Etibar Pirverdiyevin "yediyi" milyardlar... - Bunların cavabını verəcəkmi?
10-07-2018, 10:26
Etibar Pirverdiyevin "yediyi" milyardlar...
İyulun 2-dən 3-nə keçən gecə Mingəçevir İES-in yarımstansiyasında baş vermiş qəza nəticəsində Bakının və bölgələrin enerji təminatında təxminən 3 saat fasilə yarandı. Bu hadisə strateji obyektlərə, yaşayış sahələrinə, iaşə obyektlərinə, ictimai nəqliyyat sisteminə, sərnişindaşıma və yol hərəkətinin təşkili işlərinə mənfi təsirini göstərdi.
İyulun 5-də Azərbaycan prezidenti yanında ölkənin enerji sistemində vəziyyətlə əlaqədar müşavirə keçirildi. Müşavirəni açan prezident İlham Əliyev bildirib ki, Mingəçevirdəki İstilik Elektrik Stansiyasında baş vermiş qəza nəticəsində ölkəmizin enerji təchizatında ciddi problemlər yaranıb. İlham Əliyev yaranmış qəzadan sonra bütün dövlət orqanlarına ciddi tapşırıq verdiyini də deyib.
Prezident vurğulayıb ki, iki dəfə baş vermiş qəza çox ciddi araşdırılmalıdır: “Çünki son illər ərzində Azərbaycanın enerji sektoruna çox böyük investisiyalar qoyulub. Son 15 il ərzində Azərbaycanda onlarla yeni elektrik stansiyası istifadəyə verilib. 2500 meqavat gücündə yeni elektrik stansiyaları tikilib. Bizim enerji potensialımız hazırda 6400 meqavata bərabərdir. Onun 2500 meqavatı, qeyd etdiyim kimi, son 15 il ərzində yaradılıb. Ölkəmizin bütün bölgələrində yeni elektrik stansiyaları tikilib - Bakı, Sumqayıt, Şirvan şəhərlərində, Astara, Xaçmaz, Şəki, Quba rayonlarında. Eyni zamanda, bölgələrdə su elektrik stansiyaları yaradılmışdı. Yəni, bu stansiyaların coğrafiyası onu göstərir ki, biz çalışırdıq ölkəmizin bütün bölgələrində yeni stansiyalar tikilsin ki, enerji sisteminin dayanıqlılığı təmin edilsin. Ancaq bir qəza nəticəsində demək olar ki, bütün enerji sistemi sıradan çıxdı.
Bu məsələ çox ciddi suallar yaradır. Bu məsələ çox ciddi araşdırılmalıdır. Bu qəza nəticəsində bu isti havada insanlara böyük əziyyət verildi, iqtisadiyyata böyük ziyan vuruldu. Düzdür, həm birinci, həm ikinci dəfə operativ tədbirlər nəticəsində enerjinin verilməsi bir neçə saat ərzində bərpa edildi. Ancaq bu qəzalar baş verməməli idi. Əgər baş versəydi belə, fəsadlara gətirib çıxarmamalı idi. İndi qəzalar olur, həm bu sahədə, həm başqa sahələrdə. Dünyanın hər bir ölkəsində heç kim qəzadan sığortalı deyil. Ancaq qəza lokal xarakter daşımalıdır. Bir stansiyada baş vermiş qəza bütün enerji sistemimizə çox böyük zərbə vurdu. Ona görə, çox ciddi araşdırmalar aparılmalıdır, günahkarlar məsuliyyətə cəlb edilməlidir”.
