Qanunsuzluğu sevən xalq

20-11-2021, 08:59           
Qanunsuzluğu sevən xalq
Görkəmli dilçi-türkoloq alim, siyasətçi, ictimai xadim, 1991-ci ildə şübhəli avtomobil qəzasında həlak olan Aydın Məmmədovun yaxşı bir aforizmi vardı, deyirdi, Azərbaycan xalqı sevdiyi insanları həmişə yuxarıda görmək istəyir, fərqi yoxdur, istər tribuna olsun, istər dar ağacı. Son günlər hörmətli millət vəkillərimiz ətrafında qopan süni qalmaqalları müşahidə edərkən mən o fikri xatırladım.

Doğrudan da, ay camaat, ey sevgili millət və uca xalq, axı siz nə istəyirsiniz? Adamları rahat oturduğu yerdən qaldırırlar, zorla deyirlər gəl bizim deputatımız ol. Nə qədər əziyyət çəkilir, divara plakat vurulur, üstündə çıxış eləmək üçün çəllək dığırlanır, barmağa mürəkkəb, dırnağa xaş, nə bilim, protokola dolma... Seçkilər bizdə həmişə zülümlə keçir. O mənada yox ki, hansısa saxtakarlıq edilir. Əstəgfürullah. Əuzu billəhi minəş-şeytanir-racim. Hare Krişna. Bombarbiya kerqudu. Bizim demokratik seçkilərin sorağı Qədim Yunanlarda Perikldən tutmuş, Amerikada Avraam Linkoln müəllimə qədər hər kəsə çatmışdır. Məzahir müəllimi hər il Amazoniyaya, Serengetiyə, Qobiyə, Sıktıvkara seçkidən konfrans eləməyə çağırırlar. Sadəcə, yuxarıda yazdığım kimi, seçkilərin texniki-material baxımdan çoxlu əziyəti vardır. Örnək üçün, keçən ay əski deputatlardan Rafael müəllim türmədə öldü, hələ də onun seçicilərinə 1 milyon filan qədər dollar borcu qalmışdır. Hamısı seçki xərcləridir.

Uzun sözün qısası, bu minvalla özümüzə deputat seçirik, lakin sonra həmin deputatın dəmiryolu vağzalında yaşamasına razı oluruq. Vallah, mən zarafat eləmirəm, keçən həftə avtovağzaldan keçəndə gördüm Biləcərinin deputatı skameykada bürüşüb yatıbdır. Üstünə də qanun layihəsini örtmüşdü. Tərslikdən layihə qısa idi, başını örtəndə ayağı açıq qalırdı, ayağını örtəndə... Nəsə. Mən deputatı bu halətdə görəndə zar-zar ağladım, şairdən bir misra bədahətən uçub dodağıma qondu: “Bayram oldu heç bilmirəm neyləyim, Bizim evdə axta zoğal da yoxdur, Kür qırağında hər cür deputat var, Yaşılbaş sonası heyf ki, yoxdur”. Bundan sonra Kürdəmirə gedən avtobusun şoferi özünü təkərin altında atıb öldü. Eh, zəmanənin üzü qara olsun.

Təmiz biabırçılıqdır. Hansısa evsiz deputat kirayə pulu istəyir, söyürlər. Biri deyir, bizə maşın alın, seçicilərlə görüşə eşşəyə minib gedirəm, imicimizə ziyandır - hoydu-hoyduya götürürlər. Yaxşı xalq öz deputatını yağ-bal içində saxlamalıdır. Sözgəlişi, mənim qəfil yadımda düşdü, AXC-Müsavat cütlüyü hakimiyyətdə olanda indiki deputatlardan Əli Məsimli baş nazirin birinci müavini və baş nazir əvəzi vəzifələrində çalışmışdı, lakin şəxsi mənzili yox idi, yataqxanada qalırdı. O zaman cəbhəçilər bunu rəhbərliyin xalqa yaxınlığı əlaməti kimi təqdim eləsələr də, bəzi ağzıgöyçək tənqidçilər yazır, deyirdilər ki, özünə gün ağlamayan iqtisadçı, baş nazir bizim nəyimizə lazımdır. Əgər fərasəti, bacarığı olsa birinci özünə ev alardı. Deyirdilər kaş Nizami Süleymanovu seçərdik, biyan satıb hamımıza ev alacaqdı.

Yəni, sözümün canı odur ki, bizdə xalq-dövlət münasibətləri hər zaman Molla Nəsrəddinin arvadı və eşşəyi ilə yol getməsi əhvalatının tipik təzahüründən ibarətdir. Deputat oliqarx olanda, deyirlər niyə milyarderdir, bizim pulları yeyir. Deputat küçədə qalıb spikerdən kirayə pulu dilənəndə deyirlər ar olsun, biz nə hayda, bu nə hayda, bizim Qarabağ dərdimiz vardır və sairə. Yaxşı, bu yetimlər bəs nə eləsələr sizə xoş gələr?

Axırda bezdirəcəksiniz, parlamentdə oturmağa deputat tapılmayacaq, qanunsuz qalacağıq. Bunu istəyirlər yəqin. Qanunsuz yaşamağı sevirlər.

Zamin HACI
musavat.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.