"Abzas Media işi” ilə bağlı daha 7 ittiham irəli sürülüb
22-09-2024, 09:28
"Abzas Media işi” üzrə həbs olunanlara yeni-ağırlaşdırıcı ittihamlar verilib, onların vəkilləri BBC-yə bildirib.
Avqustun 19-da saytın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, jurnalistlər Elnarə Qasımova və Hafiz Babalıya qarşı 7 maddə ilə yeni ağırlaşdırıcı ittiham elan olunub, - Ülvi Həsənlinin vəkili Zibeydə Sadıqova BBC-yə deyib.
Bundan əvvəl jurnalistlər qaçaqmalçılıqda ittiham olunurdular.
İndi isə onlara qarşı xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, mütəşəkkil dəstə şəklində cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma maddələri ilə ittiham verilib. Yeni ittihamlar arasında mütəşəkkil dəstə tərəfindən törədilmiş qaçaqmalçılıq, sənəd saxtalaşdırma və saxta sənədlərdən istifadə etmə, mütəşəkkil dəstə halında vergi ödəməkdən yayınma ittihamları da irəli sürülüb. Bu ittihamlara görə 7 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulur.
Daha əvvəl "Abzas Media işi" üzrə həbs olunan direktor müavini Məhəmməd Kekalov, jurnalist Nərgiz Absalamova və iqtisadçı Fərid Mehralızadəyə də eyni maddələrlə yeni ittiham irəli sürülüb.
İttiham edilənlərin hamısı özlərinə qarşı ittihamları rədd edərək həbslərini peşə fəaliyyəti ilə əlaqələndiriblər.
İyunun 22-də “Abzas Media”nın direktoru Ülvi Həsənli və saytın baş redaktoru Sevinc Vaqifqızının həbs müddəti daha üç ay uzadılıb, Sevinc Vaqifqızının vəkili Elçin Sadıqov çərşənbə günü BBC-yə bildirib.
Jurnalistlər Ülvi Həsənli və Sevinc Vaqifqızı, eləcə də qurumun bir çox əməkdaşı, o cümlədən araşdırmaçı jurnalist Hafiz Babalı qaçaqmalçılıq ittihamı ilə həbs olunub.
Bir müddət əvvəl hüquq müdafiəçisi Anar Məmmədli və Məclis.info saytının təsisçisi İmran Əliyev də həbs edilib.