Makedoniyalı İsgəndər və Nadir ŞAH Əfşar : TALE OXŞARLIQLARI

12-07-2021, 07:25           
Makedoniyalı İsgəndər və Nadir ŞAH Əfşar :
Araz Şəhrilinin “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər” kitabındakı faktlar əsasında hazırlanmışdır

Nadir şah Əfşar Asiyanın sonuncu böyük fatehi idi. Napoleon Bonapart özünü yeni Nadir hesab edirdi. Onu Avropanın Nadir şahı da adlandırırdılar. Deyilənə görə, İosif Stalin Nadir şahı və rus çarı İvan Qroznını özünün müəllimləri bilirdi. Bütün ətraf xalqlar və öz təbəələri Nadir şah Əfşarın qarşısında tir-tir əsirdilər. O, Rusiya, Osmanlı və Böyük Moğol imperiyalarının ən qorxulu yuxusuna çevrilmişdi. Fransız alimi, türkoloq və yezuit Lui Bazen yazır: “Nadir şah sanki taxt-tac üçün doğulmuşdu. Qəhrəmanlara və böyük hökmdarlara xas olan keyfiyyətləri təbiət ondan əsirgəməmişdi”.

Digər fransız alimi, yezuit Pierre Bayen: “Nadir şah Osmanlı imperiyasının dəhşəti, Hindistanın fatehi, bütün Asiyanın hökmdarı idi”. Maraqlıdır ki, Səfəvi xanədanının hakimiyyətinə son qoymuş Nadir şah Əfşarı məhz Əhəmənilər sülaləsini süquta uğratmış Makedoniyalı İsgəndərə bənzədərək, ona Şərqin İsgəndəri ləqəbini vermişdilər. Bu iki fateh arasındakı digər oxşarlıqlara nəzər salaq:

1-ci paralel:

- Əhəmənilər imperiyasının varlığına son qoymuş Makedoniyalı İsgəndər bu imperiyanın qurucusu Böyük Kirin vəfatından 174 il sonra – e.ə. 356-cı ildə anadan olmuşdur;

- Səfəvilər imperiyasının varlığına son qoymuş Nadir şah Əfşar bu imperiyanın qurucusu Şah İsmayılın vəfatından 174 il sonra – 1698-ci ildə anadan olmuşdur (digər məlumata görə, o, 1688-ci ildə, başqa bir məlumata əsasən isə, 1689-cu ildə dünyaya gəlmişdir).



2-ci paralel:

- Makedoniyalı İsgəndər oktyabr ayında (başqa ehtimala görə, iyul ayında) anadan olmuşdur;

- Nadir şah Əfşar da oktyabr ayında anadan olmuşdur (onun noyabrda və ya avqust ayında doğulduğunu göstərən məlumatlar da vardır).



3-cü paralel:

- Makedoniyalı İsgəndərin Orta Asiya yürüşü e.ə. 329-cu ildə başlamışdı. Politimet döyüşündə soğd əyanı Spitamenin başçılıq etdiyi 600 nəfər soğd süvarisi 4.000 hərbçidən ibarət güclü Makedoniya birləşməsini darmadağın etsə də, iki il davam etmiş inadlı mübarizədən və Spitamenin xəyanət nəticəsində həlak olmasından sonra İsgəndər Soqdiananı (Orta Asiyanın böyük bir hissəsini – indiki Özbəkistanı və Tacikistanı) fəth edə bilmişdi;

- Nadir şah Əfşarın Orta Asiya yürüşü 1740-cı ildə başlamışdı. Buxara ətrafında özbək ordusu üzərində qələbə qazanan Nadir şah Buxara xanlığını ələ keçirmişdi. Pitnak döyüşündə isə Nadir şahın elçilərini qətlə yetirmiş Xivə xanı İlbarsın 30.000 nəfərlik ordusu darmadağın edilmiş, İlbars xan əsir alınaraq edam olunmuş, beləliklə, Orta Asiyanın böyük bir hissəsi (indiki Tacikistan, Özbəkistan və Türkmənistan) Nadir şah Əfşarın nəzarəti altına keçmişdi.



