Kremlin kompromis axtarışı və dəyişməyən sülh şərtləri: Moskva gözləmədə
Bu gün, 09:18

Rusiya “kompromislər” və “Ukraynanın təhlükəsizliyini” müzakirə etməyə hazırdır
Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiya “kompromislər” hazırlamağa hazırdır və Kiyevin “Ukraynanın təhlükəsizliyini” müharibə nizamlanmasının bir hissəsi kimi müzakirə etmək təklifini dəstəkləyir.
"Ukrayna nümayəndə heyəti belə bir fikir ifadə etdi ki, həm Rusiyanın, həm də Ukraynanın təhlükəsizliyindən ümumi Avropa təhlükəsizliyi kontekstində danışmaq yəqin ki, məntiqlidir. Bu, Ukrayna nümayəndə heyətinin liderlərindən birinin dediyi idi. Ümumiyyətlə, biz bunun düzgün olduğuna inanırıq", - Putin Belarus Prezidenti Aleksandr Lukaşenko ilə Valaamda keçirilən görüşdən sonra deyib.
Putinin sözlərinə görə, o Ukrayna nümayəndələri ilə İstanbulda siyasi, humanitar və hərbi məsələlər üzrə işçi qrupların yaradılması barədə razılığın əldə edildiyi üç raund danışıqları müsbət qiymətləndirib.
"Biz razılaşdıq ki, bu cür danışıqları kameralarsız və heç bir siyasi səs-küy olmadan sakit şəkildə apara bilərik və kompromislər axtara bilərik. Onlar, yəni ki, qruplar hələ işə başlamayıblar, amma ümumilikdə, təkrar edirəm, ilk reaksiya - bizə göründüyü kimi - Ukrayna tərəfdən müsbət olub. Ona görə də bu prosesin başlanacağını gözləyirik", - Putin bildirib.
Rusiya lideri əlavə edib ki, Rusiyanın sülh şərtləri 2024-cü ildən bəridir dəyişməz qalır: "Bir daha təkrar edirəm, bizə həm Rusiyanı, həm Ukraynanı qane edəcək, həm də hər iki ölkənin təhlükəsizliyini təmin edəcək yaxşı baza əsasında uzunmüddətli və davamlı sülh lazımdır. Və yəqin ki, Ukrayna tərəfdən olan danışıqlarçılar haqlıdırlar. Yeri gəlmişkən, bu qədər ehtiyatla danışırlar, lakin buna baxmayaraq, Avropanın təhlükəsizliyi barədə fikir yürütməyə ehtiyac yoxdur”.
Rusiya Prezidentinin belə bəyanatları ABŞ Prezidenti Donald Trampın Putindən “məyus olduğunu” və Rusiya neftini əsas ixrac bazarlarından kəsmək məqsədi ilə Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etməyə hazır olduğunu bildirən ritorikasını kəskin şəkildə sərtləşdirməsindən sonra səsləndirilir.
Trampın hədəfi Rusiyanın dəniz neft ixracının yarısının getdiyi Hindistan idi. Tramp avqustun 1-də Hindistan mallarına 25 faiz rüsum tətbiq edib və Kremllə əməkdaşlığa görə “cərimə” tarifləri ilə hədələyib. Trampın ultimatumunun müddəti avqustun 8-də başa çatır. Həmin tarixdən sonra Ağ Ev Rusiyadan neft alan və bununla da Kremlin döyüş maşınını maliyyələşdirən ölkələrə 100 faiz rüsum tətbiq edəcəyini vəd edir.
“Reuters” agentliyinin məlumatına görə, Hindistanın dövlət neft emalı zavodları bu həftə Rusiyadan xammal alışını dayandırıb.
“Bloomberg” mənbələri isə bildiriblər ki, Hindistan hökuməti neft istehsalçılarına Rusiya neftinə tam qadağaya hazırlaşmaq və alternativ tədarükçülər axtarmağı tapşırıb. Bunun fonunda beynəlxalq ekspertlər bildirirlər ki, Rusiya Prezidentinin Ukrayna ilə sülh məsələsinə baxışında müəyyən dəyişiklik nəzərə çarpır.
Müəllif: Turan Abdulla
ayna.az