Elmar Vəliyevin adamları medianı hədələdi: “…sizə kimin xəbər ötürdüyünü bilirik”
20-05-2018, 00:44
Gəncə şəhərindəki təhsil işçilərinin problemi daha da artıb
AFN xəbər verir ki, Gəncədəki təhsil müəssislərindən birinin bir qrup əməkdaşı Reyting.az-a müraciətlərində bildiriblər ki, şəhərdə yeni filarmoniyanın fəaliyyətə başlaması universitetlərin, kolleclərin və orta məktəb müəllimlərinin əlavə probleminə səbəb olub.
Onların iddiasına görə, Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev təhsil müəssisələrinin kollektivlərini bu filarmoniyada keçirilən bütün konsertlərdə iştiraka məcbur edir:
“Hər bir təhsil müəssisəsinə icra hakimiyyəti tərəfindən dəyəri 50 manat civarında olan konsert biletləri məcburi qaydada göndərilir. Elmar Vəliyev müavini Sevda Qurbanəliyeva, işçiləri Həsən Məmmədov və Yadigar Bədəlov vasitəsilə bütün təhsil müəssisələrinə zəng edərək, biri 50 manatdan bilet verir. Müəssisə rəhbərləri də həmin biletləri məcburi qaydada müəllimlərə satır. Konsertin müddəti keçmiş olsa da, dəxli yoxdur, pulu alınır.
Filarmoniyanın tutumundan 2 dəfə çox sayda tamaşaçıya bileti məcburi şəkildə satırlar. Çünki Elmar Vəliyev bilir ki, bu konsertlərə onsuz da heç kim gəlmir, ona görə də, məsələn, yerlərin sayı 1200 olmağına baxmayaraq, 2000-dən artıq bilet satdırır”.
Qeyd edək ki, müəllimlər redaksiyaya mayın 15-də məcburi satılan belə biletlərdən bir neçəsinin surətini göndəriblər:
“Göndərdiyimiz biletlərdə hər ehtimala qarşı sıra və yerin nömrəsini ağartmışıq. Çünki bunu etməsək, Elmar Vəliyev həmin biletin hansı müəssisəyə verildiyini müəyyənləşdirər və bizə görə təhsil müəssisəsinin bütün kollektivini Gəncədən sürgün edər. Həmin biletdən aydın görünür ki, qiyməti 50 manatdır. Həmin günü çıxış edəcək müğam ustası kimi isə Alim Qasımovun adı yazılıb”.
Müəllimlər bildiriblər ki, icra başçısı Elmar Vəliyev bununla yanaşı, “Kəpəz” futbol komandasının biletlərini də müəllimlərə məcburi satdırır:
“Tələbə və müəllimləri dərsdən çıxarıb məcburi qaydada futbola, iməciliyə, küçə süpürməyə, hansısa bir obyektin açılışına və başqa tədbirlərə aparırlar. Bir gün valideyn bunların xirtdəyindən yapışıb soruşacaq ki, mən təhsilhaqqı ödəyib övladımı bura təhsil almağa göndərirəm, yoxsa futbola baxmağa?
Hansı müəssisə müdiri bu biletləri götürməsə və ya pulunu bir gün gecikdirsə, ona ciddi problem yaranır. Belə şəxs ya vəzifəsini itirir, ya da ən yaxşı halda iclaslarda icra başçısı Elmar Vəliyevin “söz ehtiyatı”nda olan biabırçı təhqir və söyüşlərə tuş gəlir”.
Şikayətçilər yazırlar ki, bir ayda əgər 4-5 konsert olarsa, onda kasıb müəllimlərin aylıq maaşları heç bilet pulunu da ödəmir:
“Bu gün 1200 nəfərdən çox tamaşaçı tutumu olan filarmoniya artıq Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev və filarmoniyanın direktoru Samir Cəfərov üçün qazanc mənbəyinə çevrilib”.
Müəllimlər bildirirlər ki, Gəncə şəhərində olan bütün təhsil müəssisələri Elmar Vəliyevin əlindən cana yığılıb: “Camaat bilmir boğazının-evinin bazarlığının dərdini çəksin, uşağının problemlərini həll etsin, yoxsa Elmar Vəliyevin cibini doldursun. Məktəblərin hamısına konsertə bilet satdırır, direktorlar da sinif rəhbərlərinə tapşırır ki, hər uşaqdan pul yığsınlar. Müəllimlər də qalıblar pis vəziyyətdə. 50 manatdan 20-30 bilet verilir. Məbləği adam başına bölürlər və yığırlar. Hər ay bir neçə dəfə belə “konsert” olur. Bu pulları ödəməkdə çətinlik çəkirik. Belə vəziyyət nə vaxta kimi davam edəcək?”
İcra başçısı 50 manatdan bilet satdırır, şəhərin deputatı isə...
Müəllimlər artıq bezdiklərini yazırlar: “Uşaq bağçaları, orta məktəblər, kolleclər, peşə məktəbləri, universitetlər, səhiyyə idarələri, xəstəxanalar – bütün müəssisələr bilet problemini yaşayır. Az qalırlar məcburi şəkildə hər evə bilet satsınlar. Dolayısı ilə bütün şəhər əhalisini bilet ticarətinə cəlb etməklə məcburi bilet aldırırlar.
Məktəblərdə şagirdlər üçün zorla forma satmaqdan tutmuş fond puluna qədər hər şey tətbiq edərək pul yığırlar. Yetər artıq!”.
Gəncə ilə bağlı öz ad və soyadları ilə şikayət etməyin heç bir mənası olmadığını, əksinə, 300-500 nəfərlik böyük iclaslarda təhqir edilmə ehtimalının 100 faiz olacağını düşünən müəllimlər bildirir ki, başçının şəhərdə keçirdiyi elə bir tədbir, elə bir iclas yoxdur ki, ora ən azı iki saat gecikməsin:
Xural.com Gəncə Şəhər İcra Hakimiyyətinin və Elmar Vəliyevin məsələyə münasibətini öyrənmək üçün Gəncə ilə əlaqə saxlamağa çalışdı. Bizə kimsə cavab vermədi, ancaq İcra Hakimiyyətindən adının çəkilməsini istəməyən bir şəxs əsəbi formada bunları dedi: “Bilirik, sizləri kim maliyyələşdirir, sizə, “Reytinq” qəzetinə, “Unikal” qəzetinə və digərlərinə kimlərin xəbər ötürdüyünü, burada iş-güclərini başlı-başına qoyub gedib Bakıda oturub ara qarışdıranları, cənab Prezidentin təyin etdiyi kadrlarına ictimai etimadsızlıq yaratmaq üçün bütün yaramazlıqları kimin etdiyini bilirik. Yaxın günlərdə ola bilsin, şəhər rəhbərliyinin bu haqda açıqlaması olacaq.” Açıqlamanın olacağı təqdirdə bizə göndərilməsini və bizə xəbər ötürənin adının bizə də deyilməsini Elmar Vəliyevin adamına söylədik və maliyyə məsələsinə aydınlıq gətirməsini tələb etdik, ancaq cavab yerinə söndürülmüş telefonun səsini eşitdik.