«AzGranata» MMC və zəbt olunan torpaq sahələri
26-07-2017, 19:40
Apardığımız araşdırmalar göstərir ki, ARDNŞ-nin vitse-prezidentinin biznesinin böyük hissəsi doğma rayonu olan Ağsu ilə bağlıdır. Əldə etdiyimiz məlumatlara görə, Mikayıl İsmayılovun Ağsuda onlarla obyekti fəaliyyət göstərir ki, onların arasında ən diqqət çəkəni «AzGranata» MMC-dir.
Məlumat üçün qeyd edək ki, Ağsuda yerləşən zavod 8.8 hektar ərazidə salınıb. Zavodun örtülü əsas sahəsi 20500 kvadratmetrdir. İstehsalat sahəsi 15000 kvadratmetr olan zavodun örtülü köməkçi sahəsi 5500 kvadratmetrdir. Zavodun su ehtiyacını qarşılamaq üçün 6 ədəd artezian quyusu istifadəyə verilib. Artezian vasitəsilə günlük 700-800 ton su təmin edilərək zavodun istifadəsinə verilir. Bundan əlavə, zavodun 1000 ton su ehtiyyatı və saatda 40 ton suyu təmizləməyə malik su filteri mövcuddur. Zavodda 2 ədəd 2000 kV-lıq transformator, 1 ədəd 1750-lik generator. 800 kV-lıq UPS sistemi və 7 km elektrik xətti vardır. Zavodun daxili havasını saatda 10-15 dəfə dəyişəcək şəkildə havaladırma sistemi qurulub. Zavod şirə və şərab istehsalat sexləri, 5 mərtəbəli inzibati bina və ziyarətçilərin qonaqlaması üçün 3 mərtəbəli və 13 qonaq otaqlı otel binasından ibarətdir. Zavodun istehsal sexləri meyvə qəbulu, meyvə emalı, konsentrat hazırlama, şərab emalı və saxlanılması, şərabın qablaşdırılması, spirt emalı, aseptik saxlanma, meyvə şirəsi hazırlama, şüşə dolum və qablaşdırma, tetra-pak dolum və qablaşdırma bölmələrindən ibarətdir. İstehsal gücü saatda 12 ton meyvə şirəsi və 3 ton şərab olan zavod saatda 20 ton meyvə qəbulu gücünə malikdir. İllik istehsal gücü isə 50000 ton meyvə şirəsi vəya 65 milyon şərti qabdlaşdırmadır. Zavodun meyvə qəbulu sexi üzüm, nar, alma, armud və heyva çeşidləri üçün uyğundur. Meyvə qəbulu sexində meyvənin qəbulu, təmizlənməsi, sortlaşdırılması, istənməyən mikro orqanizmlərin öldürülməsi, aseptik çəndə saxlanılması və qatılaşdırılaraq konsentrat hala gətirilərək aseptik çənə doldurulması mərhələləri həyata keçirilir. Avadanlıqları Almaniya, İçveçrə, İtaliya, Bolqarıstan və Fransadan təmin edilən zavodda 2 milyon litrlik hazır məhsul anbarı da mövcuddur.
Bundan əlavə zavodun tərkibindəki analiz labaratoriyasında məhsulun kimyəvi və mikro bioloji, dad, ləzzət, aroma, görüntü və satışa uyğunluğu üçün lazım olan bütün təhlillər aparılaraq məhsulun gigiyenik və standartlara uyğunluğu təmin olunur.Ən son və modern texnologiya ilə təchiz olunmuş zavodda 3 ədəd meyvə şirəsi üçün və 1 ədəd şərab üçün cəmi 4 ədəd qablaşdırma xətti mövcuddur. 1 l, 750 ml və 200 ml-lik şüşə qablaşdırma üçün 1 ədəd qablaşdırma xəttində meyvə şirəsi və nektarı pasterizə edilərək qablara doldurulur. 1 l-lik və 200 ml-lik Tetra-Pak xəttində isə hər bir üçün 1 ədəd qablaşdırma xəttində meyvə şirəsi və nektarı pasterizə edilərək qablara doldurulur. Zavodda 16 növ meyvə şirəsi istehsal edilərək 50 ədəd şərti qablarda istehlakçıya təklif olunur. Az-Granata şirkəti meyvə sularını "Vita1000” brendi adı altında istehlakçılarına təqdim edir. Bakı şəhərində yerləşən satış mərkəzində 2 milyon litrlik hazır məhsul anbarı mövcuddur. Zavodun şərab xəttində isə Qırmızı Kəmşirin, Qırmızı Kəmturş və Ağ Turş növləri üzrə şərab istehsal olunmaqdadır. Zavod nar və üzüm ehtiyatını tərkibində olan 700 hektar bağlardan təmin etməkdədir. Bağlarda Rkasiteli və Saperavi texniki sortları ilə yanaşı süfrə üzümü də yetişdirilməkdədir. Zavodun gələcək meyvə ehtiyacını təmin etmək üçün 1000 hektar bağ salınması planlanıb. «AzGranata» zavodunun ərazisinin genişləndirilməsi zamanı yüzlərlə sakinin hüquqları pozulub və sənədlə onlara məxsus hektarlarla torpaq sahəsi zəbt edilib. Zavodun tikintisinə, eyni zamanda avadanlıqların alınmasına on milyonlarla vəsaitin xərcləndiyi bildirilir. Maraqlıdır, Mikayıl İsmayılov bu zavodun tikintisi üçün lazım olan vəsaiti hardan qazanıb? Bu sualın cavabını vitse-prezidentin ARDNŞ-dəki 11 illik fəaliyyətində axtarmaq lazımdır. Ki, bu başqa yazının mövzusudur.
Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Mənbə: qlobal.az