İki yüzdən çox adda yüksək toksik maddənin ölkəmizdə tətbiqi və dövriyyəsi qadağan edilib
22-05-2024, 15:34
İşçi qruplar tərəfindən 11 rayon üzrə 14 obyektdə aparılmış monitorinqlər nəticəsində istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisid və aqrokimyəvi maddələrin qalıq miqdarının dəqiqləşdirilməsi üzrə ilkin qiymətləndirmələr aparılıb.
Əhalinin və ətraf mühitin sağlamlığının qorunması məqsədilə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla 238 adda yüksək toksikliyə malik təsiredici maddələrin ölkəmizdə tətbiqi və dövriyyəsi qadağan edilib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli "Yaşıl dünya naminə" Bitki Sağlamlığı forumunda çıxışı zamanı deyib.
O qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 24 sentyabr tarixli 3488 nömrəli Sərəncamı ilə yaradılmış "Təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi sahəsində dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi üzrə Koordinasiya Komissiyası" tərəfindən Agentliyin apardığı araşdırmalar və təklifləri əsasında "İstifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlər və aqrokimyəvi maddələr, o cümlədən ammonium nitratla çirklənmiş Azərbaycan Respublikasının ərazilərində mövcud problemlərin aradan qaldırılmasına dair Tədbirlər Planı" təsdiq edilib.
"Planda nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsi məqsədilə aidiyyatı qurumların nümayələrindən ibarət yaradılmış işçi qruplar tərəfindən 11 rayon üzrə 14 obyektdə aparılmış monitorinqlər nəticəsində istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisid və aqrokimyəvi maddələrin qalıq miqdarının dəqiqləşdirilməsi üzrə ilkin qiymətləndirmələr aparılıb. Ümumilikdə 11 obyektdə təqribən 5088 kub metr istifadəyə yarasız preparat və çirklənmiş torpaq olduğu müəyyən edilmişdir. Bu istiqamətdə işlər davam etdirilir",- deyə Q.Təhməzli bildirib.