İsrail “Hizbullah”ın raket qüvvələrinin komandirini məhv etdi

25-09-2024, 12:17           
İsrail “Hizbullah”ın raket qüvvələrinin komandirini məhv etdi
İsrail Müdafiə Qüvvələri Beyrutun cənubunda Dahiya bölgəsində hava hücumu həyata keçirib, nəticədə "Hizbullah” hərəkatının raket qüvvələrinin komandiri İbrahim Qubaisi öldürülüb.

Qaynarinfo xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Hücum zamanı qruplaşmanın "digər əsas” üzvlərinin də onunla birlikdə olduğu iddia edilir. Onların adları açıqlanmır. Medianın məlumatına görə, "910-cu xüsusi təyinatlı” təxribat qrupuna rəhbərlik edən Talal Hamieh də orada ola bilərdi.

Qubaisi raket sahəsində biliklərin mühüm mənbəyi olub və "Hizbullah”ın yüksək səviyyəli hərbi liderləri ilə sıx əlaqələrə malik idi. İsrail Ordusu qeyd edib ki, bu illər ərzində o, "çoxsaylı terror hücumlarının planlaşdırılmasına" cavabdeh olub, o cümlədən mülki İsrail sakinlərinə raket zərbələri endirib. Müdafiə Qüvvələri hesab edir ki, Qubaisi 2000-ci ildə Har Dov dağı yaxınlığında üç İsrail əsgərinin qaçırılmasını təşkil edib və nəticədə onlar öldürülüb.

Qubaisi 40 il İranın dəstəklədiyi "Hizbullah”ın üzvü olub. Bu müddət ərzində o, qruplaşmada müxtəlif rəhbər vəzifələrdə, o cümlədən Livanın cənubunda əməliyyat bölməsində yüksək səviyyəli zabit kimi çalışıb.

"Hizbullah”ın özü hücumla bağlı şərh verməyib. Öz növbəsində, Livanın Səhiyyə Nazirliyi Beyruta endirilən zərbələr nəticəsində 6 nəfərin öldüyünü, 15 nəfərin yaralandığını bildirib. Onlardan neçəsinin qruplaşma ilə əlaqəli olduğunu dəqiqləşdirilmir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.