"Aliyevşina", yaxud "Naxçıvan Klanı" - siyasət dəllallarının yorulmadan 50 ildir oxuduğu bayatı
31-12-2021, 09:28
AZƏRBAYCAN SİYASİ TARİXİNDƏ HEYDƏR ƏLİYEV ERASI!
III YAZI
Bir öncəki bölümdə qeyd etdiyimiz kimi, Azərbaycan KP MK-nın 14 iyul plenumu ərəfəsində respublikada siyasi gərginlik artmış və bu da öz növbəsində iqtisadi geriləmənin başlıca səbəbi olmuşdu. Həmin dövrün statistik rəqəmləri göstərir ki, o dövr üçün xarakterik olan beşillik planlar yerinə yetirilmir, təsərrüfatın bütün sahələrində illik istehsal həcmi hər il özündən əvvəlki illə müqayisədə xeyli aşağı düşürdü. Bunun ən başlıca səbəbi məhz gizli iqtisadiyyatın durmadan artmasıydı. "Sexovşiklər" deyilən təbəqə ortaya çıxmış, gizli istehsal olunan məhsul qeydiyyata alınmadan bazara çıxarılır və on milyonlarla manat mənimsənilərək şəxsi ciblərə axırdı. Bu durum iqtisadiyyatın bütün sahələrini - sənaye, kənd təsərrüfatı, tikinti, xidmət sahələrini əhatə edirdi. Bu işləri həyata keçirmək üçün çox böyük və təsir gücü olan bir sistem qurulmuşdu. Təbii ki, bu sistemin fəaliyyəti ölkə rəhbərliyinin bilgisi xaricində mümkün deyildi.
Heç şübhəsiz, ölkədəki bu durum mərkəzi hakimiyyətin də diqqətindən kənarda qala bilməzdi. Əgər Axundovun hakimiyyətinin ilk illərində Moskva bu duruma göz yumurdusa, getdikcə vəziyyətin gərginləşməsi mərkəzi hakimiyyəti də narahat etməyə başladı. Kommunist Sovet tarixinin Azərbaycanla bağlı bəhs olunan həmin dövrünü araşdıran F.İ. Razzakov bu haqda yazır: "В 1967 году, после того как нефть окончательно обогнала уголь и стала первым источником энергии во всем мире, политический вес закавказской "нефтекладовой" в глазах Центра неимоверно вырос. Однако одновременно с этим упало и доверие Центра к прежнему руководству: в Москве посчитали, что шушинцы не смогут обеспечить справедливое распределение финансовых средств от нефтяных поступлений и вряд ли смогут удержать республику от нового витка коррупции".
AXUNDOVUN DÖVRÜNDƏ VƏZİFƏLƏR SATILIRDI
Bu günə qədər rüşvət və korrupsiya, vəzifələrə təyin etmə məsələlərində regional mənsubiyyətin əsas faktor olmasıyla bağlı siyasi və ictimai çevrələrdə hakim olan konsepsiya budur:
- Heydər Əliyev hakimiyyətə gəldikdən sonra peşəkar kadrları vəzifələrindən uzaqlaşdırıb, onların yerinə əslən naxçıvanlı və ermənistanlı olanları gətirdi;
- Azərbaycanda regionçuluğun, tayfabazlığın və klan hakimiyyətinin əsasını Heydər Əliyev qoyub;
- rüşvətxorluq və korrupsiyanın əsası 1969-cu ildə hakimiyyətə gəldikdən sonra Heydər Əliyev tərəfindən qoyulub.
Ancaq ortada olan faktlar tamam başqa mənzərəni ortaya qoyur. Razzakov bu haqda yazır: "...за годы хрущевской "оттепели" республиканские элиты явно "разболтались". Несмотря на попытки Хрущева ужесточить наказание за то же взяточничество, он в то же время вывел парт - и госноменклатуру из-под карающего меча спецслужб, что превратило эту борьбу в обыкновенную компанейщину. Брежнев, конечно же, не собирался посягать на особое положение элит, однако наведение хотя бы элементарного порядка в ее среде было просто необходимо. Ведь в том же Азербайджане, например, дело дошло до того, что за деньги продавались должности - секретарей республиканского ЦК и министров. И это не преувеличение - об этом заявил сам Алиев на закрытом совещении в ЦК КП Азербайджана вскоре после того, как пришел к власти".
