Vəkil Fariz Namazlı DTX-nı məhkəməyə verib
25-09-2024, 10:54
Vəkil Fariz Namazlı Dövlət Təhlükəsizliyi Xidmətini (DTX) məhkəməyə verdiyini bildirir. Vəkilin sözlərinə görə o, avqustun 31-də saat 21:00 radələrində dostları ilə kafedə olduğu zaman saxlanılaraq DTX-ya aparılıb və 3 saatdan çox orada şahid qismində dindirilib.
Namazlı bildirir ki, “öncədən heç bir çağırış göndərilmədən, iş vaxtından sonra saxlanılması, telefonunun əlindən alınması və s. tutulmağa bərabərdir”.
“Əgər mənim şahid kimi dindirilməyimə zərurət vardısa, iş vaxtında, öncədən məni məlumatlandırmaqla DTX-ya dəvət edə bilərdilər. Məni tutub aparıblar, telefonumu götürüblər. O müddətdə telefonum DTX əməkdaşlarında olub. Mən şahid qismində dindirilsəm də, şübhəli şəxs kimi aparılmışam. Mənə qarşı baş verənlər faktiki tutulmağa bərabərdir”, o bildirib.
Vəkil DTX əməkdaşlarına məxsus avtomobildə, onların əhatəsində aparılıb. Onun sözlərinə görə, ora çatanadək niyə aparıldığını bilməyib və tutulduğunu düşünüb.
“Çünki indiyədək Azərbaycanda vəkilin bu formada şahid kimi dindirməyə aparılması baş verməyib. Təxirəsalınmaz hal da yox idi” - deyə, o bildirib.
O, şikayətində Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci (azadlıq və toxunulmazlıq hüququ), 8-ci (şəxsi həyata hörmət hüququ), 18-ci (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) maddələrinin pozuntusunun tanınmasını istəyib.
Vəkil Fariz Namazlı avqustun 31-də Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. O, üç saatdan sonra sərbəst buraxılıb. Fariz Namazlı bildirib ki, bir cinayət işi üzrə şahid qismində dindirilib, amma hansı iş olduğunu açıqlamayıb.
“Dünən Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən axşam saat 9-da olduğum yerdən idarəyə aparılmışam və burada bir cinayət işi ilə bağlı şahid qismində ifadə vermişəm. Həmin cinayət işi ilə bağlı hər hansı məlumat verə bilməyəcəm, amma görünən odur ki, artıq yeni istiqamətə keçiblər. Ümid edirəm ki, mənim axşam, iş vaxtından sonra heç bir səbəb göstərilmədən idarəyə aparılmağım barədə Vəkillər Kollegiyasının rəhbərliyi və Baş Prokurorluğu məlumatlandırıblar. Çünki bu faktiki olaraq tutulmağa bərabərdir və vəkil tutulduqda dərhal həmin qurumlara məlumat verilməlidir. Digər tərəfdən, vəkilləri də artıq şahid qismində dindirməyə cəhd edirlər, bu da onların peşə fəaliyyətinin keyfiyyətli şəkildə həyata keçirməsinə mane olur”, o, Facebook səhifəsində qeyd edib.
Vəkil Fariz Namazlı hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınan bir çox fəalların, jurnalistlərin, dindarların müdafiəsində iştirakı ilə tanınır.