“Apple” kütləvi ixtisar etdi: Ən azı 600 nəfər işdən çıxarıldı!
5-04-2024, 16:44
“Apple” kütləvi ixtisar etdi: Ən azı 600 nəfər işdən çıxarıldı!
“Apple”in son uğursuz layihəsi olan elektrikli “Apple Car”, ləğv edildikdən sonra hələ də bəzi problemlər yaradır. Şirkət bu departamentdəki mühüm adları süni intellekt layihəsinə transfer etsə də, bir müddətdir gözlənilən addım atılıb.
İndex.az xəbər verir ki, şirkət 600-dən çox əməkdaşını işdən çıxarıb.
Əslində bu vəziyyətin çox da sürpriz olmadığını deyə bilərik. Çünki Kaliforniyadakı qanuna görə, şirkətlər kütləvi şəkildə ixtisar edəcəklərsə, işçilərə və əyalət nümayəndələrinə 60 gün əvvəl xəbərdarlıq etməlidirlər.
Elektrikli avtomobil layihəsinə təxminən 10 milyard dollar xərclədikdən sonra “Apple”in uğursuzluğu və layihəni ləğv etməsi şirkətə ciddi zərər vurmuş kimi görünür. Bu itkini qısa müddətdə bərpa etmək mümkün olmasa da, ixtisarlarla yanaşı xərcləri də müəyyən qədər minimuma endirəcək.
“Apple Car” layihəsində ümumilikdə 2000 nəfər çalışırdı və bu komandadan bir neçə nəfər süni intellekt komandasına daxil edilib. Bəzi işçilərə də mövcud açıq vəzifələrə müraciət edə biləcəkləri bildirilib və onlara 90 gün vaxt verilib. Lakin bu şəxslərin başqa vəzifələrdə təcrübəsi yox idi.
Belə olan halda, işçilərin bir çoxu artıq işsiz qalmışdı. 60 günün tamamlanması ilə “Apple” indi 600-dən çox işçisini tamamilə işdən çıxarıb. Yaxın günlərdə bu rəqəmin artıb-artmayacağı hələlik məlum deyil.