Həmin dövrün arxiv materialları da Razzakovun dediklərini tam təsdiq edir. Məsələn, Heydər Əliyev hələ 1968-ci ildə Axundovun adına yazdığı məxfi məktubda yüksək vəzifələrə təyinat məsələsində alınan rüşvətlərin preyskurantını da əks etdirmişdi. Razzakov öz araşdırmasında bu fakta da yer verib:
"Согласно сведениям, которыми располагал Алиев (а их он, без сомнения, почерпнул из материалов, собранных в республиканском КГБ), коррупционный прейскурант в республике выглядел следующим образом: должность 1-го секретаря райкома партии стоила 200 тысяч рублей, 2-го секретаря - 100 тысяч, министра коммунального хозяйства - 150 тысяч, министра социального обеспечения - 120 тысяч, ректора вуза - 100-200 тысяч (в зависимости от степени значения вуза), начальника районного отделения милиции - 50 тысяч рублей, районного прокурора - 30 тысяч и т. д."
TRİONUN HEYDƏR ƏLİYEVƏ QARŞI TƏXRİBATI
Mənim Heydər Əliyevlə ilk tanışlığım 1991-ci il yanvar ayının 11-də Naxçıvan MR Ali Məclisinin sessiyasında olub. Sonrakı iki il yarım ərzində onunla dəfələrlə görüşmüş və bir çox məsələləri müzakirə etmişik. Hər gün olmasa da, həftə ərzində ən az 3-4 dəfə görüşərdik. Mənə onunla siyasi söhbətlər etmək, 1969-82-ci illər dövrünün siyasi təlatümlərini onun öz dilindən eşitmək şansı nəsib olub. Bəlkə də Heydər Əliyev həmin vaxt o dövrün hadisələrini mənimlə açıq danışdığı qədər heç kəslə danışmayıb. Mümkündü ki, o, mənim həmin 13 illik tarixi periyoda aşırı maraq göstərməyimi də nəzərə alırdı. Digər bir şansım da ondan ibarət idi ki, Heydər Əliyev mənimlə söhbətlərində o qədər açıq idi ki, ona hər sualı vermək cəsarətini hiss edirdim.
Bir dəfə Heydər Əliyevə belə bir sual verdim: "Heydər bəy, 1987-ci ildə siz hakimiyyət zirvəsindən uzaqlaşdırıldıqdan sonra haqqınızda çox kəskin ittihamlar yazılmağa, söylənilməyə başlanıb. O ittihamların başında da rüşvət və korrupsiya ilə bağlı, vəzifələrin pul qarşılığında satılması ittihamı durur. Bu gün isə mənim gördüyüm odur ki, sizin özünüzə məxsus eviniz də yoxdu, bacınızın nəvəsinin darısqal mənzilinə sığınmısınız. Sizə konkret sualım budur ki, doğrudanmı rüşvətin əsasını siz qoymusunuz?"
Heydər Əliyev mənim bu sualımdan sonra əvvəlcə o məşhur gülüşü ilə qəh-qəhə çəkib güldü. Sonra isə onun üzündə dərin bir kədər nişanəsi gördüm. Hiss etdim ki, o, haqqında səslənən əsassız ittihamlara lazımi qədər cavab vermək imkanı və gücü olmamasından dolayı əzab çəkir. Ancaq mən onun üzündə kədərlə yanaşı bir qətiyyət işarəsi də gördüm. Və əmin oldum ki, bu böyük adam heç də deyildiyi qədər bitməyib, siyasi tənəzzülə uğramayıb, o, bir gün hakimiyyət olimpinə yenə yüksələcək və ən uca tribunadan fikrini söyləyəcək.
Heydər Əliyev mənim sualıma cavab verdi. O demədi ki, rüşvət almayıb, rüşvətin əsasını o qoymayıb. O dedi ki, DTK-ya rəhbərlik etdiyi dövrdə işi və əlindəki imkanlar sayəsində kimin kimdən nə qədər aldığını, hansı vəzifənin nə qədər pula satıldığını çox gözəl bilirmiş. O onu da dedi ki, bu barədə Vəli Axundovun adına geniş arayış yazıb təqdim edib. Heydər Əliyev onu da dedi ki, o, bu məktubuna görə vəzifəsindən uzaqlaşdırılmaq təhlükəsi ilə qarşılaşıb. Heydər Əliyevin həmin o məxfi arayışından sonra Axundov onun DTK sədri vəzifəsindən uzaqlaşdırılması ilə bağlı Moskva qarşısında məsələ qaldırır. Fikirlərini öyrənmək üçün Məmməd İsgəndərovla (Ali Sovet Rəyasət Heyətinin sədri) Ənvər Əlixanovu da (Nazirlər Sovetinin sədri) Moskvaya çağırıb söhbət edirlər. Hər ikisi Heydər Əliyevin "pozuculuq işi"ndən, respublika rəhbərliyindəki "birlik və bərabərliyə xələl gətirməsi"ndən bəhs edərək onun tutduğu vəzifədən - DTK sədrliyindən uzaqlaşdırılmasını məqsədəuyğun hesab edir.
