Oğlu adam öldürən iş adamına yeni ittihamlar

19-07-2017, 09:34           
Oğlu adam öldürən iş adamına yeni ittihamlar
Faiq Seyidovun əsas fiqurant olduğu işlərdə eyni ssenari ilə 2 şəxs həbs olunub - ilginc təfərrüat


Avtobus sürücüsünə hücum edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini Novruzəli Orucovun oğlu Rüstəm Orucovun həbsi ölkə ictimiyyətindən gizlədilən cinayətlərin üzə çıxmasına səbəb olub.


Xatırladaq ki, 2017-ci il iyulun 3-də generalın oğlu Rüstəm Orucov “Xaliq Faiqoğlu” MMC-nin faktiki sahibi Faiq Seyidovun nəzarətində olan marşrut xətlərindən birində sürücü olan Sənan Səmədova xəsarət yetirib. Məsələ tərəflərin barışığı ilə sonunclandığı bir vaxtda Faiq Seyidov dövriyyəyə girib və general oğlunun həbsi, atasının tutduğu vəzifədən qovulması ilə nəticələnən qərarın verilməsini şərtləndirib.


Bundan sonra F.Seyidovun oğlu, ardınca isə özü ilə bağlı çox ilginc detallar üzə çıxıb. Aydın olub ki, F.Seyidovun oğlu Xaliq Seyidov sərəncamında Az 10 LU 090 dövlət nömrə nişanlı “Mercedes GL” markalı avtomobili ilə Binəqədi rayonu ərazisində yol-nəqliyyat hadisəsi törədib. O, avtomobilini yüksək sürətlə idarə etdiyindən qarşısına çıxan piyadanı vurub. Piyada isə aldığı ağır xəsarətlərdən hadisə yerindəcə keçinib. İş adamının oğlunun bahalı maşınla vurduğu şəxs Müdafiə Nazirliyinin polkovnik-leytenant rütbəli zabiti Eldar Məmmədov olub. Maraqlıdır ki, E.Məmmədovun ölümü ilə nəticələnən yol qəzası “cinayət tərkibi olmadığından” xitam olunub. Xitam qərarının verilməsinin əsasları isə bu gün də geniş ictimiyyətdən gizlədilir.


General Novruzəli Orucovun oğlu Rüstəm Orucov da vaxtilə ölümlə nəticələnən avtoqəza törədib. F.Seyidovun oğlu Xaliq Seyidovun eyni tərkibli əməlini cinayət kimi qiymətləndirməyən istintaqçılar Rüstəm Orucovun əməlində cinayət tərkibi tapıblar, onu həbs edib məhkəmə qarşısında dayanmasını təmin ediblər. Niyə belə olub?


Ortada ölümlə nəticələnən 2 avtoqəza var - qəzaların nəticəsi də eynidir. Bəs niyə generalın oğlunu tutub, iş adamının oğlunu sərbəst buraxıblar? Səbəb nə olub?


Suallar açıqdır.


Maraqlıdır ki, F.Seyidovun adı keçən işlərlə bağlı məlumatlar hansısa yollarla mətbuata ayaq açmağı bacarır və məlumatlarda o, zərərçəkən kimi təqdim olunur.


Son 2 ayda F.Seyidovun adı əsas fiqurunat kimi keçən 2 belə iş olub. Həmin işlərdən biri haqda ötən gün Beynəlxalq Mətbuat Mərkəzində keçirilən mətbuat konfransında məlumat verilib.


Məlum olub ki, Faiq Seyidovla sahibkar Azadxan Xanməmmədovun arasında mülki mübahisə yaranıb. Hazırda həbsdə olan sahibkarın qardaşı Əlifağa Xanməmmədov, həyat yoldaşı Əsmər Fətullayeva, oğlu Tural Xanməmmədov və qardaşı oğlu Cavid Xanməmmədovun iştirak etdikləri mətbuat konfransında A.Xanməmmədovun vəkili C.Yusifov bildirib ki, müvəkkilinin həbsindən əvvəl barəsində mətbuatda düzgün olmayan, həqiqəti əks etdirməyən məlumatlar yayılıb. Ona görə də dövlət orqanlarına, media qurumlarına və bu məsələ ilə əlaqədar səhv təsəvvürü olan bütün şəxslərə müdafiə etdiyi şəxsin başına gələn faciənin tam təfərrüatını, dəqiqliyini, sübutlarını və səbəblərini təqdim etmək qərarını veriblər.


