8 MART, “ALTUN” SARAY, İMİŞLİ SUVARMA SİSTEMLƏRİ İDARƏSİNİN RƏİSİ NİZAMİ MƏMMƏDOVUN 50 İLLİK TƏMTƏRAQLI YUBİLEYİ - PREZİDENT İRADƏSİNƏ QARŞI MƏMUR ÖZBAŞINALIĞI
1-06-2017, 14:42
8 MART, “ALTUN” SARAY, İMİŞLİ SUVARMA SİSTEMLƏRİ İDARƏSİNİN RƏİSİ NİZAMİ MƏMMƏDOVUN 50 İLLİK TƏMTƏRAQLI YUBİLEYİ
ALTUN SARAYDA AD GÜNÜNÜ KEÇİRƏN MƏMUR ƏHMƏDZADƏNİN İMİŞLİDƏKİ MÜƏSSİSƏLƏRİNDƏN BİRİNİN RƏİSİ OLUB
PREZİDENTİN İRADƏSİNƏ QARŞI ÇIXAN İMİŞLİ RAYON MƏMURU – VİLYAM HACIYEVİN BUNDAN XƏBƏRİ VAR...?
"Bəzi hallarda özləri üçün böyük məclislər düzəldirlər, təmtəraqlı toylar düzəldirlər, yubileylər düzəldirlər. Yaraşırmı bu dövlət məmuruna? Mən öz 50 illiyimi Ağcabədidə köçkünlərlə keçirmişəm. Bu, mənim təbiətimdir. İkincisi, bir yol göstərirəm. Belə olmaq lazımdır. Təmtəraqlı toylar, ad günləri, yubileylər, bahalı hədiyyələr - bunu yığışdırın, bəsdirin. Kim bunu eləyir, bilir kimi mən nəzərdə tuturam. Bu, həm yerli icra orqanlarına aiddir, həm də mərkəzi icra orqanlarının rəhbərlərinə aiddir".
PREZİDENT İRADƏSİNƏ QARŞI MƏMUR ÖZBAŞINALIĞI
Bu ölkə başçısının Azərbaycan məmuru üçün təqdim etdiyi idarəçilik prinsipi, davranış mədəniyyəti, məsələyə daha qlobal baxış bucağından yanaşdıqda isə yol xəritəsidir. Azərbaycan Prezidentinin rəsmiyyətdən kənar, öz şəxsi həyatına tətbiq etdiyi səmimiyyəti, sadəliyi sıradan bir dövlət məmurunun qəbul etmədiyi faktlar əfsuslar olsun ki, hələ də var. Əslində bu hal sadəcə dövlət başçısının iradəsinə qarşı çıxmaqdır. Görəsən bəzi nazirlər, komitə və ya ASC sədrlərinin bu tip məsələdə laqeyidliyinin və görməzdən gəlmələrinin səbəbi nədir? Xatırladaq ki, çox da uzaq olmayan keçmişdə bu kimi özfəaliyyətlər ölkəni xaosa sürükləmişdi. Nəticədə həm daxili idarəçilikdə, həm Qarabağ savaşında itirən sadəcə dövlət və xalq oldu.
