"Abzas Media"nın saytına və sosial media səhifələrinə giriş məhdudlaşdırılıb
25-07-2024, 16:23
"Abzas Media" müstəqil onlayn nəşrinin saytına və bütün sosial media səhifələrinə giriş məhkəmə qərarı ilə məhdudlaşdırılıb.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətin rəisi Samir Rəsulov "Abzas Media işi" üzrə cəlb olunmuş vəkillərin sorğusuna cavab olaraq bildirib.
Samir Rəsulovun sözlərinə görə, Cinayət-Prosessual Məcəllənin 64.1-ci maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqanın qüvvəyə minmiş qərarları, habelə göstərişləri, çağırışları və digər qanuni müraciətləri bütün dövlət orqanları, fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının ərazisində şərtsiz icra edilməlidir.
"Abzas Media" onlayn media portalının internet informasiya ehtiyatlarına (Abzas.net, abzas.org internet saytları və həmin onlayn media portalının bütün sosial şəbəkə hesabları) Yasamal Rayon Məhkəməsinin 29.11.2023-ci il tarixli qərarına əsasən məhdudlaşdırılıb", deyə o, bildirib.
Vəkil Zibeydə Sadıqova qərardan apellyasiya şikayəti verəcəklərini bildirib.
"Abzas Media işi" üzrə nə baş verib?
"Abzas Media" ilə bağlı cinayət işi üzrə saytın direktoru Ülvi Həsənli ötən ilin noyabrın 20-də həbs olunub. İstintaqın həmin gün onun evində və "Abzas Media"nın ofisində axtarış apardığı və ofisdən 40 min avro pul tapıldığı bildirilib.
Daha sonra noyabrın 20-də direktor müavini Məhəmməd Kekalov, 21-ə keçən gecə xaricdən qayıdanda hava limanında saytın baş redaktoru Sevinc Vaqifqızı həbs olunub. Həmin iş üzrə jurnalistlər Nərgiz Absalamova, Elnarə Qasımova və araşdırmaçı jurnalist Hafiz Babalı da həbs olunub.
Mayın 30-da isə "Abzas Media" işi üzrə iqtisadçı Fərid Mehralızadə saxlanılıb. İyunun 1-də Xətai Rayon Məhkəməsi iqtisadçı barəsində 3 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçib. Mehralızadə məhkəmədə təqsiri olmadığını və "Abzas Media" ilə heç bir işgüzar fəaliyyətinin olmadığını deyib.
Onların hamısına Cinayət Məcəlləsinin 206.3.2-ci (öncədən əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib. Bu maddənin sanksiyasında 5 ildən 8 ilədək həbs cəzası nəzərdə tutulub.
Həmin iş üzrə bir sıra vətəndaş cəmiyyəti nümayəndəsi müxtəlif vaxtlarda Bakı Şəhər Baş Polis İdarəsində şahid qismində dindirilib, daha sonra sərbəst buraxılıblar.
Həbs olunanların heç biri özünü təqsirli bilmir, həbslərinin peşə fəaliyyətləri ilə bağlı olduğunu deyir.
Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.
Azərbaycan hakimiyyəti isə ölkədə insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.