Bəylər Əyyubov Bakıya yeni mer gətirir ?
21-06-2018, 00:14
ABŞ-a köçən tanınmış politoloq, "Şərq Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu illərlə apardığı müşahidə və aldığı məlumatlar əsasında özünün bloqunda sensasion xarakterli, şok effektli son dərəcə ilginc yazılar yazmaqda davam edir. O, ötən aylarda Eldar Mahmudovun 11 illik fəaliyyəti haqda, MTN-də həmin illər ərzində baş verən, ölkənin ictimai-siyasi həyatını silkələyən, lakin bir çox tərəfləri gizli saxlanılan olayların bəzilərinin üzərindən sirr pərdəsini qaldıran müəllif yazıları ilə çıxış edib.
Ərəstun Oruclu bu səpkili yazılarını davam etdirir. Yazılardan birində Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) rəhbərliyinə kimin gətiriləcəyi şəxsin adını qeyd edib.
Ərəstun Oruclu bloqunda yazır: ''Qruplar arasındakı bugünkü mübarizənin əsas, bəlkə də həlledici hədəfi isə hələlik boş qalan Bakı ŞİH-nin başçısı postudur ki, qruplaşmalardan hər biri bu posta nəzarəti ələ keçirməyə çalışır. "Əliyev-Əyyubov qruplaşması" bu posta artıq konkret namizədini də müəyyənləşdirib. Əlbəttə ki, söhbət Bəylər Əyyubovun qohumu və artıq brinci yazıdan yaxşı tanıdığınız respublikanın hərbi prokuroru Xanlar Vəliyevin qardaşı, Gəncə ŞİH-nin başçısı Yelmar Vəliyevdən gedir. Bəli, Gəncənin tarixi arxitekturasından tutmuş onun ruhuna qədər hər şeyi dağıtmaq üçün əlindən gələni etmiş həmin Yelmar Vəliyev...''
Sabiq MTN-çinin bloqundan sitat: ''Amma bu plan yalnız bir halda baş tuta bilər - Mehdiyev geri çəkilərsə. Lakin Azərbaycana Rusiya təsirinin öz pik nöqtəsinə çatdığı bir vaxtda əvvəlkindən özünə daha inamlı görünənŞ mediaya açıqlamalarilə meydan oxuyan "boz kardinalın" bunu edəcəyi inandırıcı görünmür və deməli, hakimiyyətdaxili mübarizə də getdikcə kəskinləşəcək. Bu da öz növbəsində o deməkdir ki, ölkədə nə siyasi, nə də iqtisadi islahatlar aparılmayacaq və konturları hələ tam aydın görünməyən geosiyasi burulğanın mərkəzinə yaxın olan Azərbaycanda hətta yaxın zamanlarda nələrin baş verə biləcəyini söyləmək heç də asan olmayacaq''.
Bakıya rəhbər olacaq namizədlər arasında ''Azərbaycan Dəmir Yolları''nın rəhbəri Cavid Qurbanov, gənclər və idman naziri Azad Rəhimov, Bakı Metropoliteninin rəisi Zaur Həsənov, Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, 'Azərgold'' QSC-nin sədri Zakir İbrahimovun adı hallanırdı.
Digər versiya isə Bakı Böyük Şəhər Bələdiyyəsinin yaradılmasıdır. "Yeni Müsavat”a danışan Bələdiyyə Alyansının koordinatoru Abel Bayramov bildirmişdi ki, Azərbaycan Avropa Şurasına üzv olan yeganə dövlətdir ki, onun böyük şəhər bələdiyyəsi yoxdur: "Bakı şəhərində çoxsaylı bələdiyyələr fəaliyyət göstərir. Halbuki Bakı özü vahid bir orqanizmdir, burada infrastruktur vahidliyi mövcuddur. Bu infrastrukturun idarə olunması Bakıda böyük şəhər bələdiyyəsini yaradılmasını zəruri edir”. Criminal.az