Prezident İlham Əliyev bir qəzaya görə bütün ölkənin enerji sisteminin çökməsinin böyük səhv olduğunu da vurğulayıb: “Bizim indi kifayət qədər enerji gücümüz var. Hazırda xarici ölkələrə elektrik enerjisi ixrac edirik. Ona görə, isti havalarla bağlı istehlakın artması qəzanın səbəbi ola bilməz. İqtisadiyyata nə qədər böyük ziyan vurmusunuz. Təkcə Neft Şirkətinin indi burada deyilən ziyanını hesablasaq ölkəyə nə qədər böyük iqtisadi ziyan dəyib. Mən bu sahəyə bu qədər investisiya ayırmışam. Dövlət İnvestisiya Proqramında hər il bu məqsədlə böyük vəsait ayrılır. İndi yeni elektrik stansiyaları tikilir. İndi “Şimal-2” elektrik stansiyası tikilir. Son 15 il ərzində 30 stansiya tikilib. Elə bir sistem qurulmalı idi ki, bir qəzaya görə ölkənin enerji sistemi çökməsin. Nə üçün Bakıda, Sumqayıtda, qeyd etdiyim kimi, bölgələrdə istifadəyə verilmiş elektrik stansiyaları o qəza baş verəndən sonra fəaliyyətini dayandırdı?!”
Son 15 ildə 30 stansiya tikilsə də, istifadəyə verilməməsi sual doğurur. Ekspertlər hesab edir ki, məsələnin kökündə korrupsiya durur. Azərbaycanda elektrik enerjisinə, eləcə də digər kommunal xidmət sahələrinə ayrılan vəsaitlər, yatırılan investisiyalar təyinatı üzrə xərclənmir. Mütəxəssislər hesab edir ki, əgər ayrılan vəsait təyinatı üzrə xərclənsəydi, enerjinin paylanması və idarə edilməsi infrastrukturu yaradılardı, su təminatında fasilələr yaşanmazdı, təklif tələbi qarşılayardı. Ölkənin strateji sahələri qeyri-peşəkarlara həvalə edilib, onlar da bu sahəyə biganə yanaşır.
İqtisadçı-ekspert Akif Nəsirli “Cümhuriyət” qəzetinə açıqlamasında Azərbaycanda cəmi 30 elektrik stansiyasının olduğunu deyib: “Son illər elektrik stansiyaları az tikilib. 2007-ci ildən bəri elektrik enerjisi hasilatına təxminən 5 milyard manat vəsait qoyulub. Hesab edirəm ki, bu vəsait hesabına 15-20 əlavə stansiya da tikmək olardı. “Azərenerji” ASC enerjinin istehsalı, ötürülməsi və idarə edilməsinə məsuldur. Bu strateji sahənin özəlləşdirilməsi barədə müxtəlif fikirlər səsləndirilir. Amma mən bu şirkətin tam olaraq özəlləşdirilməsinin əleyhinəyəm. Çünki elektrik enerjisi elə bir əhəmiyyətə malikdir ki, bu sistem vasitəsilə ölkə iqtisadiyyatını bir neçə dəqiqə ərzində çökdürmək olar. Ona görə də bu sektorun 49 faizini özəlləşdirmək olar, əsas idarəetmə isə dövlətin əlində olmalıdır”.
Ekspertin qənaətincə, elektrik enerji mənbələri bir-birilə əlaqəli dövriyyə formasında olmalıdır: “Fors-major şərait üçün bu qapalı sistemin bir bloku sıradan çıxdıqda qısa müddətdə elektrik enerjisinin yenidən verilməsi təminatlı olmalıdır. Mingəçevir İstilik Elektrik Stansiyası ölkə tələbatının 40 faizini istehsal edir. Ölkənin 40 faizlik enerji təminatını ixtisar etmək olar. Burada istifadəçilər 3 kateqoriyaya bölünməlidir. Sözsüz ki, paytaxt əsas strateji obyekt kimi ən azı ikinci kateqoriyaya aid olunmalıdır. Metro və digər strateji istehsal sahələri kimi obyektləri isə birinci kateqoriyaya daxil etmək olar. Ən nəhayət ətraf rayonlar üçüncü kateqoriyaya aid edilməlidir. Üçüncü kateqoriyanın elektrik enerjisini dayandırmaqla birinci və ikinci kateqoriyanı təmin etmək mümkündür. Enerji istehlakında ən çox istehlak tutumu olan ərazi Abşeron iqtisadi rayonudur.
