Siyasətlə başlayıb, data alimi oldu

19-05-2024, 09:23           
Siyasətlə başlayıb, data alimi oldu
Bakı Atatürk liseyində təhsil alıb. Bir bakalavr, iki magistr dərəcəsi var. Bakalavr təhsilini ADA-da beynəlxalq münasibətlər ixtisası üzrə alıb, qırmızı diplomla bitirib. İlk magistr təhsili Duke Universitetinin beynəlxalq ətraf mühit siyasəti ixtisası üzrə alıb. İkinci magistr təhsilini ABŞ-nin Nyu-York ştatında Sirakuz Universitetinin nəzdində olan ESF-nin tərkibində Meşəçilik və ətraf mühit kollecində alıb. Həmin universitetdə elmi işçi olaraq fəaliyyət göstərib. Hazırda ABŞ-nin Sent-Luis Universitetində metan qazının aşkarlanması üzrə tədqiqat köməkçisidir. Müsahibimiz Azərbaycanda yaradılan "İstiqbal-1" dron layihəsinin həmmüəllifi, innovasiya və sahibkarlıq sahəsi üzrə Gənclər üçün Prezident mükafatçısı, gənc Avropa səfiri Suat Muradovdur.

Müsahibimiz bildirir ki, universitetə hazırlaşan dövrdə ya mühəndislik, ya da siyasət üzrə təhsil almaq istəyib. Sonda ikincini seçib: "ADA-da təhsil alanda 2016-cı il idi. O dövrdə münaqişələrin, əsasən də Qarabağ məsələsinin həll edilməsini istəyirdim. Münaqişələrin həlli dövlətlərarası olduğu üçün düşündüm ki, bu sahədə ən yaxşı təhsil verəcək universitet ADA-dır. Həmişə riyaziyyata, statistikaya, fizikaya marağım olduğu üçün mühəndislik sahəsinə də qəbul ola bilərdim. Amma bu sahədə yaxşı təhsil müəssisəsi görmədim. Düşünürəm ki, hər zaman sahəni dəyişmək mümkündür. Əsas başlamaq və nəyin daha uyğun olduğunu görməkdir”.

Suat oxuduğu sahə üzrə daim aktiv fəaliyyətdə olub: "Beynəlxalq münasibətlər istiqamətində təhsil alarkən 2019-cu ildə Avropa Parlamentində Gənclər Fondunun dəstəyi ilə bir aylıq təcrübə keçdim. Müəyyən məktubların, press-relizlərin hazırlanması ilə tanış olurduq, nələrin baş verdiyinə şahidlik edirdik, iclaslara baxırdıq. Lobbi fəaliyyətini daha fərqli təsəvvür edirdim, əslində isə alınan və satılan imiş. Avropadakı tolerantlıq dedikləri qədər deyilmiş.

Beynəlxalq tədbirlərində aktiv iştirak etdiyim təşkilatlardan biri də İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun Bakıdakı yerli komitəsi idi. Onların "Beynəlxalq İƏT Modeli 2019”, "Voluntest 2020”, "Beynəlxalq Gənclik Düşərgəsi 2021” tədbirlərində iştirak etmişəm. Ən yaddaqalan təcrübəm könüllü fəaliyyətinə görə "Voluntest 2020”də Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasını təmsil etməyim və qalib olmağım idi. Bundan əlavə, 2018-ci ildə Gənc Avropa səfiri seçildim. Uzaq Şərqdə səfir olmaq istəyərdim. Çünki Uzaq Şərqdə, Çində Azərbaycanla az adam maraqlanır”.

Suat magistr təhsilini iqlim, ətraf mühit məsələləri istiqaməti üzrə alıb: "Uşaqlıqdan iqlim məsələləri mənim üçün maraqlı olub. Bu səbəbdən, Duke Universitetinin Kunşan filialında ətraf mühit siyasəti ilə bağlı iki il təhsil aldım. Bir semestr də Durham filialında oxudum. Üç semestr Çində, bir semestr ABŞ-də idim. ESF-də ikinci magistratura təhsilimi almışam. Nyu-York ştatında Sirakuz Universitetindən sonra ikinci məşhur universitetdir. ESF əvvəllər onun tərkibində meşəçilik və ətraf mühit kolleci olub, sonradan Nyu-York Ştat Universiteti tərəfindən alınıb. Biz həm Sirakuz Universitetinin, həm də ESF-nin tələbəsi idik. Burada bərpa olunan enerji ilə bağlı həm magistr təhsili almışam, həm də elmi işçi olmuşam. Normalda yalnız doktorantura təhsili alarkən elmi işçi olmaq mümkündür. Ətraf mühitin qorunması agentliyinin proqramı əsasında tərk edilmiş sənaye rayonlarında günəş enerjisi potensialının analizini aparırdım”.

