Gəncə səhiyyəsində Yaşar Əliyev "bəla"sı - PROBLEM
10-07-2015, 16:48
Redaksiyamıza daxil olan məlumatlarda son vaxtlar Gəncə şəhər səhiyyə sistemində bir çox problemlərin yaşandığı bildirilir. Məlum olduğu kimi bu gün Gəncə şəhər Səhiyyə İdarəsinin tabeliyində 30-dan artıq tibb müəssisəsi fəaliyyət göstərir. Səhiyyə İdarəsinə rəhbərlik isə keçən ilin axırlarından tibb elmləri doktoru Əlikram Məmmədov tərəfindən həyata keçirilir. Qeyd etmək lazımdır ki, əslində aldığımız məlumatlarda bilavasitə Əlikram Məmmədovun fəaliyyətinə dair konkret iradlar irəli sürülmür. Bununla belə idarənin tabeliyində olan bəzi səhiyyə ocaqlarının işi əksər yerli sakinlər tərəfindən tamamilə qeyri-qənaətbəxş kimi qiymətləndirilir. Daxil olan məlumatlarda yarıtmaz fəaliyyəti ilə xəstələrin və yerli ictimaiyyətin daha çox narazılıqlarına səbəb olan müəssisələr kimi Yaşar Əliyevin rəhbərlik etdiyi Psixonevroloji Dispanser və Rasim Hüseynovun baş həkim olduğu 3 saylı poliklinika göstərilir. Bu xüsusda redaksiyamıza daxil olan məlumatlarda Gəncə şəhər Psixonevroloji Dispanserinin baş həkimi Yaşar Əliyevin öz fəaliyyətində bir çox ciddi qanun pozuntularına yol verdiyi bildirirlir. İlk növbədə məlumatlarda iddia olunur ki, baş həkimlə razılığa gələn sağlam şəxslər müxtəlif məqsədlər üçün bu müəssisədən “dəlilik kağızı” ala bilirlər. Saxta yolla əldə edilən “dəlilik kağızı” isə əsasən hansısa cinayət hadisəsi törətmiş vətəndaşın məsuliyyətdən kənarda qala bilməs, və yaxud da əsgəri xidmətdən yayınmaq üçün müstəsna rol oynayır. Əldə etdiyimiz daha bir məlumata görə görə, Gəncə şəhər Psixonevroloji Dispanserində heç bir xəstənin pulsuz müalicə və müayinə olunmaq şansı yoxdur. Həkimlər isə Yaşar Əliyevin tapşırığı əsasında müalicənin müddətini uzatmağa çalışırlar. Digər tərəfdən də dispanserdə müalicə olunan xəstələr müəssisə rəhbərliyi tərəfindən dözülməz haqsızlıqlara məruz qalırlar. Belə ki, dispanserdə müalicə alan xəstələr bəzi hallarda ayrı-ayrı işlərə cəlb olunurlar. Həmçinin qəzetimizin ötən saylarında dərc etdiyimiz materiallarda biz artıq redaksiyamıza Gəncə şəhər 3 saylı poliklinikasında yer almış bəzi neqativ hallardan bəhs edən məlumatların daxil olduğunu da bildirmişdik. Həmin məlumatlarda baş həkim Rasim Hüseynovun rəhbərlik etdiyi bu poliklinikada vəziyyətin həddindən artıq acınacaqlı olduğunu bildirilir. Qeyd olunur ki, xəstələr 3 saylı poliklinikanın baş həkimindən tutmuş, tibb bacılarına qədər hamıya pul ödəməli olurlar. Belə ki, pul verməyən xəstələr nə əməlli müayinədən keçə bilmirlər, nə də onlara doğru-dürüst müalicə təyin olunmur. 3 saylı poliklinikada yaranmış vəziyyətdən şikayətlənən digər şəhər sakini isə həmin tibb müəssisəsinin rəhbərliyini həm də saxta arayışların verilməsində ittiham edir. Açıqlamada idia olunur ki, bu tibb müəssisəsində xəstəlik kağızlarının (bülleten), 88 saylı forma və digər arayışların verilməsi artıq çoxdan əsil kommersiya fəaliyyətinə çevrilib. Daxil olan digər bir məlumatda isə 3 saylı poliklinikada tətbiq olunan “ölü canlar” üsulu ilə dövlət vəsaitlərini mənimsəmə hallarından bəhs olunur. Təəssüflər olsun ki, həm 3 saylı Gəncə şəhər poliklinikasında, həm də şəhər Psixonevroloji Dispanserində baş verənlərə dair dəfələrlə Gəncə şəhər Səhiyyə İdarəsinə müraciətlər edilsə də bu idarənin rəhbərliyi tərəfindən hələ də bu tibb müəssisələrinin fəaliyyətinin araşdırılması istiqamətində heç bir addım atılmamışdır. Həmçinin, Gəncə Şəhər İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən bu günə qədər qeyd olunan problemlərin həlli üçün müvafiq tədbirlərin görülməməsi də şəhər ictimaiyyətini ciddi narahat etməkdədir...