Bulvarda "çay" əməliyyatı - İşdən qovdular (Video)

3-06-2015, 15:32           
Bulvarda "çay" əməliyyatı - İşdən qovdular (Video)
ANS TV xəbər verir ki, Dənizkənarı Milli Park ərazisində yerləşən istənilən iaşə obyektində müştəri sadə çay sifariş verə bilər. Yəni bir çaynik çay və 2 manat pul, vəssalam. Di gəl bəzən bu sadə çay mərasimini qəlizləşdirənlər də olur. Belə olan halda müştəri hüquqlarını bilməlidir. Yəni məcburi qaydada çayın yanında şirniyyat məhsullarını almalı deyil.

İlk olaraq müşahidə zamanı baş verənləri mobil telefonumuz vasitəsilə qeydə aldıq. Ofisiant bizə yaxınlaşır və sadə çayın olmadığını deyir.

Daha sonra, görünür, o bizi tanıyır və fikrini dəyişərək sadə çay gətirir. Qiymətinin də yalnız iki manat olduğunu deyir. Müşahidələrimizi davam etdirərək bu dəfə başqa bir iaşə obyektinə yollanırıq. Burada isə ümumiyyətlə sadə çay verilmədiyi bildirilir.

Düzdür, sadə çay verilən iaşə obyekti də müşahidə edə bildik. Burada müştərilərə menyu verildiyini də gördük. Yəni sadə çay iki manatdırsa, ondan artıq pul tələb edilmir.

Müşahidələrimizi tamamlayıb dənizkənarı bulvar idarəsinin rəis müavini Nazim Məcidovla əlaqə saxlayırıq. Qurum rəsmisi deyilən ünvana gəlir. Bundan sonra iaşə obyektinin rəhbərliyinə xəbərdarlıq edilir. Buna görə də ofisiant işdən çıxarılır.

"İşçilər işə yeni götürülüb, hazırda onlar burada təcrübə keçirlər. Belə bir qüsura yol verdiklərinə görə onlar işdən azad edildilər. Bizdə çay 2, mürəbbə ilə 4, ləpə ilə isə 5 manatdır", - deyə administrator Natiq Kərimov qeyd edib.

Bulvar idarəsinin rəis müavini Nazim Məcidov bildirdi ki, əgər müştərilər bu cür hallarla rastlaşarlarsa, dərhal "qaynar xətt"ə müraciət etsinlər:

"Bulvar idarəsində "qaynar xətt" yaradılıb. İdarənin mobil operatoruna 055 282 -70-00 24 zəng edə bilərlər. "Qaynar xətt"imiz 24 saat ərzində fəaliyyət göstərir. Əgər bulvar ərazisində neqativ hal baş verərsə, o zaman qurumun əməkdaşları məsələni yerindəcə araşdırırlar. Əgər ərazidə çalışan işçinin günahı sübuta yetirilərsə, işçi dərhal cəzalandırılacaq".

Bundan başqa, qurum rəsmisi onu da bildirdi ki, bəzi kütləvi informasiya saytlarında yanlış məlumat verilib.

Yəni mürrəbəylə sifariş verilən çayın qiyməti 3 manat yox, 5 manat təşkil edir. Yəni qiymət çay dəstgahının mürəkkəbliyinə uyğun olaraq dəyişir.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.