"Palmalı" - SOKAR savaşı qızışır - Sənədlər açıqlandı...
27-01-2018, 14:12
Türkiyənin dənizçilik üzrə ixtisaslaşmış “Deniz Haber” portalı azərbaycanlı iş adamı Mübariz Mənsimovu ifşa edib. Virtualaz.org xəbər verir ki, bundan əvvəl portal Mənsmovun hazırda ciddi maliyyə çətinlikləri içərisində olan və batmağa doğru gedən “Palmali” şirkətinin tankerlərindən birinin Danimarkanın Kalundborg Limanında texniki yoxlamalardan keçə bilmədiyini və nəticədə reysdən saxlanıldığını yazmışdı.
Lakin “Palmali” bu xəbəri təkzib edərək “Deniz Haber”i “sifarişlə şirkətə böhtan atmaqda” günahlandırıb. İddia edilib ki, portalın hissələrinin yarısını hansısa azərbaycanlı iş adamı 5 milyon dollara alıb və onu Mübariz Mənsimova qarşı çevirib.
Söhbət “Palmali”nin Rusiyadakı törəmə şirkətinə aid olan “Agsu” tankerindən gedirdi. Həmin törəmə şirkət bildirib ki, gəmi Rusiya bayrağı altında üzdüyü üçün Danimarka limanında qəsdən yoxlamalara məruz qalıb, amma reysdən saxlanılmayıb.
“Deniz Haber” isə bu dəfə Kalundborq Limanı rəsmiləri ilə danışaraq tankerin necə saxlanılığını dəqiqləşdirib. Liman rəsmiləri tankerin Rusiya bayrağı altında üzdüyü üçün saxlanıldığını təkzib ediblər. Bildiriblər ki, “Agsu” tankeri texniki nasazlıqlar səbəbindən 16 gün reysdən saxlanılıb. Çünki Paris Memorandumunun tələblərinə görə Avropa limanlarına daxil olan bütün gəmilər zəruri texniki yoxlamadan keçməlidir. “Palmali”nin tankeri isə bu memorandumun tələblərinə cavab verməyib.
Habelə sayt yazıb ki, “Agsu” tankeri ötən ilin 28 oktyabr-5 noyabr tarixlərində Riqa Limanında da saxlanılıb. Saytın bildirdiyinə görə son bir ildə “Palmali”nin tankerlərindən 6-sı 7 dəfə reysdən saxlanılıb. Bunlardan 5-i Avropa limanlarında, biri-“Palmali Voyager” yük gəmisi isə Misirdə reysdən saxlanılıb. Sayt “Palmali”nin tankerlərinin texniki nöqsanlara görə reyslərdən saxlanıldığını əks etdirən sənədlərin surətlərini də təqdim edib.
Qeyd edək ki, böyük borcların altında olan “Palmali” şirkətinin gəmilərində işləyənlərin aylarla maaş ala bilmədikləri bildirilir. Görünür maliyyə çətinlikləri səbəbindən şirkət tankerlərdə yaranan texniki nasazlıqları vaxtlı-vaxtında aradan qaldıra bilmir. Bu günlərdə SOCAR bildirmişdi ki, “Palmali” şirkətinin ona “böyük məbləğdə” borcu var. Şirkətin 16 tankeri və Türkiyədəki bəzi turizm aktivləri bundan əvvəl borclara görə SOCAR-ın mülkiyyətinə keçib.