4-cü paralel:

- Orta Asiyanın böyük bir hissəsini işğal etdikdən sonra Makedoniyalı İsgəndər şimal istiqamətində hərbi ekspansiyanı dayandırmış və saka çöllərinə (indiki Qazaxıstana) girməmişdi;

- Orta Asiyanın böyük bir hissəsini ələ keçirdikdən sonra Nadir şah Əfşar şimal istiqamətində hərbi yürüşünü dayandırmış və qazax çöllərinə (indiki Qazaxıstana) girməmişdi.



5-ci paralel:

- Makedoniyalı İsgəndər Əhəməni şahzadələri Statira və Parisatida ilə evlənmişdi;

- Nadir şah Əfşar Səfəvi şahzadəsi Raziya Sultanla nikah bağlamış, oğlu Rzaqulu mirzəni isə digər Səfəvi şahzadəsi Fatimə Sultan Bəyimlə evləndirmişdi.



6-cı paralel:

- Əhəmənilərin sonuncu şahı V Artakserks Makedoniyalı İsgəndərin əmri ilə gələcəkdə tarixi Xorasan vilayətinin mərkəzi olacaq Bəlx şəhərində (Əfqanıstanda yerləşir) qətlə yetirilmişdi;

- Səfəvilərin sonuncu şahı III Abbas Nadir şah Əfşarın oğlu Rzaqulu mirzənin əmri ilə tarixi Xorasan vilayətinin Səbzivar şəhərində (İranın Xorasan-Rəzəvi ostanında yerləşir) qətlə yetirilmişdi.



7-ci paralel:

- Makedoniyalı İsgəndərin əmri ilə qətlə yetirilmiş V Artakserks Əhəmənilər sülaləsinin Əhəməndən başlanan birbaşa xəttinin 18-ci nümayəndəsi (şahı) idi;

- Nadir şah Əfşarın oğlu Rzaqulu mirzənin əmri ilə qətlə yetirilmiş III Abbas Səfəvilər sülaləsinin Şeyx Səfi əd-Dindən başlanan birbaşa xətinin 18-ci nümayəndəsi (şeyxi, şahı) idi.



8-ci paralel:

- Makedoniyalı İsgəndər e.ə. 329-cu ildə Əhəmənilər sülaləsinin hakimiyyətinə son qoymuş, bundan 2 il sonra – e.ə. 327-ci ildə Hindistan yürüşünə başlamışdı;

- Nadir şah Əfşar 1736-cı ildə Səfəvilər sülaləsinin hakimiyyətinə son qoymuş, bundan 2 il sonra – 1738-ci ildə Hindistan yürüşünə başlamışdı.



9-cu paralel:

- Makedoniyalı İsgəndərin Hindistan yürüşü e.ə. 325-ci ilədək – 2 il davam etmişdir;

- Nadir şah Əfşarın Hindistan yürüşü 1740-cı ilədək – 2 il davam etmişdir.



10-cu paralel:

- Makedoniyalı İsgəndərin çox güclü yaddaşı var idi. O, özünün təxminən 30.000 döyüşçüsünün hər birini şəxsən tanıyır, onların hər birinin adını, xarakterini, fərdi xüsusiyyətlərini yaxşı bilirdi;

- Nadir şah Əfşarın çox güclü yaddaşı var idi. O, zabitlərinin hamısını, sıravi döyüşçülərinin isə böyük əksəriyyətini şəxsən tanıyır, onların hər birinin adını, xarakterini, fərdi xüsusiyyətlərini, hansını nə vaxt və nəyə görə mükafatlandırdığını, yaxud cəzalandırdığını yaxşı bilirdi.

11-ci paralel:

- Makedoniyalı İsgəndər müharibə vaxtı ordunun önündə gedir, döyüş meydanına birinci atılırdı;

- Nadir şah Əfşar müharibə vaxtı ordunun önündə gedir, döyüş meydanına birinci atılırdı.