Müsahibimiz indi də metan qazı üzrə araşdırmalar aparır: "Hazırda ABŞ-də Sent-Luis Universitetinin nəzdindəki "AI CHESS” laboratoriyasında qlobal istiliyin artmasına səbəb olan metan qazının aşkarlanması və hesablanmasına yönəlik data və süni intellekt modellərinin istifadəsi ilə bağlı təhlilçi və tədqiqat köməkçisiyəm. İşimiz ABŞ-də ətraf mühitin qorunması agentliyinin qrantı ilə yeddi tullantı poliqonunun analizi, orada metan qazının aşkar edilməsi, hesablanması, proqnozlaşdırılması ilə məşğul olmaqdır. Yayda həmin universitetdə coğrafi informatika və məkan analizi ilə bağlı doktorantura proqramına başlayacağam”.

Suatın ən böyük istəklərindən biri dünyamızı məhv olmaqdan qurtarmaqdır: "Uşaq olanda planetimizi xilas etmək istəyirdim. Hazırda vəziyyət o qədər pisləşib ki, bu prosesdə gərək bütün dünya iştirak edə. Lakin ümidlər var. Növbəti illərdə isinməni azaltmaq istəyirik. Elə ağaclar yetişdirmək olar ki, tez böyüsün, enerji üçün kəsilsin. Məsələn, söyüd ağaclarının müəyyən növlərini ildə 3-4 dəfə yetişdirib kəsməklə karbon qazını müəyyən qədər də olsa azaltmaq mümkündür. Burada ən önəmli məsələ əməkdaşlıqdır. Azərbaycanımıza verəcəyimiz fayda planetimizə verdiyimiz faydadır. Xəzər dənizinin səviyyəsində tez-tez enmələr qeydə alınır, su stressi çoxdur, çaylarımız quruya bilər, tullantı poliqonları azdır, yaşıl örtüyümüz kifayət qədər deyil. Qonşu ölkələrdə tikilən su elektrik stansiyaları su çatışmazlığına səbəb olur. Məsələn, Türkiyədə Kürün üzərində 5-6 stansiya tikilməsi bizdə də azalmaya səbəb olur. "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədinin özəyində dayanan 5 əsas məsələdən biri də məhz ölkəmizin təmiz ətraf mühit və "yaşıl artım” modelini mənimsəməsi ilə əlaqədardır. Enerji, ətraf mühit, karbon emissiyaları məsələləri həmin strategiyamızın əsasını təşkil edir”.

Suatın daima maraqlandığı və ölkəmizdə tətbiq etmək istədiyi layihələr də var: "Bərpaolunan enerji həvəskarı kimi 2012-2013-cü ildən bəri külək enerjisini araşdırıram. Bu sahədə müxtəlif texnologiyaların təşviqi ilə məşğul olmuşam. Magistr tezisim olan layihəni keçən il "Hakaton”da təqdim edəndən sonra Energetika Nazirliyinin müşaviri ilə bu barədə müzakirələr apardıq. Bu layihə konteynerlərə sabitlənən çərpələnglərdən enerji almaq barədədir. Ona havadan külək enerjisi deyirik. Konsepti yelkənə bənzəyir. Mərkəzə sensor qoyulur və küləyin istiqamətinə uyğun dönür, maksimum enerji götürür. 100 metr hündürlüyə qaldırmaq mümkündür. Orada külək daimidir. Həm az yer tutur, həm də təkrar istehsalı asandır. Ənənəvi turbinlər tullantı poliqonunda çürümürlər və radioaktiv maddəyə çevrilirlər. Bu isə konteynerdir, kabeldir, parçadır. Onları ayrıca istifadə etmək olar. Bu istiqamətdə araşdırmalar Avropada kifayət qədər məşhurdur. Mən də ölkəmizdə tətbiqi üçün bir çox hesablamalar aparmışam”.

