AİB sədri Azərbaycanda tualet rüsvayçılığından danışdı

Bu gün, 00:09           
AİB sədri Azərbaycanda tualet rüsvayçılığından danışdı
Azərbaycanda illərdir həllini tapmayan, amma hər gün milyonlarla insanın üzləşdiyi ən sadə ehtiyaclardan biri – ictimai tualet problemi – hələ də qalmaqdadır. Bu, sadəcə rahatlıq məsələsi deyil, həm də gigiyena, ictimai sağlamlıq və mədəniyyət göstəricisidir.

Tribunainfo.az xəbər verir ki, böyük şəhərlərdə də, rayon mərkəzlərində də, hətta ölkənin əsas magistral yollarında vəziyyət dəyişmir – ictimai sanitar qovşaqlar ya yoxdur, ya da antisanitar durumdadır.

Bakıdan Qubaya gedən sürücü üçün yolun keyfiyyəti ilə öyünmək olar, amma ən adi ehtiyac üçün dayanmaq lazım gəldikdə mənzərə tam fərqli olur: yol kənarında primitiv, üfunət qoxuyan daxmalar, işləməyən və ya açılmayan sanitar qovşaqlar, yaxud məcburi “kol dibi həlli”.


Halbuki bu problem yalnız rahatlıq məsələsi deyil, insanlara və ölkəyə gələn turistlərə göstərilən hörmətin göstəricisidir.

Bu vəziyyət təkcə magistral yollarda deyil, ölkənin simvolik məkanlarında da müşahidə olunur. Məsələn, Bakı Olimpiya Stadionu kimi on minlərlə insanı qəbul edən idman arenasında belə, ziyarətçi sayına uyğun tualet yoxdur. Olan azsaylı sanitar qovşaqlar isə rəsmi tədbirlər olmayanda ziyarətçilərin üzünə bağlanır.

Parklarda vəziyyət daha acınacaqlıdır – yüzlərlə ailə, uşaqlı valideynlər və idmanla məşğul olan insanlar üçün nəzərdə tutulmuş müasir sanitar qovşaqların sayı ya yox səviyyəsindədir, ya da istifadəyə yararsızdır.

Məsələni daha da biabırçı edən isə pullu yollarda və restoranlarda yaranan absurd şərtlərdir. Yolüstü restoranlarda bəzən tualetə girmək üçün müştəriyə ən azı bir məhsul almaq – məsələn, bir hamburger və ya çizburger sifariş etmək – şərti qoyulur. Bu isə yalnız narahatlıq deyil, həm də ailələr, yaşlılar və fiziki məhdudiyyətli insanlar üçün böyük çətinlik yaradır.


Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədr müavini, tanınmış memar Elçin Əliyev də bu rüsvayçı vəziyyətə diqqət çəkərək qeyd edib ki, dünyanın inkişaf etmiş ölkələrində bu problem çoxdan həll edilib:

“Almaniyada, Fransada, hətta qonşu Türkiyədə hər 20-30 kilometrdə müasir sanitar qovşaqlar var. Bizdə isə məsul qurum məsuliyyət daşımır, nəticədə ictimai tualetləri kol-ağac dibi, binaların blokları, dalanlar əvəzləyir. Bakı Baş Planında belə, ictimai tualetlərin inkişafı nəzərdə tutulmayıb”.

Əslində isə müasir modul tipli ictimai tualetlərin qurulması üçün böyük büdcə və uzunmüddətli layihələr tələb olunmur. Sadəcə məsələni görmək, məsuliyyət daşımaq və həll etmək lazımdır.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Musavat.com-a deyib ki, tualet məsələsi insan cəmiyyətinin mədəniyyətinin mühüm hissələrindən biridir:

“Hətta Efes xarabalıqlarında belə tualet mədəniyyətinin izləri var. Azərbaycanda tualet mədəniyyəti isə hələ də çox aşağı səviyyədədir. Xarici ölkələrin əksəriyyətində insanlar istənilən restoran, ictimai iaşə obyektindəki tualetə gedə bilirlər. Azərbaycanda isə restoranda tualetə getmək üçün sahibindən mütləq icazə alınması şərti var. Və ya tualetdən istifadəyə görə pul ödənməlidir, restoranla alış-veriş etmək şərti irəli sürülür. Bu, sadəcə biabırçılıq, rüsvayçılıqdır.

Misal üçün, Bakıda “Samik” restoranı var. Oranın tualetindən istifadə edən vətəndaşa restoran sahibi irad bildirmiş, pul almışdı. “Lukoyl” yanacaqdoldurma məntəqələrindəki tualetlərin qapısı əsasən bağlı olur. Qapısı açıq olanlar da biabırçı durumdadır. Yanacaqdoldurma məntəqələrindən Bakı-Yevlax yolunun üstündəki “Azpetrol”un 13 saylı yanacaqdoldurma məntəqəsində nümunəvi vəziyyət var”.