12-ci paralel:

- Makedoniyalı İsgəndər işğal etdiyi ölkələrin xalqlarının nümayəndələrini, dünənki düşmənlərini (iranlıları, orta asiyalıları və s.) kütləvi şəkildə öz ordusuna götürür, sonuncular da ona sədaqətlə xidmət edirdilər;

- Nadir şah Əfşar da ələ keçirdiyi ölkələrin xalqlarının nümayəndələrini, dünənki düşmənlərini (əfqanları, özbəkləri və s.) kütləvi şəkildə öz ordusuna götürür, sonuncular da ona sədaqətlə xidmət edirdilər.


13-cü paralel:

- Makedoniyalı İsgəndər dahi sərkərdə olsa da, ideal dövlət başçısı deyildi;

- Nadir şah Əfşar dahi sərkərdə olsa da, ideal dövlət başçısı deyildi.

14 cü paralel:

- Makedoniyalı İsgəndərin qurduğu dövlət, əslində, hərbi xunta rejimi idi;

- Nadir şah Əfşarın da qurduğu dövlət, əslində, hərbi xunta rejimi idi.

15-ci paralel:

- Makedoniyalı İsgəndərin ruhi durumunda problemlər e.ə. 327-ci ildən başlamış, kütləvi qətllərə və cəza tədbirlərinə əl atmışdı. Bu vəziyyət çarın ölüm tarixinə – e.ə. 323-cü ilədək, 4 il davam etmişdi;

- Nadir şah Əfşarın ruhi durumunda problemlər 1743-cü ildən başlamış, kütləvi qətllərə və cəza tədbirlərinə əl atmışdı. Bu vəziyyət şahın ölüm tarixinə – 1747-ci ilədək, 4 il davam etmişdi;

16-cı paralel:

- Bir fərziyyəyə görə, Makedoniyalı İsgəndər e.ə. 323-cü ildə öz sərkərdəsi Antipatr tərəfindən zəhərlənərək öldürülmüşdür (başqa ehtimallara əsasən, o, təsadüfi zəhərlənmədən, sətəlcəmdən, qaraciyər sirrozundan, tif və ya malyariya xəstəliyindən vəfat etmişdir);

- Nadir şah Əfşar 1747-ci ildə özünün bir qrup sərkərdəsinin həyata keçirdiyi sui-qəsd nəticəsində qətlə yetirilmişdir.

17-ci paralel:

- Makedoniyalı İsgəndər e.ə. 323-cü ilin iyun ayında ölmüş və ya öldürülmüşdür;

- Nadir şah Əfşar 1747-ci ilin iyun ayında öldürülmüşdür.



18-ci paralel:

- Makedoniyalı İsgəndər sonuncu Əhəməni şahları III Daranın qətlindən 7 il (e.ə. 330-cu il), V Artakserksin qətlindən isə 6 il (e.ə. 329-cu il) sonra ölmüş və ya öldürülmüşdür;

- Nadir şah Əfşar sonuncu Səfəvi şahları II Təhmasibin və III Abbasın qətlindən 7 il sonra öldürülmüşdür.

19-cu paralel:

- Makedoniyalı İsgəndərin bütün oğlanlarını onun ölümündən sonra öz yaxın adamları qətlə yetirmişdilər;

- Nadir şah Əfşarın bütün oğlanlarını onun ölümündən sonra öz yaxın adamları qətlə yetirmişdilər.

