"Trampın barışa mübtəlası Rusiyanın xeyrinə təhlükəli bir razılaşmaya çevrilə bilər" - "Politico"
Bu gün, 09:14

"Tramp Ukraynanı, Avropanı və ABŞ-ı zəiflədəcək güzəştlərə gedə bilərmi?.."
ABŞ prezidenti Donald Tramp son günlərdə Ukraynada müharibəni tez bir zamanda bitirmək arzusunu açıq şəkildə dilə gətirir. Bu istək onu elə bir razılaşmaya apara bilər ki, nəticədə nəinki Ukrayna, hətta bütövlükdə Avropa və ABŞ-ın özü də zərər görəcək.
Moderator.az xəbər verir ki, bu barədə "Politico" nəşri yazıb.
Nəşr yazır ki, Trampın "müqavilə bağlamaq ehtirası" və Ukraynada müharibəni 8 gün ərzində bitirmək planı Rusiyanın heç bir real güzəştə getmədiyi bir ssenaridə baş tuta bilər. Belə bir nəticə isə yalnız Kremlin xeyrinə işləyəcək. Ən təhlükəlisi isə odur ki, bu razılaşma Rusiya ilə ABŞ arasında elə bir enerji sazişinə çevrilə bilər ki, bu, Avropa üçün son illərdə qazandığı enerji müstəqilliyini itirmək anlamına gələcək.
Rusiya qazı Avropaya qayıdır?
Hazırda ABŞ Avropaya sıxılmış təbii qazın (LNG) əsas tədarükçüsüdür. Bu vəziyyət 2022-ci ildə Rusiyanın Ukraynaya hücumu və Avropa ölkələrinin qazdan asılılığı azaltmaq üçün həyata keçirdiyi addımlar nəticəsində formalaşıb. Lakin nəşr bildirir ki, Şərqi və Mərkəzi Avropa ölkələrində, həmçinin enerji sahəsində çalışan amerikalı ekspertlər arasında ciddi narahatlıq var: Tramp Ukraynadakı müharibəni bitirmək üçün Rusiyaya enerji sahəsində güzəşt etməyə hazırdır.
Söhbət xüsusilə Rusiyanın sıxılmış qazının Avropa bazarına qayıtmasından gedir. Belə bir ssenari ABŞ-ın enerji sektoruna ciddi zərbə vura bilər. Nəşrə danışan məlumatlı mənbələrə görə, hazırda Ağ Ev daxilində bu məsələyə dair iki qarşı duran mövqe formalaşıb. Bir tərəf hər vasitə ilə sülh sazişinə nail olmaq istəyirsə, digər tərəf, xüsusilə enerji sektorundan olan rəsmilər bunun ABŞ-ın qaz ixracına və enerji təhlükəsizliyinə mənfi təsir göstərəcəyini deyir.
"Tramp Rusiya qazını Avropanın "boğazından keçirməyə" çalışacaq"
Adı açıqlanmayan mənbələrdən biri bildirir ki, əgər Tramp Rusiya ilə belə bir razılaşma imzalayarsa və sanksiyaları ləğv edərsə, bu, Avropaya qarşı zorakı iqtisadi təzyiq kimi qəbul ediləcək: "Avropa bu illər ərzində Rusiyanın qaz asılılığından çıxmaq üçün böyük səy göstərib. İndi isə Tramp Rusiya qazını Avropanın "boğazından keçirməyə" çalıçacaq".
Şərqi Avropa ölkələri "Qazprom"un qayıdışına qəti şəkildə qarşı çıxsa da, Qərbi Avropa bu məsələyə daha praqmatik baxa bilər. Bu isə Avropa İttifaqı daxilində parçalanma riskini artırır. Nəşrin müəllifləri xəbərdarlıq edir: Trampın populist və nümayişkaranə üslubu onu Rusiya ilə elə bir "sülh" müqaviləsinə sürükləyə bilər ki, bu, Ukraynanın maraqlarını qurban verəcək, ABŞ-ın enerji ixracını zəiflədəcək və Avropanın siyasi bütövlüyünə zərbə vuracaq.
Putin ultimatumlara məhəl qoymur
Xatırladaq ki, bu həftə Tramp Putin üçün yeni bir ultimatum irəli sürüb və müharibənin avqustun 8-dək bitməsini tələb edib. Lakin "Time" jurnalının baş redaktoru Yan Bremmer kimi bəzi analitiklər bu ultimatumların real nəticə verəcəyinə inanmır. Onların fikrincə, Putin bu cür təhdidlərə əhəmiyyət vermir və uzunmüddətli perspektivdə qalib gələcəyini düşünür. Beləliklə, Trampın "barış" arzusu əslində, təkcə Ukraynanı yox, Qərbin bütövlüyünü də təhlükə altına ata bilər.