Bu günlərdə Xeberdar.net-ə Əhməd Əhmədzadənin rəhbərlik etdyi Meliorasiya və Su Təsərrüfatı ASC-yə tabe olan İmişli Suvarma Sistemləri idarəsinin rəisi Nizami Məmmədovla bağlı oİduqca ilginc məlumatlar daxil oldu. Belə ki, 8 martda doğulan idarə rəisi məhz həmin gün paytaxtın prestijli restoranlarından biri olan “ALTUN” sarayda özünə ölkə şou-biznes nümayəndələrinin iştirakı ilə dəbdəbəli ad günü keçirib. Mənbənin verdiyi məlumata görə idarə rəisini səhnədə yerləşdirilən elektron tabloda “Nizami 50 yaş, təbrik edirik” – sözləri ilə məclis iştirakçıları təbrik ediblər. Bundan başqa Nizami Məmmədovun 50 illik yubileyində iştirak edən yaxınları və doğmalarının adları və təbrikləri də ardıcıl olaraq səhnəyə quraşdırılmış elektron tabloda yazılırmış. Məlumatı verən mənbə əlavə olaraq qeyd etdi ki, İmişli Suvarma Sistemləri idarəsinin rəisi Nizami Məmmədovun özü üçün təşkil etdiyi 50 illik yubiley tədbiri ilk belə hadisə deyil. Qeyd edək ki, idarə rəisi hər il ənənəvi olaraq ad günlərini böyük təmtəraqla paytaxtın müxtəlif restoranlarında qeyd edir. Belə ki, ötən il 49 yaşını paytaxtdakı “NEON” palacedə qeyd edən İmişli Suvarma Sistemləri idarəsinin rəisi Nizami Məmmədov yuxarıda qeyd olunduğu kimi bu il, 50 illik yubileyini daha təmtəraqlı məkan hesab olunan “ALTUN” sarayda qeyd etməyə üstünlük verib. Müğənni Səidə Sultanında iştirak etdiyi yubiley tədbirində idarə rəisinin azyaşlı qonaqlarını əyləndirmək üçün səhnədə klounlarda yer alıb. Xatırladaq ki, İmişli Suvarma Sistemləri idarəsinin rəisi mətbuatın gündəminə rayon mərkəzindən keçən MTS adlı su kanalının üzərində çoxlu sayda, müxtəlif təyinatlı kommersiya obyektlərinin tikintisinə icazə verməsi ilə gəlmişdi. Həmin kommersiya obyektlərinin tikintisindən sonra ciddi antisanitariya mənbəyinə çevrilən kanal, sözün əsl mənasında zibil poliqonunu xatırladır. Mətbuatın bu məsələ ilə bağlı dəfələrlə konkret şəkilli faktlar təqdim etməsnə baxmayaraq, hələ ki, problem həllini tapmayıb. Nəzərə alsaq ki, qarşıdan isti yay ayları gəlir və zibil poliqonunu xatırladan kanaldan ətrafa yayılan üfunət, həmin ərazidəki zərərverici həşaratların törədə biləcəyi fəsadlar və s. nəticə etibarı ilə heç də xoş olmayan mənzərə yarada bilər, o halda... Lakin göründüyü kimi nə rayonun icra strukturunu, nə də İmişli Suvarma Sistemləri idarəsinin rəisi Nizami Məmmədovu mövcud durum narahat etmir. Belə olan təqdirdə bir daha xatırladaq. Prezident İlham Əliyev yanvarın 30-da regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda belə söyləmişdi: ...Hər kəs bilsin, eşitsin və nəticə çıxarsın. Məmurlar xalq üçün yaşayırlar, əksinə deyil. Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət göstərməlidir, köməklik göstərməlidir, yekəxanalıq etməməlidir, hansısa qanunsuz tələb irəli sürməməlidir, özünü təvazökar aparmalıdır - özü də, ailə üzvləri də, nümunə olmalıdır, rüşvətxorluqla məşğul olmamalıdır, soyğunçuluqla məşğul olmamalıdır. Məmur bax belə, dediyim kimi olmalıdır. Mən hər bir dövlət məmurunu təyin edəndə və ya icra başçısını başqa vəzifəyə qəbul edəndə də göstərişlər verirəm ki, get, insanlara qulluq elə, xidmət elə, dövlətə xidmət elə, təmiz işlə. Amma əfsuslar olsun ki, bəziləri nəticə çıxarmırlar və onların da cəzası verilir və veriləcəkdir.