Hesab edirəm ki, avtomatik sistem qurulmalıdır. Kompüterləşmiş mərkəz sıradan çıxan elektrik istehsalçısının hansı tutuma malik olmasını müəyyənləşdirməlidir. Bu tutuma da uyğun hansı bölgələrdən yükü azaltmağın mümkünlüyü dərhal öyrənilməlidir. Görünən odur ki, Azərbaycanın enerji sisteminə qoyulan vəsait bu sektorun formalaşmasına kifayət etmir. Halbuki 5 milyard manatla 5 dəfə standartlara cavab verən sistem qurmaq olardı. Çox təəssüf ki, son hadisələr göstərdi ki, Azərbaycanın energetika sistemi fors-major şəraitə hazır deyil. Ona görə də bu sistem etibarlı deyil. Hesab edirəm ki, bu sistem yenidən qurulmalıdır”.
Akif Nəsirlinin sözlərinə görə yaşanan hadisələrin əsas səbəbi ölkədə tüğyan edən korrupsiyadır: “Hələ səbəblər bəlli deyil, amma mücərrəd detallar var. Böyük ehtimalla bu stansiyasının qurulması zamanı aşağı keyfiyyətli məhsullardan istifadə ediblər. Bu cür strateji obyektlərdə korrupsiya halları baş verirsə, nə qədər mükəmməl sistem qurulsa da, gələcəkdə korrupsiya öz işini görəcək. Ölkədəki köklü problemlərin aradan qaldırılması üçün heç olmasa məmur səviyyəsində korrupsiya aradan qaldırılmalıdır. Şahidi olduq ki, korrupsiya bu ölkəni ürəyindən vurdu.
Elektrik stansiyasında baş verən hadisə zamanı Azərbaycanda heç 40 dərəcə isti yox idi. Ərəbistanda, Afrikada, Hindistanda, eləcə də dünyanın bir sıra isti iqlimi olan ölkələrində karbohidrogen əsasında elektrik enerjisi istehsal edən stansiyalar var. Necə olur ki, bu ölkələrdə havaların isti keçməsi səbəbindən qəza baş vermir? Bəziləri yüklənmənin çox olduğunu deyir, amma bunların hamısı bəhanələrdir. Belə çıxır ki, Azərbaycan əhalisi birdən-birə iki dəfə artıb? Elektrik enerjisinin yüklənməsi qışda daha çox olur, nəinki yayda. Xırda araşdırma aparsaq, göstərilən səbəblərin absurd olduğunu görmək olar. Ölkədə korrupsiya aradan qaldırılmayana qədər, hansısa layihənin uğur qazanması mümkün deyil”.
İqtisadçı problemin kökünün strateji sahələrə alınan ucuz və keyfiyyətsiz məhsullarda görür: “Təkcə energetika sistemində deyil, bütün sektorlarda bu cür problemlər var. Şəhərdə piyada keçidlərində quraşdırılan ağıllı pilləkənlər bir gün işləyir, beş gün işləmir. Niyə xarab olmalıdır? Halbuki zavodda onun üzərinə vurulan rəng solmayıb. Deməli, bunun daxilindəki detallar keyfiyyətsizdir. Sadəcə, elektrik enerjisi strateji sahə olduğundan baş vermiş hadisə ajiotaja səbəb oldu. Azərbaycanda hazırda karbohidrogenlə işləyən İES-lərin heç birində tullantı məhsullarını ekoloji cəhətdən zərərsizləşdirilməsi üçün qurğu yoxdur. Əlavə xərcin çıxmaması üçün bunu ixtisar edirlər. Amma layihəyə baxsaq, elektrik stansiyalarının tullantılarının zərərsizləşdirilməsi üçün qurğu nəzərdə tutulub. Hətta yaşayış məntəqələrinə yaxın elektrik stansiyalarının səsinin boğulması üçün xüsusi qurğular quraşdırılmalıdır. Amma bu da yoxdur, həmin stansiyalara yaxın yaşayan əhali istilik enerji sisteminin səsinə yatmağa vərdiş edib. Daha çox pulun və dövlət əmlakının mənimsənilməsi üçün mümkün qədər hər şeydən kəsirlər”.