Şuşaya gedən yolda bitməyən məxfi suallar

4-01-2022, 16:50           
Şuşaya gedən yolda bitməyən məxfi suallar
Gecə yarıya qədər kompüterdə, özümdən başqa heç kəsin marağında olmayan mövzuları araşdırmaqdan gözlərim ağı-qaradan seçməyənə qədər işləyib, yorulub, yeni yuxuya getmişdim.

Ardı kəsilməyən dalbadal telefon zənginin səsinə oyandım.

Yarı yuxulu, yarı əsəbi halda, hələ zəng vuran şəxsin kim olduğunu, mənə nə deyəcəyini, mənim də nə cavab verəcəyimi müəyyənləşdirməmiş, dəstəyi götürürəm.

Zəng vuran şəxsin: "Salam, bu gün Şuşaya səfərimiz var və dəvətlilərin siyahısında sizin də adınız var. Lütfən saat 11-də "Azneft dairəsi”ndə olun” sözlərini eşidəndə, yerimdən dik atıldım.

Cavab verməyə söz tapmadım.

Zəng vuran "müjdəçi” isə, susqunluğumdan yəqin elə bildi ki, rabitə əlaqəsi alınmayıb. Axı bizdə telefon zənglərində şəbəkənin çox hallarda bərbad olması adi haldır.

Təkrar eşitdiyim "alo, alo” kəlmələri sanki məni yuxudan ayılmağa, baş verənləri yavaş-yavaş anlamağa, dərk etməyə məcbur edir.

Tələsik "Aha, baş üstə, gəlirəm”, - deyib, telefonu söndürürəm. Saata baxıram. Təyin edilmiş vaxta az qalır və mənim hazırlaşıb, evdən çıxmağım üçün maksimum bir saatım var.

Özümü itirmişəm.

Sanki az qala hər gün beynimdə bu səfərə hazırlaşan həmin adam deyiləm.

Həmişəki kimi kameraların batereyalarını yoxlayıram, hazırlıqsız olduğum üçün öz-özümə deyinirəm. Axı niyə həmişə hər şeyi qaydasında saxlamıram?
Qarabağla bağlı apardığım araşdırmaların arasından "Şuşa” qovluğunu axtarıram. Vaxt gedir, bir də belə fürsətin olub-olmayacağını hökumətdən başqa heç kəs bilmir. Bəlkə bu elə ilk və axırıncı səfərdir? Hazırlaşmaq lazımdır.

Səfərin neçə günlük, neçə saatlıq olduğunu belə soruşmamışam. Heç soruşmaq ağlıma gəldi ki?

Tələsik evdən çıxıb taksiyə əyləşirəm ki, "Bakı dayanacağına” çatım.

Nə edəcəyəm? Nəyi çəkib, nəyi yazacağam?

Hələ bunu fikirləşməyə vaxtım yoxdu. İndi ən vacibi Bakıya gedən bir maşın tapıb, yola düşməkdir. Bakıya qədər olan 160 km məsafə mövzuları düşünməyə, ssenari qurmağa, mənə hansı kadrların lazım olacağını "saf-çürük” etməyə kifayət edəcək qədər uzun məsafədir.

Elə həyəcanlıyam ki, sanki ilk dəfədir çəkilişə gedirəm.

Bəs nə! Belə də olmalıdıydı. Neçə illərdir, fasiləsiz olaraq, mütəmadi topladığım faktları işıqlandırmaq üçün fürsət düşüb. Bunu əldən buraxmaq olmaz. Taksiyə otururam, artıq Bakıya yola düşürük. İndi nə edəcəyimi düşünmək üçün xeyli zamanım var.

İnandırıcı gəlmir, doğrudanmı Şuşaya gedirəm? Həyəcandan az qala başımı itirmişəm.

Görəsən hardan başlayım yazmağa? Təbii ki, öz təəsüratlarımı reportaj kimi yazmağa ehtiyac yoxdur. Axı kimə lazımdır, ya da vacibdir bilsin ki, mən Şuşada nə hisslər keçirmişəm?! Bunun camaata nə faydası var? Yaxud kimin nəyinə lazımdır mənim o duyğularımı əks etdirəcək bər-bəzəkli cümlələr? Əsas faktları ortaya qoymaq, erməninin xislətini açmağa, onun necə vəhşi biri olduğunu sübut etməyə yardım edəcək kadrlar, görüntülər lazımdır. Əlbəttə, bu, hamıya məlumdur, ancaq yenə də detallı şəkildə faktları təqdim etmək lazımdır ki, ən azı Bakıdakı səfirliklər görsün: biz heç nəyi unutmuruq, unutdurmuruq.