AİB sədri bildirib ki, maşınında bir bağlama dəsmal gəzdirir:

“Rayonlara gedəndə yolüstü dayandığım iaşə obyektlərində olarkən əl-üz yuyulan yerlərdə dəsmal adətən olmur. Olanda isə çirk, əldən düşmüş vəziyyətdə olur. Belə olanda maşından dəsmal götürüb obyekt sahibinə hədiyyə edirəm.

Tualetlər insan həyatının çox əhəmiyyətli komponentidir. Bu gün Azərbaycanda ictimai tualetlər həm pulludur, həm də bərbad durumdadır. Bu, böyük biabırçılıqdır və ictimai tualetlərin şəbəkəsi Bakı şəhərində və regionlarda çox pis vəziyyətdədir. Xüsusən də yol üzərində yerləşən restoranların tualet şəbəkələri həddindən artıq pisdir. Tualetlərdə birmənalı olaraq lazımi avadanlıqlar yoxdur, antisanitar vəziyyət hökm sürür. Dünyanın bir çox ölkələrində istənilən kafe və restoranlarda tualetlər insanlara açıqdır. Lakin hazırda Bakıda yanacaqdoldurma məntəqələri tualetləri bağlı saxlayır. Bu, anormal haldır.

Paris kimi kapitalist şəhərdə tualetlər pulsuzdur.

Nəzərə alsaq ki, Azərbaycan turizm ölkəsidir, bu sahəyə tam diqqət edilməlidir. Tualet şəbəkəsi xeyli genişləndirilməli, mərkəzdə yerləşən tualetlər isə pulsuz olmalıdır. Bakıdakı ictimai tualetlərin sayı artırılmalıdır. Ölkəyə gələn qonaq təmiz otaqda dincəlmək istəyir, gigiyenik şəraitdə yemək yemək istəyir. Təbii ki, ekskursiya vaxtı turistlər müəyyən maşrutlar üzrə müxtəlif obyektlərə gedirlər. Həmin maşrutlarda mütləq tualetlər olmalıdır.

Bu gün ölkəboyu turizm maşrutları məlumdur. Belə olduğu halda sanitar qovşaqların olmaması rüsvayçılıqdır. Bu məsələ turistlər üçün komfort şərait sayılır və istər-istəməz onlarda məmnunluq yaranır.

Ümumiyyətlə, turizmdə xırda bir məsələdə də axsaqlıq olmamalıdır. Xırda məsələlər yığılıb böyük problemə çevrilir. Əgər turist vaxtında su içməsə və ya ayaqyolu tələbatını ödəyə bilməsə, mənfi təəssüratla geri qayıdır. Bu səbəbədən turizm maşrutlarında, regionlara gedən zaman yolların üzərində, eyni zamanda şəhərdə yerləşən sanitar qovşaqlarına fikir vermək lazımdır. Bu məsələ yüksək səviyyədə həll edilməlidir. Bunun üçün əvvəlcə icra orqanları, bələdiyyələr diqqətli olmalıdır”.

AİB sədri deyib ki, turistlər ictimai yerlərdə sanitar qovşaqların olmamasından şikayət edirlər:

“İctimai ayaqyollarının olması fəaliyyəti bir mədəniyyətdir. Bu, ölkənin təmizliyinin nümunəsidir. Mədəniyyət zibil qabından, sanitar qovşaqlardan başlayır”.

Eyyub Hüseynovun sözlərinə əsasən, hələ 2018-ci ildə məşhur amerikalı milyarder, “Microsoft” şirkətinin qurucusu Bill Qeyts Çinin paytaxtı Pekində təəccüb doğuran çıxış etmişdi:

“Milyarder yeni tualet texnologiyalarının təqdim edildiyi “Yenidən kəşf edilən tualet” sərgisindəki çıxışına əlində bir qab insan ekskrementi ilə çıxmışdı. Bill Qeyts 10 il öncə insan ekskrementi haqqında bu qədər çox bilmədiyini etiraf edib. O, əlindəki qabda 200 trilyon rotavirus hücreyrəsi, 20 milyard “Şigella” bakteriyası və 100 000 parazit qurd yumurtası olduğunu deyib.

Qeyd edək ki, “Bill & Melinda Geyts” Vəqfinin son 7 ildə tualet texnologiyalarının araşdırılmasına ən azı 200 milyon dollar xərclədiyi bildirilir.

Ümumdünya Səhiyyə Təşkilatının açıqlamasına görə, dünyada 2,3 milyard insan tualetsiz yaşayır. Buna görə də hər il dizenteriya, difteriya və vəba kimi yüzminlərlə insanın ölümünə yol açan epidemiyalar yayılmaqdadır.

Musavat.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru