Çeçenistanda saxlanılan 3 azərbaycanlı ölkəyə gətirildi
25-09-2024, 08:34
Xarici İşlər Nazirliyi Çeçenistanda saxlanılan azərbaycanlıların ölkəyə gətirilməsi ilə bağlı məlumat yayıb.
Avtosfer.az-ın xəbərinə görə, nazirliyin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, həmin vətəndaşlar artıq Azərbaycandadır.
“Azərbaycan vətəndaşları - 1975-ci il təvəllüdlü Şirinov Elxan Əkbər oğlunun, 1982-ci il təvəllüdlü Məhərrəmov Vüqar Nazim oğlunun və 2004-cü il təvəllüdlü Rzayev Nihad Tafdıq oğlunun saxlanıldığı barədə məlumat daxil olan kimi, vətəndaşlarımızın ölkəmizə geri qaytarılması məqsədilə dərhal Rusiya Xarici İşlər Nazirliyinə nota ünvanlanıb, Rusiya XİN və digər aidiyyəti qurumlarla danışıqlar aparılıb. Bununla yanaşı, saxlanılmış vətəndaşlarımız ilə səfirliyimiz tərəfindən telefon danışığı baş tutub.
Vətəndaşlarımızın ölkəmizə geri qaytarılması istiqamətində aparılmış iş nəticəsində, qeyd edilən vətəndaşlarımızın 21 sentyabr tarixində Rusiya ilə dövlət sərhəd keçid məntəqəsindən quru yolla Azərbaycana qayıdışı təmin edilib”, - deyə XİN-dən bildirilib.
Xatırladaq ki, adları qeyd olunan Azərbaycan vətəndaşlarının may ayından Çeçenistana işləməyə getdikləri, orada miqrasiya probleminə görə həbs olunduqları bildirilirdi. Saytımıza müraciət edən Nihadın atası, Tovuz rayon sakini Tafdıq Rzayevin sözlərinə görə, oğlu və qayınlarını orada hərbçilərin təzyiqi altında imza atdıraraq Ukraynaya müharibə bölgəsinə göndərmək istəyiblər.
Rəsmi Bakı məsələ ilə bağlı Moskvaya nota təqdim etmişdi.