Yasamalın düz ortasında qumarxana işləyir- "Krışa"- ları kimdir bu qocaqların?
16-06-2015, 10:47
İnsan ömrü boyu əldə etdiklərini bir ağılsız hərəkətinə görə qumarda itirə bilir. Bəziləri olan-qalan pulunu, qır-qızılını, maşınını, hətta evini də qumara qoyur və uduzur. Elə məhz bu səbəbdən Azərbaycanda qumar oyunları qadağan edilib. Lakin buna baxmayaraq, hələ də paytaxtda və ölkənin müxtəlif yerlərində “qara bazar” fəaliyyətdədir. Maraqlıdır ki, Avrovision mahnı yarışması ərəfəsində qanunsuz kazinolar paytaxda daha çox idi. Lakin yarışmaya aylar qalmış polis bütün kazinoları və tatilazator oyunları keçirilən obyektləri qısa müddət ərzində reyd keçirərək ləğv etdi. Bakının əksər kazino “kralları” həbs edildi.
İndi Azərbaycanda daha mötəbər yarış keçirilir. Ölkəmiz aylardı Avropa Oyunlarına hazırlaşıb və indi də uğurla keçirir. Dələdüzların və kriminal aləmin nümayəndələri isə beynəlxalq yarışlar zamanı öz loto oyunlarını polisin gözü qarşısında keçirirlər. Özü də düz mərkəzdə- Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsi 4 ünvanda, “PUB KLUB” adlı obyektdə. Əcaba, polis orqanları bunu bilmir? Bilmirsə Reportyor.tv olaraq onları məlumatlandırmışıq. Nə tədbir görüləcəksə onun nəticəsini gözləyirik. Və bu haqda mütləq yazacağıq. Özü də belə totalizator mərkəzləri təkcə Bakı və Sumqayıtla məhdudlaşmır. Mütəmadi olaraq bölgələrdə də belə yerlər aşkarlanır. Xüsusilə də bu cür qumarxanalarda yaş məhdudiyyəti olmadığından onlar azyaşlıları və gəncləri də asanlıqla tora sala bilirlər. Bu hal olduqca böyük narahatlıq doğurur.
Gənclərin təsir altına düşərək qumara qurşanması onları tədrisdən yayındırır. Çox vaxt işbazlar belə yerləri məktəb və ya universitetlərə yaxın yerlərdə yaradırlar ki, gənc uşaqları da oyuna sala bilsinlər. Səslənən iddialara görə, bir çox tələbələr evdən təhsil haqlarını götürüb qumara qoyurlar. Uşaqlar isə evdən pul oğurlayır, dərsdən yayınırlar. Qeyri qanuni fəaliyyət göstərən bu qumarxanalarda maksimum uduşlara limitlər qoyulmaması faktı da insanları şirnikləndirərək onların daha çox uduzmasına səbəb olur. Eyni zamanda qanunsuz fəaliyyət və uduşlara dövlət təminatının olmaması onlara uduşların verilməməsinə də imkan yaradır. Ümumilikdə ekspertlərin rəyi belədir ki, bu sahədə qadağaları artırmaqdansa, nəzarət mexanizmini gücləndirməyə ehtiyac var.Yalnız bu vasitə ilə insanların “qara bazar”ın və fırıldaqçıların toruna düşməsinin qarşısını almaq olar.(Reportyor.tv)
[media=https://www.youtube.com/watch?v=2EwU0fBMua4]