Tanınmış araşdırmaçı-tarixçi İohann Rau Neydər Əliyevlə bağlı oçerkində yazır ki, Axundov-İsgəndərov-Əlixanov triosu istəyinə nail ola bilmədi: "Heydər Əliyevin məsələsi həll olunmaq üzrə idi, ancaq son anda dövriyyəyə Sviqun və Andropov girdilər. Onlar Brejnevi inandırdılar ki, Azərbaycandakı siyasi xaos hakimiyyətdə olan korrupsiyalaşmış "Şuşa klanı"nın fəaliyyətinin nəticəsidi. Bu cinayətkar qruplaşmaya qarşı dura biləcək tək adam isə Heydər Əliyevdir".
Beləliklə, SSRİ DTK-nın sədri Yuri Vladimiroviç Andropov və onun 1-ci müavini Semyon Kuzmiç Sviqunun sayəsində Heydər Əliyev "Şuşa klanı"nın ona qarşı təxribatından yaxa qurtara bilir. Bir il sonra isə o, hakimiyyətin zirvəsinə yüksəldi və respublikanı xaosa sürükləyən bu cinayətkar qruplaşmaya qarşı sərt mübarizəyə başladı.
HEYDƏR ƏLİYEV BREJNEVİN QƏBULUNDA
30 il öncə Heydər Əliyevlə söhbətlərimdən onu anlamışdım ki, o, vəzifə yüksəlişi ilə bağlı təklifi əvvəlcə rədd edir. Brejnevin qəbulunda olarkən onunla aralarında olan dialoq çox maraqlıdı. Razzakov həmin dialoqu belə təsvir edir: "Алиев был представителем нахичеванского клана, который до этого никогда еще не поднимался до высот высшего руководства. По словам самого Алиева, он этого назначения не хотел и даже пытался сказать об этом Брежневу. Вот его собственный рассказ об этом:
"В Кремле я направился в рабочий кабинет Брежнева. Леонид Ильич встретил меня открытой улыбкой. Между нами произошел такой разговор:
- Товарищ Алиев, мы пришли к решению предложить вашу кандидатуру на пост первого секретаря ЦК Компартии Азербайджана.
- Я считаю для себя это большой честью, товарищ Брежнев. Но я не хочу этой должности.
- Как это не хочешь? - удивился Брежнев, переходя на дружеское "ты". - Мы тебе доверяем такой ответственный пост.
- Быть первым секретарем ЦК Компартии республики - дело нелегкое. Потому и не хочу.
Но моим возражениям Леонид Ильич не придал значения. Было видно, что он для себя решение уже принял. И Политбюро, обсудив мою кандидатуру, пришло к единому мнению, что в нынешнем положении республики подходящим будет только Алиев…".
Niyə Leonid İliç təkidlə Heydər Əliyevin namizədliyi üzərində dururdu? Andropov və Sviqun (Brejnevin bacanağı idi) Heydər Əliyevin hansı keyfiyyətlərini ona söyləmişdilər ki, o, məhz Heydər Əliyevin Azərbaycan KP MK-nın 1-ci katibi olmasını istəyirdi? Hesab edirəm ki, bu sualların cavabından öncə biz "Heydər Əliyev nədən 1-ci katib olmaq istəmirdi" sualına aydınlıq gətirməliyik. 30 il öncə Heydər Əliyevlə söhbətlərimdən bu sualın cavabını mən özümçün müəyyənləşdirə bilmişdim.
İRƏVAN KLANI VƏ ƏZİZ ƏLİYEV
Ötən əsrin 50-ci illərinin əvvəllərində "Şuşa klanı" 37-ci il repressiyalarının yaratdığı boşluqdan istifadə edərək hakimiyyətdə yetərincə möhkəmlənə bilmişdi. Mircəfər Bağırovun yaxın ətrafında, eləcə də nazirliklərdə, digər mühüm dövlət orqanları və partiya təşkilatlarında bu klan dərin kök salmışdı. Ən yüksək dövlət vəzifələri onlara həvalə olunurdu. Doğrudu, həmin illərdə artıq ikinci bir klan - "Gəncə klanı" da yaranmış, digər rayonlardan da ayrı-ayrı şəxslər vəzifələrə gətirilirdi. Lakin onların hamısı "Şuşa klanı"nın razılığı ilə vəzifələrə gətirilir və həmin vəzifəli şəxslərlə qohumluq əlaqələri qurulurdu.
