Fələstindən xain açıqlama: “Türkiyə bizə lazım deyil – biz yetim deyilik”

Bu gün, 09:06           
Fələstindən xain açıqlama:
Fələstinin Kiprdəki səfiri (Yunan Kipri) Abdullah Attari Türkiyənin Fələstin məsələsinə yanaşmasını tənqid edən sərt açıqlamalarla çıxış edib.

Musavat.com xəbər verir ki, onun sözləri Yaxın Şərqdə və beynəlxalq diplomatiya müstəvisində yeni gərginlik dalğasına səbəb olub.

Yunanıstanın “Politis” nəşrinə danışan səfir iddia edib ki, bəzi dairələr Fələstini Türkiyənin geosiyasi məqsədləri üçün “alətə çevirmək” istəyirlər. O, bu ehtimalları qəti şəkildə rədd edib:

“Heç kim bizi yönləndirə bilməz. Biz yetim deyilik. Bizim müqəddəs bir məsələmiz var və yalnız BMT və onun qurumları vasitəsilə yol alırıq”.

Attari bu açıqlamanı BMT Baş Assambleyasının 81-ci sessiyasının sədrliyinə həm Fələstinin, həm də Kiprin namizədliyinin irəli sürülməsi fonunda verib. Mümkün qarşıdurma ilə bağlı yaranan müzakirələrə cavab olaraq o bildirib ki, Fələstin Kiprlə münasibətləri dostluq və qarşılıqlı anlayış prinsipləri üzərində qurur:

“Fələstin–Kipr münasibətləri iki güclü dayağa əsaslanır: qarşılıqlı hörmət və anlaşma. Unutmamalıyıq ki, Kipr Fələstini tanıyan ilk ölkələrdən biri olub”.

Səfir həmçinin bildirib ki, bölgədə yeganə “qarşılıqlı təsir” forması kimi, İsrailin Kipri, Türkiyənin isə Fələstini dəstəkləməsini qəbul edə bilərlər:

“İsrail Kipri, Türkiyə Fələstini dəstəkləyə bilər. Bundan artıq heç nə yoxdur”.

Bütün bu ifadələr Fələstin diplomatiyasının Türkiyəyə qarşı açıq mövqe sərgilədiyini və Ankara ilə münasibətlərin gərginləşə biləcəyini göstərir. Halbuki son illərdə Türkiyə Fələstin məsələsində beynəlxalq tribunalarda qətiyyətli çıxışlarla yadda qalıb və Qəzzada baş verənlərə qarşı sərt reaksiyalar verib. Türkiyə Fələstin uğrunda İsraillə müharibə vəziyyətinə gəlib. Üstəlik, İsraillə müttəfiq olduğu üçün qardaşı Azərbaycanı belə qınayıb.

Musavat.com-a görə, bu açıqlama Azərbaycanın Fələstinə münasibətdə tutduğu soyuqqanlı və ölçülü siyasətin nə qədər haqlı olduğunu bir daha göstərdi. Bakı heç vaxt Fələstinə emosional dəstək vermədi. Çünki Qarabağ məsələsində Fələstin daim ermənilərin tərəfində oldu. BMT-də səsvermələrdə, müsəlman həmrəyliyi çağırışlarında, beynəlxalq tribunalarda Azərbaycanın ədalətli mübarizəsinə ya səssiz, ya da əleyhdar yanaşmalar sərgilədi.

Üstəlik, Fələstin dövlətinin nümayəndələri Qarabağla bağlı az qala Ermənistanın arqumentlərini müdafiə edən mövqelər sərgiləyiblər…

Bu gün isə onların Türkiyəni “bizə rəhbərlik edə bilməz”, “biz yetim deyilik” deyərək rədd etməsi, əslində dostlarını satmaq anlamına gəlir. Əgər Türkiyə yoxdursa, kim var?

Azərbaycan bu riyakarlığı illər öncə sezdi və siyasətini ona uyğun formalaşdırdı. Fələstinlə diplomatik münasibət qurdu, yardımlar etdi, əzilən xalqın səsinə səs verdi, amma heç vaxt bu yönətim üçün savaş açmadı, özünü yaxına buraxmadı. Çünki biz Türkiyənin indi gördüyü sifəti 30 il öncə görmüşdük. Yasir Ərəfatın, Mahmud Abbasın Ermənistana dəstək bəyanatları hələ də internet məkanında dolaşmaqdadır.

Bu gün biz bir daha əmin oluruq ki, qardaşlıq bəyanatla yox, davranışla sübut olunur. Türkiyəyə qarşı bu cür soyuq, saymazyana və xaincə açıqlamalar verən, Qarabağ savaşında ermənilərin mövqeyində dayanan bir dövlətin “qardaş” adlandırılması nə qədər doğrudur?

Türkiyə özünün Fələstindən çox fələstinçi olmaq siyasətinə yenidən baxmalıdır…

Musavat.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru