Dəniz havası qızıl qiymətinə:
Bu gün, 08:44

“Bakı və Abşeron yarımadasında günlük kirayə bağ evlərinə olan tələbatın artması sosial və iqtisadi faktorların vəhdətindən qaynaqlanır. İyul-avqust aylarında Bakı sakinləri, eləcə də regionlardan gələnlər, dənizkənarı istirahət üçün Abşeron bağlarına üstünlük verirlər”.
Bu barədə əmlak eksperti Elşad Vəliyev Demokrat.az-a açıqlama verib.
O bildirib ki, otel qiymətləri bahalı olduğu üçün daha sərfəli və şəxsi məkan təqdim edən günlük bağ evləri daha cəlbedici olur:
“Siyasi qeyri-sabitlik, valyuta məzənnələri və aviabiletlərin bahalılığı səbəbindən bir çox ailə xarici səfərlərdən imtina edir. Bu da yerli alternativlərə xüsusilə də şəhərdən kənar, amma yaxın məsafədə olan istirahət yerlərinə yönəlməyə səbəb olur. “Instagram”, “TikTok” kimi platformalarda bağ evlərində hovuzlu, komfortlu istirahət tərzi bir trendə çevrilib. Bu da insanların tələbatını həm vizual, həm psixoloji baxımdan artırır. Təklifin stabil, amma tələbatın dalğavari və sürətli artması bazar qanunlarına görə qiymətləri yüksəldir. Bir çox bağ sahibi bu fürsətdən istifadə edərək qiymətləri artırır. Əksər bağ evləri rəsmi olaraq vergi sisteminə daxil olmadığı üçün qiymət artımını heç bir dövlət tənzimləməsi cilovlamır. Bağ evlərində artıq yalnız ev deyil, hovuz, manqal yeri, oyun sahəsi, hətta qapalı SPA zonası kimi xidmətlər də təklif olunur. Bu da qiymət artımını əsaslandıran faktorlardan biridir”.