Göründüyü kimi bəzi məmurlar hətta ölkə prezidentinin xəbərdarlığından belə nəticə çıxarmırlar. Məsələnin ən qəribə tərəfi isə Prezidentin müvafiq Sərəncamı ilə icra başçısı təyin edilən rayon rəhbərləri bu kimi hallara biganə münasibət sərgiləməklə, sadə vətəndaşın narazılığına stimul verirlər. Belə olan təqdirdə vətəndaşın dövlətinə güvənsizliyi yarana bilər. Görəsən bəzi rayon icra hakimiyyətinn başçıları təkəbbürlü, dövlət vəzifəsindən istifadə etməklə ifrat dərəcədə kapitala sahib olan məmurları qorumaqda məqsədləri nədir? Nədən dövlət başçısının illərdir apardığı məqsədyönlü siyasətə öz harın, laqeyid yaşam tərzləri ilə qarşı çıxırlar? Axı rayon icra başçıları Prezidentin təyin olunduqları bölgələrdə rəsmi təmsilçiləridirlər. Bəyəm sabiq İqtisadi İnkişaf naziri Heydər Babayevin belə şou-ad gününün güdazına getməsi o qədərmi uzaq tarixdir? Onun ad günündə hətta stiriptizçi qızlar da iştirak edirmiş. Məsələ böyümüşdü, hörmətli dövlət başçısı bir müşavirədə açıq şəkildə söylədi ki, bəzi məmurlar milli əxlaqa zidd hərəkətlərin də yol verildiyi təmtəraqlı ad günləri keçirirlər. Daha sonra bu ittihamın hədəfini bütün ölkə ictimaiyyəti qəzetlər vasitəsilə bildi. Ən sonda da qəzetlər İqtisadi İnkişaf nazirinin işdən qovulması barədə Prezident fərmanını dərc etdilər. Təsadüfi deyil ki, cənab Prezident milli mətbuatın yaradılmasının 140 illiyi münasibətilə Mətbuat Şurasının üzvləri ilə görüşündə: “Ölkədəki vəziyyəti, hadisələri bir çox hallarda mətbuatdan izləyirəm və dərhal da reaksiya verirəm. Media problemlərin aşkara çıxarılması üçün mənim ən yaxın dəstəkçilərimdən biridir” – dedi. Sual olunur: bir neçə yüz manat əmək haqqı alan idarə rəisi necə olur ki, ad günlərini, yubileylərini paytaxtda, dəbdəbəli restoranlarda qeyd edə bilir? Və bu insanların aylıq yaşamının o dövrünə təsadüf edir ki, türklər demiş “əkmək aslanın ağzındadır”. Görəsən Nizami Məmmədovun “ALTUN” sarayda təşkil etdiyi 50 illik yubiley tədbirindən Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadənin və İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin xəbəri olubmu? Hər iki şəxsdən - cənab Əhməd Əhmədzadədən və cənab Vilyam Hacıyevdən soruşmaq istəyirik: Nizami Məmmədov dövlət görəvlisi, idarə rəisi olduğu halda dəbdəbəli restoranda özünə 50 illik yubiley tədbiri keçirməkdə haqlıdırmı? Əgər haqlıdırsa... Bu yerdə yenə də cənab Prezidentin müşavirələrin birində dediyi: “Əminəm ki, növbəti illərdə rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizəmiz daha da gözəl nəticələr verəcəkdir. Bunu deməyə əsas verən görülən işlərdir, aparılan islahatlardır və güclü siyasi iradəmizdir. Azərbaycanda korrupsiyaya və rüşvətxorluğa yer olmamalıdır. Bütün dövlət məmurları bunu eşitsinlər, bilsinlər və elə işləsinlər ki, həmişə dövlət və xalq qarşısında alnıaçıq, üzüağ olsunlar”.
Yazının bu mərhələsində Prezidentin vəzifəli şəxslər və onların övladları ilə bağlı dediklərini də dəyərli oxuculara və məlumatda adı çəkilən şəxslərə də xatırlatmaqda sadəcə fayda var: "Vəzifəli şəxslərin uşaqları qudurğanlıq edirlər. İnsanları təhqir edirlər. Özlərini apara bilmirlər. Kim onlara bu statusu verib cəmiyyətdə? Onların, necə deyərlər, güvəndiyi adamları mən təyin eləmişəm vəzifəyə. Mən də çıxardacağam, lazım bildikdə. Bir də bilsəm ki, kiminsə ailə üzvü haradasa xuliqanlıq eləyir, nadanlıq eləyir, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaq".
İmişli Suvarma Sistemləri idarəsinin rəisi Nizami Məmmədovla bağlı əldə etdiyimiz məlumatdan sonra onunla və bəzi yaxınları ilə bağlı apardığımız araşdırmalarımız zamanı şok detallar ortaya çıxdı. Dəyərli oxucuların diqqətinə çatdırmağı özümüzə borc bilirik ki, bir müddət əvvəl Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürovda qızı Aysel Şükürovaya etdiyi bahalı toy mərasimindən sonra medianın gündəminə gəlmişdi. Və nəticədə bu şəxsin özünün və övladının sadə vətəndaşın ağlına belə gəlməyən fantastik yaşam tərzləri ortaya çıxdı. Bizim araşdırmamız zamanı da heç də Aysel Şükürovadan geri qalmayan foto və video detallar oldu.
Araşdırmamız davam edir.
Mövzuya qayıdacağıq.
Redaksiyadan: Yazıda adı çəkilən qurum və ya şəxslərin də mövqelərini dərc etməyə hazırıq.
Aslan
teref.az