Tehranda iki milli fəalın işi ilə bağlı məhkəmə iclası keçirilib
27-05-2024, 12:57
Fevralın ilk həftəsində həbs edilən çox sayda fəallardan ikisi olan Səid Minayi və Aydın Məhəmmədinin işi üzrə məhkəmə iclası Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsində keçirilib.
HRA xəbər agentliyinin yaydığı məlumata görə, mayın 25-də bu məhkəmə iclası keçirilib və həmin fəallar onlara qarşı irəli sürülən ittihamlardan özlərini müdafiə ediblər. Məhkəmənin hakimi Əbülqasim Salvati olub.
Bu xəbərə görə, Səid Minayi özünü “ölkənin daxili/xarici təhlükəsizliyini pozmaq məqsədilə birləşmə və əlbir olmaq” ittihamından müdafiə edib.
Digər azərbaycanlı fəal Aydın Məhəmmədiyə isə məhkəmədə “ölkənin daxili/xarici təhlükəsizliyini pozmaq məqsədilə birləşmə və əlbir olmaq”, “İslam Respublikası sisteminə qarşı təbliğat fəaliyyəti göstərmək” və “İslam Respublikasının rəhbərini təhqir etmək” ittihamları irəli sürlüb.
Fevralın ilk həftəsində Səid Minayi Gilan vilayətinin mərkəzi olan Rəşt şəhərində, Aydın Məhəmmədi isə Ərdəbil şəghərində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və sonra Evin həbsxanasının 209 saylı bölməsinə köçürülmüşdü.
Səid Minayi mart ayının 13-də təqribən 40 günə yaxın nəzarətdə saxlandıqdan sonra 700 milyon tümənlik mülki zəmanət qarşılığında müvəqqəti azadlığa buraxıldı.
Digər azərbaycanlı fəal Aydın Məhəmmədi də Ərdəbildəki iş yerində həbs edildikdən sonra, Evin həbsxanasına köçürülmüşdü. O, Evin həbsxanasının təhlükəsilizk qüvvələrinin təcridxanası kimi tanınan 209 saylı bölməsində bir aydan çox dindirildikdən sonra mart ayında zaminə buraxıldı.