Bakının mərkəzində bir küçənin sakinləri 10 gündür susuz qalıb
10-07-2018, 20:59
Səbail rayonu, 20-ci sahə, şəhid Arif İsmayılov küçəsində köhnə su borularının partlaması nəticəsində sakinlər artıq 10 gündür susuz qalıb. “Azərsu” Səhmdar Cəmiyyəti küçədə yeni su xəttinin çəkilişinə başlayıb, amma “qaş düzəldilən yerdə göz çıxarılıb”. Kanalizasiya xətti də sıradan çıxıb, onsuz da bərbad vəziyyətdə olan yollar dağıdılıb. Virtualaz.org xəbər verir ki, yolların dağılması səbəbindən “Azərsu”ya məxsus maşın palçıqlı çuxura düşüb, iki gündür çıxarmaq mümkün olmur. Bu gün maşının çıxarılması üçün əraziyə əlavə texnika cəlb edilib.
Sakinlərin sözlərinə görə, ilin bütün fəsillərində yollar palçıqdan keçilməz olur, gah kanalizasiya, gah da su borusu partlayır. “Azərsu” yeni boru çəksə də, xətt qoşulmayıb, hələ də əksəriyyət bir vedrə su üçün günün istisində küçənin bu başından o biri başına gedir. “İllərdir bu küçə su və yol problemi ilə əlləşir. Dərdimizi kimə deyəcəyimizi bilmirik, yayda nəinki yuyunmaq, heç içməyə su tapmırıq”, - sakinlərdən Qəşəm Məmmədov söyləyir.
Həmsöhbətimiz deyir ki, bu istidə günlərdir ki, yuyuna bilmirlər: “Hər şey cəhənnəm, iydən-qoxudan tualetə girə bilmirik. Tualetə tökməyə su yoxdur, çimməyə bir qab su tapmırıq. Bir vedrə su gətirmək üçün bir kilometr yol gedirik”.
Yayın qızmar günündə palçıqlı olan küçə Ələt magistral yolunun üstündə yerləşir. Küçə boyu mağaza və iaşə obyektləri var, amma artıq iki həftədir ki, nə obyekt sahibləri, nə də sakinlər şəxsi maşınlarından istifadə edə bilmirlər. Mağazalara mal daşıyan firmalardan birinə məxsus mikroavtobus da dünən gecə küçənin tən ortasında qazılan çuxura düşüb, hazırda maşının çıxarılması üçün palçığı bellə kənara daşıyırlar. Sakinlər suyun fontan vurduğu yerlərdə borunun üzərinə daş-kəsək yığıb.
Sakinlərdən Azər Quliyev isə deyir ki, “Azərsu” işi yarımçıq saxlayıb, nə təzə xətt işə salınmayıb, nə də ən azı qazılan çuxurlar doldurulmayıb: “Belə zülm olar? İnanın, həyatımızdan bezmişik. Az qalırıq ki, özümüz onların yerinə fəhləlik edək. Küçə su ilə dolur, palçıq olur, biz bir udum suya möhtac qalmışıq”
Nisbətən yaşlı qadın isə “Azərsu”nun ərazidəki əməkdaşları ilə mübahisə edir. Deyir ki, 25 ildir bu küçənin problemləri bitib-tükənmək bilmir. “21-ci əsrdə içməli su, palçıqlı küçə problemi ilə yaşayırıq. Afrika cəngəlliklərində belə 40 dərəcə istidə palçıq olmur. Camaat maşını saxlamağa yer tapmır. Biz də insanıq, bizi də insan yerinə qoysunlar”, - qadının əsəbi sözlərinə mağaza satıcılarından biri də qatılır, “Azərsu”nun əməkdaşı isə əsəbləşmiş sakinlərə cavab vermək əvəzinə ərazidən uzaqlaşır.
Küçənin girişində şəhid Arif İsmayılovun xatirə lövhəsi qoyulub. Sakinlər deyirlər ki, şəhidin adını daşıyan bu küçə unudulub. Səbail Rayon İcra Hakimiyyətinin rəsmiləri heç olmasa bircə dəfə yollarını burdan salsınlar, sakinlərin illərlə necə əzab çəkdiklərinin şahidi olsunlar, bəlkə insafa gələrlər.
Yaranmış problemlə bağlı “Azərsu” ASC ilə əlaqə saxladıq. Səbail Sukanal İdarəsinin rəisi Rauf Osmanov virtualaz.org-a açıqlamasında bildirdi ki, hazırda həmin ərazidə iş gedir, bir həftə ərzində qəsəbəyə suyun verilişi tanamilə bərpa olunacaq: “Biz orada boru xəttini dəyişmişik, yeni boru çəkilib. Amma həmin boru təxminən 70 metr yuxarı çəkiləcək. Yəqin ki, bir həftəyə borunun çəkilişi tamamlanacaq, ondan sonra həmin əraziyə suyun verilişi tamamilə bərpa olunacaq”.
“Azərsu” rəsmisi həmçinin yaranmış problemləri aradan qaldırmaq üçün əməkdaşların qeyd edilən ünvana göndəriləcəyini dedi: “Mən bildiyimə görə, orada su almayan abonent yoxdur. Biz indi əməkdaşlarımızı əraziyə göndərərik, problemi aradan qaldırsınlar. Əgər su almayan varsa, ilkin olaraq onların problem aradan qaldırılacaq, suyun təzyiqi artırılacaq. Bir həftəyə isə su tamamilə bərpa ediləcək”.