Qara dəniz donanmasının komandanı istefa verib?
19-02-2024, 12:14
Rusiyanın Qara dəniz donanmasının komandanı, admiral Viktor Sokolovun istefa etdiyi bildirilir.
Modern.az-ın xəbərinə görə, bu barədə Kremlə yaxın olan blogerlər məlumat yayıb.
Britaniya hərbi kəşfiyyatı istefanın Ukraynanın Rusiya gəmilərinə uğurlu hücumlarının nəticəsi olduğunu bildirib. Qeyd edək ki, Sokolovun sələfi admiral İqor Osipov da eyni səbəbdən vəzifəsini itirmişdi.
Kəşfiyyatın məlumatına görə, admiral Sokolovun vəzifədən uzaqlaşdırılmasına onun donanmaya rəhbərlik üsulları da təsir göstərə bilər.
Rusiya Müdafiə Nazirliyi Sokolovun istefasını rəsmən təsdiqləməyib. Blogerlər yazır ki, böyük ehtimalla onun vəzifəsini komandirin keçmiş müavini, vitse-admiral Sergey Pinçuk icra edir.
Britaniya kəşfiyyatının məlumatına görə, kadr dəyişikliyi ən azı 14 fevral hadisələri ilə bağlı daxili təhqiqat başa çatana qədər elan edilməyə bilər. Qeyd edək ki, həmin tarixdə Rusiyaya məxsus “Sezar Kunikov” adlı böyük desant gəmisi Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus pilotsuz təyyarələrin hücumu nəticəsində batıb.