Şuşalıların bu üstün durumuna qarşı çıxa biləcək heç bir qüvvə yox idi. Buna ilk cəhd edən irəvanlılar oldu. Onlar hakimiyyətin belə qeyri-bərabər bölgüsü ilə qəti şəkildə razılaşmaq istəmirdilər. Və haqlı idilər də...
Oxucu üçün anlaşılmazlıq olmasın deyə qeyd etməliyəm ki, sonradan "Yerazlar klanı" kimi tanıdılan siyasi qruplaşma ilə "İrəvan klanı"nı qətiyyən qarışdırmaq olmaz. "Yerazlar klanı"nın bünövrəsinin qoyulması 70-ci illərin sonlarına gedib çıxır və ən güclü vaxtları da 90-cı illərin ortalarından başlayır. "İrəvan klanı" isə, öz təməlini təxminən 30 il öncə atmışdı.
"İrəvanlılar"ın ən parlaq 3 nümayəndəsi olub:
1) Əziz Məmmədkərim oğlu Əliyev - Heydər Əliyevin həyat yoldaşı Zərifə xanımın atası idi, yəni mərhum prezidentimizin qaynatası olub. Əziz müəllim 1897-ci ildə İrəvan şəhərinin yaxınlığındakı Hamamlı kəndində anadan olub. 1939-41-ci illərdə Səhiyyə naziri, 1941-44-cü illərdə Ali Sovetin sədri, 1942-48-ci illərdə Dağıstan Vilayət Partiya Komitəsinin 1-ci katibi, 1950-51-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin 1-ci müavini olub;
2) Mustafa Ağabəy oğlu Topçubaşov - 1895-ci ildə İrəvan şəhəri yaxınlığındakı Göygümbət kəndində anadan olub. 50-ci illərin əvvəllərinə qədər elə bir yüksək vəzifəsi olmayıb, elm sahəsində çalışıb;
3) Həsən Əli oğlu Seyidov - 1908-ci ildə İrəvan şəhərində anadan olub. 1944-cü ildən 1951-ci ilə - "İrəvan klanı"nın ortadan qaldırılmasına qədər olan dövrdə əvvəlcə Azərbaycan KP MK-nın 3-cü katibi, 2-ci katibi, Ali Sovet sədrinin 1-ci müavini vəzifələrini tutub.
Təbii ki, "İrəvan qrupu"nun lideri Əziz Əliyev olub. Onun başlıca olaraq iki məqsədi vardı:
- birincisi, Azərbaycanda hakimiyyət bölgüsünün ədalət prinsipinə dayanması;
- ikincisi, Azərbaycanın əzəli torpaqları olan Dərbənd şəhəri və azərbaycanlıların kompakt yaşadığı Məhərrəmkənd rayonunun Azərbaycana birləşdirilməsi.
Əziz Əliyevin bu istəyi Mircəfər Bağırovun planları ilə də üst-üstə düşürdü. Elə bu səbəbdən də o, Lavrenti Beriyanın yardımıyla Əziz Əliyevi gələcək planlarını gerçəkləşdirmək üçün Dağıstan Vilayət Partiya Komitəsinin 1-ci katibi vəzifəsinə təyin etdirə bilmişdi. Lakin Əziz müəllimin getdikcə artan nüfuzu və öz planını həyata keçirmək üçün əlinə daha təsirli və güclü hakimiyyət rıçaqlarını almaq məqsədilə formalaşdırdığı "İrəvanlılar" qrupu "Şuşa klanı"nı narahat etməyə bilməzdi. Dərhal ona qarşı təxribatlara start verildi və mərkəzi hakimiyyətə Əziz Əliyevin keçmişiylə bağlı donoslar ötürüldü.
Tarix elmləri doktoru Eldar İsmayılov 2003-cü ildə rus dilində çap olunan "Власт и народ. Послевоенный сталинизм в Азербайджане. (1945-1953)" adlı monoqrafiyasında yazır: "До начала 1950-х годов вопрос о социальном происхождении А. Алиева не поднимался, пока у него не произошёл конфликт с тогдашним 1-м секретарём ЦК Компартии Азербайджана М. Д. Багировым. Последний в своём письме Г. М. Маленкову обвинял А. Алиева в том, что он скрывал от партии истинное социальное положении своих родителей. В справке, составленной в 1952 году министром госбезопасности Азербайджанской ССР С. Ф. Емельяновым указывалось: "Отец Алиева Азиза был торговцем и старшиной села... Мать Алиева Азиза происходит из зажиточной семьи... Дядя его со стороны отца - Алиев Алекпер в прошлом являлся урядником и служил в свите охраны Эриванского губернатора. Другой дядя Алиева Азиза по линии отца, согласно личной рекомендации премьер-министра Хан Хойсково был назначен начальником одного из уездов в Азербайджане... Третий дядя со стороны матери - Сулейманбеков служил приставом в Эриванской губернии"".
