İtkin düşmüş şəxslərin ailələrindən 11 min 200-dən çox bioloji nümunə götürülüb
3-10-2024, 11:58
Azərbaycanın 63 bölgəsində Birinci Qarabağ Müharibəsi zamanı itkin düşmüş şəxslərin ailələrindən 11 200-dən çox bioloji nümunələr götürülüb.
Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-Tibb Baş İdarəsinin rəhbəri Rüfət Əliyev oktyabrın 2-də Bakıda itkin düşmüş şəxslər mövzusuna həsr edilmiş beynəlxalq konfransın “İtkin düşənlərin qalıqlarının axtarışı, bərpası, məhkəmə-tibbi identifikasiyası sahəsində irəliləyiş və çətinliklər” mövzusunda keçirilən sessiyasında deyib.
O bildirib ki, həmin materiallar əsasında DNT məlumat bazası formalaşdırılıb:
“Hazırda 4000-ə yaxın soydaşımız itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. 2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında aparılan Vətən müharibəsi və antiterror tədbirlərindən sonra aparılan tikinti işləri və Dövlət Komissiyasının apardığı qazıntılar nəticəsində kütləvi məzarlıqlar aşkar edilib. İtkin düşmüş şəxslərin şəxsiyyətinin müəyyən edilməsində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi diqqət mərkəzində saxlanıb. Bütün çətinliklərə baxmayaraq, itkin düşmüş şəxslərin şəxsiyyətinin müəyyənləşdirilməsində ciddi irəliləyiş əldə edilib. İtkin düşmüş şəxslərin müəyyənləşdirilməsi sahəsində Dövlət Komissiyası, BQXK və aidiyyəti qurumlar arasında davam etdirilən əməkdaşlığın hazırkı səviyyəsi yüksək qiymətləndirilib".