Onsuz da bu barədə Mirzə Adgözəl bəy, Mirzə Camal Cavanşir Qarabaği, Əhməd bəy Cavanşir, Mirzə Yusif Qarabaği, Mir Mehdi Xəzani, Rzaqulu bəy Mirzə Camal oğlu, Mirzə Rəhim Fəna, Baharlı, Həsən İxfa Əlizadə, Həsənəli Qaradaği çox yazıb. Onlardan sonra bu mövzuda yazmaq da bir məsuliyyətdir.
Öz-özümlə danışıram. O kişilər öz dövrlərində bacardığını edib, indi isə biz bu irsi davam etdirməyə borcluyuq. Ancaq görəsən hardan başlayım? Mən bu qədər zamandan sonra Şuşaya getmək fürsəti tapmışamsa, kiminsə yadına düşmüşəmsə, bu fürsətdən faydalanmaq lazımdır. Görəsən ancaq kitablardan, əsərlərdən oxuduğum, arxiv kadrlarından gördüyüm Şuşa əslində necədir?

Reportajı hardan, nədən başlayım?

Bəlkə Şuşa yazmayım, 1752-ci ildə adlandırıldığı kimi Pənahabad yazım?

Axı o vaxt Pənahəli xan bu şəhərin təməlini qoyanda Şuşanın adı elə idi. Onu yazsam, gərək xatırladım ki, Pənahəli xan 69-70 yaşlarında Şirazda vəfat edib. Bunu yazsam, gərək mütləq qeyd edim ki, bir çox vətənpərvər ziyalılarımız, mərd insanlarımız kimi, ona da, daha doğrusu, onun məzarına da sahib çıxa bilməmişik. O da başqa dəyərli mütəfəkkirlərimiz, aydınlarımız kimi qürbətdə dəfn olunmağa məcbur qalıb.

Ancaq bunu yazsam, hökumətin acığı tutacaq. Deyəcəklər, yenə qurdalayıb qan qaraltmağa bir şey tapdı. Necə edim bəs?

Yox, bu mövzuya toxunmayacam. Qoy Bayat, Şahbulaq, Şuşa, Əsgəran qalalarını, Qarabağ xan sarayını tikən o böyük kişinin ruhu məni bağışlasın. Yəqin ki, məni başa düşər. O vaxt onlar xaricdəki düşmənlərdən qorunurdu, indi isə düşmən içimizdə də böyüyüb, artıb, vəziyyət daha acınacaqlıdır. O məni anlayacaq.

Mən kiməm ki? Balaca adamam. Uşaq vaxtı bir dəfə Tarix Muzeyində onun buraxdığı "Pənahabad sikkəsi”ni uzaqdan görən adamam. Niyə yazıb başağrı edim özümə? Yeri gəlmişkən, deyəsən Şuşa qalasının parad qapısının açarını da elə orda görmüşdüm.

Qala demişkən, görəsən qala nə vəziyyətdədir?

O vaxt Şuşada 17 məhəllə olub, hər məhəllənin də öz məscidi, öz hamamı, öz bulağı olub. Görəsən onlardan əsər-əlamət qalımı? Bulaqlar qurumayıb ki? 1984-1986-cı illərdə Şuşa rayonu ərazisində kompleks hidreoloji tədqiqatlar aparılmışdı. Nəticədə üst və orta sulu komplekslərin 6 perspektiv sahə üzrə yeraltı su ehtiyatları qiymətləndirilmişdi. Bütövlükdə Şuşa rayonu üzrə içməyə yararlı yeraltı suların ehtiyatı 5,0 min m3/gün təşkil edirdi.
Şuşa...

Başıbəlalı Şuşa...

Tarixdə 3 dəfə yandırılan Şuşanın, (1905, 1920, 1992-ci illər) başına gələn bu qədər müsibətlərdən sonra bizi qarşılamağa halı qalıbmı? İşğaldan qabaq Şuşanın 30 kəndi vardı, indi orda vəziyyət necədir?

Yuxarı məhəllə, Aşağı məhəllələrdə vəziyyət necədir?

Görəsən Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçilər, Hamamqabağı, Merdinli, Təzə məhllədən əsər-əlamət qalıbmı?

Görəsən Seyidli, Culfalar, Quyuluq, Çuxur məhəllə, Dördlər qurdu, Hacı Yusifli, Dörd çinar, Çöl qala, Qurdlar məhələlərində daş üstə daş qalıbmı?
Axı bizim taleyimizə yazılan düşmən olduqca qansız və barbardır.