20-ci paralel:

- Makedoniyalı İsgəndərin qurduğu nəhəng imperiya onun ölümündən 2 il sonra – e.ə. 321-ci ildə dağılmışdır (e.ə. 321–320-ci illərdə Makedoniyalı İsgəndərin sərkərdələri və yaxın qohumları arasında birinci vətəndaş müharibəsi baş vermiş, e.ə. 321-ci ildə bağlanmış Triparadisus sazişi ilə imperiyanın əraziləri həmin sərkərdələrin arasında bölünmüşdür);

- Nadir şah Əfşarın qurduğu nəhəng imperiya onun ölümündən 2 il sonra – 1749-cu ildə dağılmışdır (sözügedən hadisə 1747–1748-ci illərin vətəndaş müharibəsindən və 1749-cu ildə Nadir şahın nəvəsi Şahrux şahın Mir Seyid tərəfindən devrilməsindən sonra baş vermişdir. 1750-ci ildə Şahrux şah hakimiyyət başına qayıdıb 1795-ci ilədək dövlətə rəhbərlik etsə də, bu, artıq imperiya deyil, əsasən Məşhəd şəhərini və onun ətrafını əhatə edən kiçik bir xanlıq idi).

Bu paralellərdən bəzilərinin daxili məzmunu zahirindən daha dərindir. Məsələn, Makedoniyalı İsgəndərlə Nadir şahın aqoniya dövrünün 4 il davam etməsi... Müasirlərinin və tarixçilərin əksəriyyətinin qənaətinə görə, Nadir şahın psixoloji vəziyyəti oğlu Rzaqulu mirzəni kor etdirdikdən bir qədər sonra pisləşmiş, 1743-cü ildən etibarən özünü qabarıq şəkildə büruzə vermişdir. Nadir şahın nəhəng imperiyasının süqutu da həmin tarixdən başlamışdır. Lakin Nadirlə İsgəndərin oxşar cəhəti onların hər ikisinin tənəzzül və deqradasiya dövrünün dörd il çəkməsi deyil. Sözsüz ki, tarixlərin üst-üstə düşməsi sırf təsadüfün nəticəsidir. Nadir şahla Makedoniyalı İsgəndəri eyniləşdirən əsas cəhət isə budur ki, onların hər ikisi qanuni sülalələri məhv etmiş, proseslərin təbii axarını pozmuş, formalaşmış sistemləri dağıtmışdılar. Lakin özləri də sistemin tərkib hissəsi olduqlarına görə həmin ictimai-siyasi mühitin məhvindən sonra qalıb inkişaf edə bilməzdilər. Fərq yalnız ondadır ki, Nadir Səfəvilərin noyonu (generalı) kimi əvvəldən sistemin içində idi, İsgəndər isə III Dara üzərində qələbədən sonra özünü Asiyanın və İranın şahı elan etməklə uçub-dağılmaqda olan sistemin içinə girmişdi. O, makedoniyalıları iranlı və baktriyalı qızlarla ailə qurmağa məcbur etmiş, özü də yalnız Əhəməni şahzadələri ilə evlənmişdi. Makedoniyalı İsgəndərin dörd həyat yoldaşından Statira Əhəməni şahı III Daranın, Parisatida Əhəməni şahı III Artakserksin, Barsina Əhəməni nəslindən olan Ərtabazın, Roksana isə Əhəməni əyanı Oksiartın qızı idi. O, yaxın ətrafına, ordusuna keçmiş Əhəməni əyanlarını, zadəganlarını, iranlıları, orta asiyalıları yığmağa, sarayında Əhəməni mərasimlərini tətbiq etməyə, Şərq libasları geyinməyə başlamışdı. Beləliklə, Makedoniyalı İsgəndərin aqibətini batan gəmiyə minən adamın taleyinə də bənzətmək olar.

Zənnimizcə, hətta sonuncu nominal Səfəvi şahlarının hakimiyyəti də fitri istedadına, cəsarətinə, liderlik keyfiyyətlərinə və xidmətlərinə rəğmən Nadir şahın hakimiyyətindən daha legitim olmuşdur. Bəlkə də Nadir şah Əfşarın özünün və sülaləsinin hakimiyyətinin uzunömürlü olmamasının səbəbi bunda idi. Səfəvilər bu hüququ 431 illik şeyxlik və şahlıqla qazanmışdılar.nuh.az/
Araz ŞƏHRİLİ












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.