Müsahibimiz həmçinin dron layihəsinin həmmüəllifidir. Bu layihənin əsas qurucusu isə Həsən adlı oğlandır: "Müharibə yeni başlamışdı. Həsən komanda yığırdı. Türkiyə, Gürcüstan, Rusiya, Latviya təşkilatları ilə əlaqə yaratmaq üçün beynəlxalq münasibətlər departamentini yaradanda məni direktor kimi çağırmışdı. İlk başda ona güvənməmişdim. 13 yaşı var idi. Bir neçə onlayn görüşdən sonra anladım ki, onunla çox yaxşı dost ola bilərik və hazırda elədir. 5-6 dəfə komandamız yığıldı və dağıldı. Amma mən, Həsən və qardaşım Nicat komandada yenə də qaldıq. Hətta texniki komandamızı toplayaraq, Qaxda prototipimizin test uçuşlarını uğurla həyata keçirdik. Daha çox ixtisaslaşmağa çalışdıq, mən də bu sahədə fərqli addımlar atdım. Hazırda daha çox tədqiqat hissəsindəyəm”.

Suat deyir ki, gələcəkdə kosmik layihələr üzrə işləmək istəyirlər: "Həsən startapı ilk başda aerokosmik sahədə etmək istəyirdi, hava gəmisi kimi düşüncələrlə başlamışdı. Dron ideyası mənim dövrümdə yarandı. Əslində dron və kosmik gəmi çox da fərqli deyil, hər ikisi uçuş vasitələridir. Amma kosmik aparatlar üçün tamamilə fərqli resurslar və düşüncə lazımdır. Ona görə təklif etdim ki, kiçik aparatlardan başlayaq. Pilotsuz uçuş aparatları daha real idi. Öz üzərimizdə çalışdıq və nəticədə sahibkarlıq və innovasiya üzrə Gənclər üçün Prezident mükafatı ilə təltif edildik. Hədəfi çata bilməyəcəyimiz səviyyədə qoysaydıq, ruh düşkünlüyü yaşayacaqdıq və hazırkı səviyyəyə çatmağımız müşkül olacaqdı. Qarşıdakı planlarda kosmik layihələri icra etmək də var. Bu, növbəti on ilin məsələsidir”.

Suat bildirir ki, onu elm sahəsinə gətirən də elə məhz layihələri olub: "Əvvəllər data alimi olacağımı ağlımdan belə keçirməzdim. Amma bütün fəaliyyətim, təcrübələrim məni bugünkü sahəyə gətirdi. Dərəcəmi layihəmə əsasən seçdim. Hazırda Federal Aviasiya Administrasiyasından rəsmi sertifikat almışam, uzaqdan uçuş, yəni dron pilotuyam. Dronları ətraf mühit həlləri üçün istifadə edirəm. Datanı daha tez, keyfiyyətli və ucuz toplayırlar. Həm də helikopter pilotu layihəsini vermişəm. Praktikasını tamamladıqdan sonra helikopterlə araşdırmalar üçün məlumatlar toplamaq mümkün olacaq. Alimlər sahələri ilə bağlı müəyyən biznes və sahibkarlıq fəaliyyəti qururlar. Bu, müştəriyönümlü tədqiqat adlanır. Müştərilər universitetlərə müraciət edir ki, onlar üçün həllər versinlər. Mən də bunu özüm üçün hədəf qoymuşam. İşimin əsasını qurmaq üçün elmlə məşğulam”.

Müsahibimizin qarşısına qoyduğu ən böyük hədəf dünya miqyasında tanınmaq və şirkətlərlə beynəlxalq əməkdaşlıq etməkdir: "Bir neçə hədəfim var ki, onları yerinə yetirdikdən və bacarıqlarımı inkişaf etdirdikdən sonra toplayacağım datanı istifadə edib müəyyən mülahizələr, modellər, simulyasiyalar hazırlamağa nail olacağam. Ətraf mühit xidmətlərinin, konsultasiya, hökumət və qeyri-hökumət təşkilatlarına xidmətlərin təklifi ilə məşğul olmaq istəyərdim. Müxtəlif şirkətlərə konsultasiya keçən qlobal şirkətlərin modeli ilə davam etməyi düşünürəm. Əvvəllər dataların toplanması, onların əməliyyatı, analizi, statistikanın çıxarılmasını başqa şirkətlərlə edəcəkdiksə, indi bunu həm konsultasiya, həm texniki xidmət kimi təklif etməyi planlaşdırıram. Tədqiqat metodlarından yararlanmaq üçün heç bir data yoxdur. Məlumatsızlıq analiz etməyə imkan vermir. Ona görə bu sahədə xidmət göstərmək istəyərdim. Beynəlxalq səviyyədə fəaliyyət göstərib hər ölkədən sahəmlə maraqlanan şəxslər tapa biləcəyimə, tələbin çox olacağına, 2035-2036-cı ildə şirkət kimi püxtələşəcəyimizə inanıram”. \\"Kaspi" qəzeti












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.