Tarixin müxtəlif mərhələlərində üstümüzə hücum edib, illərlə qurub-yaratdıqlarımızı yerlə yeksan edib, günahsız qanlar axıdıb, qadın-uşaq öldürəcək qədər rəzil olan bu vəhşilərdən hər şey gözləmək olar! Onlar vərdişlidirlər. Hər dəfə belə olub. Gəlib yaltaqlanıblar, ürəyimizə giriblər, guya barışmışıq, ancaq sonradan yenə də öz kilsələrinin və millətçilərinin diqtəsi ilə barbarlıqlarını ortaya qoyublar.

Suallar çox, yol uzun...

Bir səfərdə hansı sualın doğru cavabını öyrənmək olar?

Sonuncu işğal zamanı Şuşada 195 nəfər azərbaycanlı qətlə yetirilib, 165 nəfər yaralanıb, 150 nəfər əlil olub, 552 körpə öz valideynini itirib, 20 mindən çox əhali öz yurdundan didərgin düşüb. Hələ də 58 nəfər soydaşımızın taleyi barədə bu günə qədər heç nə bilmirik.

Maraqlıdır ki, Şuşanın nəqliyyat kodu da 58-dir. İtkin düşən vətəndaşlarımızın sayı kimi...

Fikirlər içimi didib dağıdır, düşünürəm.

Bu boyda yolu gediriksə, deməli, fürsətdən yararlanıb, ermənilərlə apardığımız informasiya savaşında, erməni xislətini, bu millətin fitrətini ortaya qoyacaq faktları bütün ölkəyə, dolayısı ilə bütün dünyaya car çəkməliyik.

Axı erməni dığaları təkcə Şuşada 600-ə yaxın tarixi memarlıq abidəsini yerlə yeksan ediblər. Görəsən hazırda yüksək sürətlə aparılan bərpa-abadlıq işləri o vəhşiliklərin nişanələrini tam silməyib ki?

Pənahəli xanın sarayının, Yuxarı və Aşağı Gövhər ağa məscidlərinin, Natəvanın evinin, Vaqifin məqbərəsinin erməni vəhşiləri tərəfindən hansı vəziyyətə gətirildiyini çəkə biləcəyəmmi?

Görəsən Şuşa səfərindən xüsusi reportajlara, mövzulara, "qeyri-rəsmi” də olsa qadağa, senzura yoxdu ki?

Ermənilərin Şuşada 7 bağça, 22 məktəb, texnikum, musiqi məktəbi, 8 mədəniyyət evi, 22 klub, 31 kitabxananı yerlə-yeksan etdiklərini bilirəm. Ancaq görəsən həmin dağıntıları çəkə bilərəm? Buna icazə varmı? Yaxud bütün bunlara vaxt çatacaqmı?

Axı erməni quldurları Şuşada 8 muzeyi, həmçinin Şuşa Tarix Muzeyi, Xalça muzeyinin filialı və xalq tətbiqi sənəti muzeyi, Dövlət Qarabağ Tarix muzeyi, turist bazası, ən əsası Qarabağda yeganə Şərq musiqi alətləri fabrikini dağıdaraq, buradakı nadir sənət incilərimizi talayaraq məhv ediblər.

Axı dığalar təkcə Şuşanın tarix muzeyinin 5 mindən çox əşyasını, Dövlət Qarabağ Tarix muzeyinin 1000-dən çox əşyasını, Üzeyir Hacıbəyovun 300-dən çox, Bülbülün 400-dən çox, Mir Möhsün Nəvvabın 100-dən çox əşyasını, o boyda xatirə muzeylərinin fondlarını məhv ediblər.

Bu qarətlər zamanı dövlətimizə, tariximizə dəyən ziyanların dəyərini və həcmini hesablayıb qurtarmaq olmaz. Görəsən indi həmin yerlərin qalıqlarını çəkib, reallığı yazmağa icazə verəcəklər?

Vaxtilə Şuşada fəaliyyət göstərən 10 karvansaraydan hansının izi-tozu qalıb?

Maraqlıdır, görəsən tariximizə bu cür qənim kəsilən dığalar 1887-ci ildə tikilmiş Qazançı kilsəsini də dağıdıblarmı?

Simon Ter Hakopyan tərəfindən 1868-1887-ci illərdə tikilən bu kilsənin bürünc zənginin çıxarılıb satıldığını, sonradan Ukraynanın Donetsk şəhərindən bir erməni zabitinin bu zəngi 3 milyon rubla alıb, kilsəyə hədiyyə etdiyini də bilirəm.