Vəkil deyib ki, A.Xanməmmədov sahibkar kimi şəffaf və qanunlar çərçivəsində fəaliyyət göstərib. C.Yusifov müdafiə etdiyi şəxsin “Xaliq Faiq oğlu” MMC-nin rəhbəri F.Seyidov tərəfindən şərlənərək əsassız yerə həbs edildiyini bildirib: “Azad Xanməmmədovun əsas məqsədi xüsusi mülkiyyətində olan 2100 kvadrat metr sahənin Faiq Seyidov tərəfindən ələ keçirilməsinin qarşısını almaq olub. Belə ki, F.Seyidov mülkiyyətimizdə olan əmlakdan 5 ildən çoxdur ki, qanunsuz olaraq istifadə edir və bunun müqabilində icarə haqqının ödənilməsindən belə boyun qaçırır. Xahişlərimizə, özünə və müvafiq orqanlara etdiyimiz müraciətlərə baxmayaraq, Faiq Seyidov tələblərimizə məhəl qoymur və ondan şikayət etməmək üçün ailəmizi hədələyir, müxtəlif yollarla təzyiq göstərir”.


Vəkil bildirib ki, hadisədən bir neçə gün öncə A.Xanməmmədov F.Seyidov tərəfindən zəbt edilmiş əmlakının boşaldılması barədə məhkəməyə və özünə müraciət edib: “Azad Xanməmmədov 2 min kvadrat metr sahəsi olan obyektləri ”Safa Holdinq"in sahibi, Bakıda çoxsaylı marşrutları, obyektləri olan Faiq Seyidova icarəyə verib. Amma icarə haqqını ala bilməyib. Buna görə də Azad Xanməmmədov məhkəməyə üz tutub. Faiq Seyidov Azad Xanməmmədovun məhkəməyə müraciətindən xəbər tutduqdan sonra həmin əmlakın yerləşdiyi binada təxribat törədəcəyini və Xanməmmədovun ailəsini hədələyərək hamısını zindanlarda çürüdəcəyini bildirib.

Azad Xanməmmədov isə əmlakın onun adına olmasından, həmin əmlakın yararsız hala salınacağından, binada təxribat törədiləcəyindən və nəticədə sadə insanların zərər çəkə biləcəyindən ehtiyat edərək obyektləri qorumaq məqsədilə qanunauyğun şəkildə “Riyad” Mühafizə Xidməti ilə müqavilə bağlayıb. Mühafizə Xidməti ərazinin mühafizəsini həyata keçirməyə başlayan zaman Faiq Seyidov və onun tərəfdarları tərəfindən əvvəlcədən planlaşdırılmış təxribat xarakterli hərəkətlərə yol verilərək məqsədli şəkildə münaqişə yaradılıb və nəticədə onlar hadisədə heç bir iştirakı olmayan Azad Xanməmmədovun həbsinə nail olublar. Xanməmmədov barəsində cinayət işi başlanıb və 3 ay müddətində həbs-qətimkan tədbiri seçilib".


Vəkil bildirib ki, hazırda işlə bağlı istintaq gedir, onlar isə Azərbaycan qanunlarına arxalanırlar: “Azad Xanməmmədov, ümumiyyətlə, baş vermiş hadisənin iştirakçısı olmayıb, xuliqanlıq etməyib, sadəcə, əmlakının mühafizəsi üçün qanunvericiliyin tələblərinə uyğun müqavilə bağlayıb. Bu məsələ ilə bağlı ”Riyad" Mühafizə Xidmətinin mediaya verdiyi rəsmi açıqlama da var. Açıqlamada bildirilir ki, hadisədə zərərçəkən sahibkarla yanaşı, “Riyad” Mühafizə Xidmətinin əməkdaşları da var. Hücuma məruz qalan, təhqir olunan məhz mühafizəçilərdir. Çünki mühafizəçilər obyektə zərər dəyməsin və mülk sahibinin icazəsi olmadan onun mülkiyyətinə daxil olmaması məqsədilə girişdə durublar. Qarşı tərəf mühafizəçilərdən olan səddi keçə bilməyəcəyini bilərək, təxribata əl atıb və soyuq silahlardan istifadə edərək ilk hücum edən olublar".


