən bəhs olunmuşdu. Belə ki, Politika.Az-a açıqlama verən sahibkarlar bidirirlər ki, Şamaxı rayon İcra Hakimiyyəti onların başına oyun açır, imkanlarını genişləndirməyə şərait yaratmır. Onlar bildirirlər ki, dəfələrlə Kənd Təsərrüfatı Nazirliyində olublar, müvafiq dövlət qurumlarına şikayət ediblər, lakin heç bir xeyri olmayıb. Bizim şikayətləri hər dəfə İcra Hakimiyyətinin ərazi idarəetmə şöbəsinin müdiri Sərdar Ömərova göndərirlər. O da həmin şikayətin üzərinə bildiyi kimi yazıb, yuxarılara başqa məlumat verir. Axı, mənim şikayətim elə Sərdar Ömərovdandır. Sərdar Ömərovun 25 yaşlı oğlunun qoyun sürüləri var. «Onun yaylaq, qışlaq sahələri hardandır? Biz illərdi əziyyət çəkirik, amma bu qədər imkana sahib ola bilmirik. Amma bir məmur qısa müddətdə ən yüksək imkanlara malik olur. Bunu necə edirlər, məlumdur».
Fermerlər həmçinin Politika.Az-a bildiriblər ki, Şamaxıda əkin sahələrinin bir çoxunun təyinatı dəyişdirilib. Həmin yerlərdə yerli məmurlar özlərinə restoranlar, istirahət mərkəzləri və ya bahalı villalar inşa ediblər: “Şamaxıda yaylaq və qışlaq sahələrinin çoxu zəbt olunub. «Şamaxıda yaylaq və qışlağı icarəyə götürmək üçün ən azı 5000 manat pul lazımdır. Halbuki bu torpaqlar heyvandarlıqla məşğul olan fermerlərə icarəyə verilməlidir. Rüsum banka köçürülməlidir, daha şəxsi ciblərə yox». Bütün bunlardan təngə gələn fermerlər əgər şikayətlərinə baxılmazsa, dinc aksiya keçirmək məcburiyyətində qalacaqlarını bildirmişdilər.
Sözügedən yazı saytımızda dərc olunduqdan sonra elektron poçtumuza aşağıdakı məzmunda yazı daxil oldu: “Bir qrup sahibkarın müraciəti ilə əlaqədar Şamaxı Rayon İcra Hakimiyyəti Başçısının tapşırığı ilə komissiya yaradılmış və şikayətçi Toğrul Salahovun iştirakı ilə araşdırma aparılmışdır. Adları qeyd olunan digər şikayətçilər araşdırmaya dəvət olunmalarına baxmayaraq yoxlamada iştirak etməkdən imtina etmişlər. Yoxlama zamanı şikayətçinin əsassız olduğu aşkarlanmış və onun iştirakı ilə akt tərtib olunmuşdur. Həmçinin bildiririk ki, qış otlaq sahələrində balıq saxlanması və qanunsuz əkin aparılması müşahidə edilməmişdir. 24 iyun 2016-cı il tarixdə müraciət müəllifləri RİH-nin başcısı tərəfindən qəbul edilmiş, onların şikayətləri dinlənilmiş və sonda onlar razı qaldıqlarını bildirmişlər”.
Biz KİV haqqında qanuna uyğun olaraq qarşı tərəfin mövqeyi kimi bu mətni də dərc etdik. Amma Şamaxı rayon icra hakimiyyətinin ictimaiyyət və media ilə əlaqələrinə məsul şəxslərin nəzərinə çatdırırıq ki, bu kimi mətnlər partizansayağı, imzasız deyil, icra hakimiyyətinin adından, açıq ünvanla və rəsmi qaydada göndərilməlidir. Bundan başqa məsələ yazılanları təkzib etmək və ya problemin həll olunmasını yazmaqla bitmir. Gərək problem gerçəkdən həll olunsun. Məsələ bundadır ki, icra hakimiyyəti adından göndərilən məlumatları araşdırmaq üçün şikayətçi fermerlərdən biri Toğrul Salayevlə əlaqə saxladıq. Sahibkar onları nə kiminsə qəbul etmədiyini, nə də problemlə heç kimin maraqlanmadığını bildirdi. Belə çıxır ki, Şamaxı rayon icra hakimiyyətində məsələlər elə kağız üzərində həll olunur. Ancaq medianın işi yalnız rəsmi mövqeyi dərc etmək deyil, həm də gerçəkliyi araşdırıb ortaya qoymaqdır. Hazırki gerçəklik isə ondan ibarətdir ki, Şamaxı rayon icra hakimiyyəti ictimaiyyəti aldatmağa cəhd edib. Ancaq bu dəfə alınmadı cənablar...
Qarşı tərəfi də dinləməyə hazırıq.