Ancaq yenə də böyük həyəcanla Şuşaya çatmağı, beynimdəki bu mövzuları işıqlandıra bilmək üçün vacib və lazımlı kadrları görmək, seçmək, çəkmək istəyirəm.

Görəsən bizimkilər Şuşadakı gizli "Korpus-nasional” hərbi bulleteninin dərc olunduğu "bunker-zirzəmini” tapıblarmı? Bizi ora buraxarlarmı?

Ümumiyyətlə, görəsən, "ora olar, bura olmaz” kimi xüsusi qadağa və yasaqlar varmı? Qəribədir, görəsən niyə icazə verməsinlər ki?

İcazə versəydilər, yəqin ki, bu günə qədər gedən jurnalistlər nəsə yazardılar axı. Əgər səfər təkcə Cıdır düzünə gedib, selfi çəkdirməkdən ibarət olacaqsa, belə səfər mənim nəyimə lazımdı? Bizim Quba-Qusar dağlarında da belə mənzərələr çoxdu.

Görəsən Şuşada fəaliyyət göstərən, "erməni kompüter terrorizmi” ilə məşğul olan elmi-tədqiqat mərkəzinin "qərargahını” çəkməyə icazə verəcəklər? Axı Şuşada, Xəlfəlidə bu mərkəzin gizli yerinin olması barədə həqiqətləri yazmaq, çəkib göstərmək lazımdır. Belə bir yer vardı və başçısının Karen Karpoviç Sevastyan olduğunu ruslar da, ermənilər də yazıb etiraf edirdilər.

2000-ci ilin dekabr ayının 14-də, professorlar Q. Ter-Petrosyan, K. Ter-Martirosyan, S.Avakyan, R.Saakyan, K.Alanakyanın iştirakı ilə hazırlanan, 36 maddədən ibarət olan "Nüvə proqramı”nda 12-ci, 14-cü, 19-cu və 26-cı maddələrdə Qarabağın adı çəkilir, 4 ərazi "nüvə zonası”na ayrılır. Bunlardan biri də Şuşa rayon ərazisi (cənub-qərb hissəsindəki Göytala yaşayış məntəqəsi) olduğu bildirilir. Görəsən bu yerləri tapıblarmı? Tapılıbsa, çəkib göstərmək, yazmaq olarmı?

Məsələn, Xəlfəlidə (Şuşa) ASALA-nın fəaliyyət göstərdiyi elmi-tədqiqat mərkəzinin "düşərgə-qərargahı”nın yeri müəyyən edilibmi?

Şuşada ASALA-nın "Akopyan” bankının binası qalıbmı? Bu bank "Arm.Ba. "Acor”x "Ararat”- 220011-44421” kodu ilə fəaliyyət göstərirdi. Bu bank həm də ermənilərin "kölgə iqtisadiyyatına”, narkomafiyaya və bir çox erməni cinayətlərinə müstəsna xidmət göstərirdi. İndi məsələn təkcə bu bankın görüntüsünü çəkə bilsəm, kadrarxası mətn üçün nə qədər faktlarım var. Bunları xalqa çatdırmaq lazımdı axı.

Görəsən istismar ehtiyatı 342min m3/ gün və 70 min m3/ gün olan Şirlan və Turşsu mineral su yataqlarını çəkə bilərəm? Bax bu kadrlarım olsaydı, həm də bu bulaqların 2001-ci ildə Dubay (BƏƏ) əmirinin yaxın qohumu, iş adamı Şeyx Yusif Səfiyə satıldığını da qeyd edərdim. Qoy millətim həm də onu görsün ki, işğalda olduğu zamanda bu iki bulağın suyu çıxarılıb, qablaşdırılaraq Birləşmiş Ərəb Əmirliklərinə göndərilib. Bu mineral sulardan gələn gəlir hər il 450 min dollardan artıq vəsait olub ki, bunun da bir hissəsi elə Qarabağdakı separatçı və işğalçı rejimin "Qondarma Qarabağ Respublikası”nın qoşun kontingentinə sərf edilib.

Düşündükcə içində batdığım suallar "Azneft” meydanına nə qədər qaldığını unutdurur. Hesabı itirirəm. Hələ də yoldayam. Bəlkə də aylardı. Bakıya nə vaxt çatacağımı bilmirəm. Nə bu yol bitənə oxşayır, nə bu suallar...

Cəmil Məmmədli












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.