Vəkil əlavə edib ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti də mətbuata açıqlamasında bildirib ki, hadisə zamanı polis əməkdaşlarından xəsarət alan olmayıb: “Yuxarıda qeyd olunanlar bir daha Azad Xanməmmədovun niyyətinin obyektin girişində münaqişə yaratmaq deyil, sadəcə, hazırlanacaq təxribatların qarşısını almaq və mühafizənin hansı formada təşkil edilməsi barədə mühafizə xidmətinin əməkdaşlarına məlumat verməkdən ibarət olub. Həmçinin bildiririk ki, qarşı tərəfin mediaya təqdim etdiyi videogörüntülərdə Azad Xanməmmədovun baş vermiş münaqişədə iştirakı öz təsdiqini tapmayıb, çoxsaylı müraciətlərə baxmayaraq həmin videogörüntülərin tam şəkildə təqdim edilməsi təmin edilməyib”.


C.Yusifov bildirib ki, müdafiə etdiyi şəxs həbs edildikdən sonra Faiq Seyidov əmlakın ona verilməyəcəyi təqdirdə Azad Xanməmmədovun daha ağır maddələrlə ittiham olunacağı ilə hədələyir: “Halbuki cinayət hüququnda və məhkəmə praktikasında, ümumiyyətlə, CM-in 221.2.1-ci maddəsi ilə həbs-qətimkan tədbirinin seçilməsi yalnız və yalnız müstəsna hallarda nəzərdə tutulub. Hətta cənab prezident İlham Əliyevin cəza siyasətinin hümanistləşdirilməsi ilə bağlı imzaladığı son sərəncamında belə bu tipli işlərə həbs-qətimkan tədbirinin seçilməməsi öz əksini tapıb. Buna baxmayaraq, Azad Xanməmmədov barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Apelyasiya şikayəti verməyimizə baxmayaraq, qərar dəyişdirilmədən saxlanılıb. Bu isə qanunvericiliyin tələblərinin pozulması, cinayət hüququnda nəzərdə tutulmuş humanistlik prinsipinin nəzərə alınmamasıdır”.


Mətbuat konfransında iştirak edən sahibkarın ailə üzvləri A.Xanməmmədovun ağır ürək xəstəsi olduğunu bildiriblər: “Onun gündəlik həyat tərzi ağır şəkildə stasionar müalicə ilə keçir, bir neçə dəfə əməliyyat olunub, ürəyinə stend qoyulub, digər ürək damarları da 50 faiz nisbətində çalışır. Hazırda 2 aya yaxındır nə həkim nəzarəti var, nə də dərmanlarını qəbul edir. Hətta Apelyasiya Məhkəməsində hakimlər və digər iştirakçılar da ona şahid oldular ki, Azad Xanməmmədovun ürəyinin ağrısı möhkəm tutduğuna görə o, yerindəcə şok keçirdi”.


A.Xanməmmədovun ailə üzvləri prezident İlham Əliyevə müraciət edərək həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə dəyişdirilməsini xahiş ediblər.


F.Seyidovun adı keçən 2-ci iş isə iyulun 3-dən general Novruzəli Orucovun oğlunun həbsi ilə sonuclanan işdir. F.Seyidovun adı işə qarışana qədər, məsələ mətbuata çıxarılana qədər generalın oğlu ilə sürücü S.Səmədov barışdırılıb. Bu haqda mətbuatda və “Yeni Müsavat”da S.Səmədovun http://musavat.com/news/novruzeli-muellim-pul-verdi-general-oglunun-doyduyu-surucu_453406.html


müsahibəsi də olub. Eyni dəst-xətli 2 işdə F.Seyidovun adının əsas fiqurant kimi çəkilməsi təsadüfdürmü? Ortada mətbuatdan gizli saxlanmasına hesablanan 3-cü iş yoxdur ki?


E.HÜSEYNOV
P.S. Yazıda adı hallanan hər kəsi dinləməyə, mövqeyini dərc etməyə hazırıq.

















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.