Diqqət çəkən məqam odur ki, Dərbənd məsələsində Əziz Əliyevlə fikirləri üst-üstə düşən Mircəfər Bağırovun ona münasibəti niyə birdən-birə dəyişib? Heç şübhəsiz ki, burda "Şuşa klanı"nın böyük rolu olub. Bağırov mərkəzi hakimiyyət qarşısında özünü təmizə çıxarmaq üçün Əziz Əliyevi qurban verib.
Təəssüflər olsun ki, Əziz müəllimin birlikdə yola çıxdığı yoldaşları da onu tək buraxıblar. Heydər Əliyev bunları mənə danışanda təbii ki, "Şuşa klanı" deyilən bir məfhumdan bəhs etməmişdi və Əziz Əliyevi yarı yolda buraxan yoldaşlarının da adını çəkməmişdi. O, sadəcə olaraq demişdi ki, Bağırovun ətrafında çox təhlükəli bir regional qrup kök salmışdı və hər şeyi onlar həll edirdi. Mən sonrakı araşdırmalarımdan bu regional qruplaşmanın "Şuşa klanı", Əziz Əliyevi həmin klanın qarşısında tək buraxan yol yoldaşlarının isə Topçubaşovla Seyidov olduğunu müəyyən edə bildim. Doğrudu, hər iki şəxs Azərbaycan tarixində iz qoymuş dəyərli kadrlardı, ancaq onların öz yoldaşlarını yalnız buraxmasının heç bir bəraətverici tərəfi yoxdu. Diqqət çəkən bir məqam da odur ki, hər iki şəxs bu hərəkətlərinin qarşılığını artıqlamasıyla aldılar. Həmin qalmaqallı hadisədən sonra hakim klanın istəyilə Həsən Seyidov əvvəlcə Dövlət Plan Komitəsinin sədri, sonra isə Kənd Təsərrüfatı naziri olur və 1970-ci ildə təqaüdə çıxır. Topçubaşov isə, 1951-57-ci illərdə Elmlər Akademiyasının vitse prezidenti seçilir. Sonra isə 2 dəfə Azərbaycan Ali Sovetinin sədri seçilir. 1971-ci ildə onu Süleyman Rüstəm əvəz edir.
Təbii ki, bütün bu proseslər Heydər Əliyevin gözləri qarşısında baş verib. Hətta onun özünü də təhlükə gözləyirmiş. Belə ki, bəhs olunan hadisə baş verdiyi vaxt Heydər Əliyev DTK-da şöbə müdiri kimi yüksək vəzifə tuturdu və eyni zamanda Əziz Əliyevin qızı Zərifə xanıma nişanlı idi. Heydər Əliyevin özünün sözləri ilə ifadə etsək, onun evliliyinə də maneçilik törədilib, hətta ən yüksək səviyyədə ona bu haqda xəbərdarlıq edilib. O, bütün bunlara məhəl qoymayanda isə, təcili olaraq iş üçün xaricə göndərilib, anlaşılan o ki, sürgün edilib. Heydər Əliyev yalnız 1956-cı ildə, Mircəfər Bağırovdan sonra ölkəyə qayıdıb və Zərifə xanımla ailə qurub.
Heç bir şübhə ola bilməz ki, Heydər Əliyev Brejnevin təklifinə ilk əvvəl rədd cavabı verəndə 15-16 il öncəki bu hadisəni nəzərə almışdı. O, əlində olan rəsmi məlumatlar əsasında əmin idi ki, ölkəni hörümçək toru kimi bürüyən regional klançılığa, rüşvət və korrupsiyaya, gizli iqtisadiyyata qarşı təkbaşına mübarizə aparmaq çətin olacaq. Ancaq Brejnev təkid edir. O zaman Heydər Əliyev öz şərtlərini irəli sürür. Brejnevin onun bu şərtləri qarşısında cavabı lakonik olur: Azərbaycanda bütün səlahiyyətlər sənin əlində olacaq!
Beləliklə, tarixi 14 iyul plenumu baş tutur...
Ardı var
Fərəməz Allahverdiyev
Teref.az