Batin alimi yazır: Kitabi Dədə Qorqudun sirləri - 2
5-01-2022, 08:09
Dədə Qorqudun kimliyi haqqında bu günə qədər dəqiq məlumat olmadığı üçün biz bu məqalədə onun haqqındakı yazılara şərh verəcəyik.
Qırğız, Qazax qam-şaman alqışlarının birində deyilir: «Ölü desəm ölü deyil, diri desəm diri deyil, övliya Ata Qorqud». Bu deyimə görə, Qorqud nə ölü, nə də diri deyildir. Bartold bu görüşün səbəbini belə izah edir: «Deməli, belə bir inam varmış ki, Qorqud canlılar aləmindən kənar edilmiş və eyni zamanda ölümə məhkum olunmamışdır». Bu fikirlə Jirmunski də razılaşır. Qam-şaman dualarının birində deyilir: «Su başında Süleyman, su ayağı ər Qorqud, bəlaları sən Qorxud, çağıranda gəl pirim». Buradan belə çıxır ki, Qorqud ölməmişdir, o bəlaları qorxudur və onu çağıranda da gəlir. Nəhayət, onun pir adlandırılması Qorqud Atanın bilavasitə qədim Misir piri, yəni fironu olması deməkdir. Çünki qədim yunanların firon adlandırdıqları söz, qədim Misirdəki pir - pirao sözüdür. Deyimdə Süleymanın («İssi-El-Əmanın») su başında olması, qədim Misirin Əman/Amon Allahının ilk dəfə yerə dirilik suyu gətirməsi mənasındadır. Bu haqda biz kitab və məqalələrimizdə geniş məlumatlar vermişik. Qorqudun su ayağında olması isə axirətdə gələcək Mehdinin Qor Allahının rəmzi olması deməkdir.
Qorqud haqqındakı rəvayətləri toplayan Mirəli Seyidovun, musiqişünas Əhməd Jubanovdan gətirdiyi rəvayətdə, Qorqud doğularkən, uşaq əvəzinə torba doğulur və insanlar qorxub qaçırlar. Anası torbanı əlinə alıb yırtır və oradan uşaq çıxır. Uşağın doğulduğu zamanı insanların qorxduqları üçün «qorxu» mənasında ona Qorqud adı verilir. Iyirmi yaşında ikən, yuxuda, ağ paltarlı birisi Qorquda deyir ki, sən qırx il yaşayacaqsan və o vaxtdan Qorqud, öz dəvəsi Jelmayaya minib ölməzlik axtarır. Sevimli Jelmayasını qurban kəsən Qorqud su üzərində xalça sərib, üstündə oturur və qopuz çalır.
Hər yerdə ölümün yaxınlaşdığını hiss edən Qorqud, qopuzda «həyat mahnısı» çalmağa başlayır ki, bu zaman ölüm ona yaxınlaşa bilmir. Qardaş Türkiyədə Qorqud haqqındakı rəvayətlərin çoxunda qeyd olunur ki, ölümdən qaçan Qorqud Ata hər yerdə ölümə rast gəlir. Nəhayət, o su üzərində sakitlik tapır ki, burada ölüm ona yaxın dura bilmir. Qorqudun su üzərində sakitlik tapması, onun su rəmzində qeyd olunan ilkin materiyada (İlah) ölümsüzlük qazanması deməkdir. Digər tərəfdən, onun su üzərində sakitlik tapması bizim yadımıza Qurandakı Allahın taxtının su üzərində olmasını salır. Belə çıxır ki, Qorqud, rəvayətlərdə dirilik suyu içib ölümsüzlük qazanmış Xızır peyğəmbərin obrazıdır. Sufi-batinilərdə Xızır/Hızır rəmzi "Hü-Azər" kimi oxunur ki, bu da Azər, yəni Asar/Osiris Allahı deməkdir.
Kitabda Dədə Qorqudda, Qorqudu qılıncla vurmaq istəyən Dəli Qarcara Qorqud - "Vursan əlin qurusun" deyir və Qarcarın əli göydən asılı qalır. Qorqudun sözlə insanın əlini qurutması o deməkdir ki, o adi insan yox, sözlə canlılara və fiziki aləmə təsir edə bilən müqəddəsdir. Bu dünyada sözlə fiziki aləmə yalnız ilkin materiya, yəni İlahla vəhdətdə olan pir-seyidlər, firon-bəglər, şad-bəglər təsir edə bilirdilər. Çünki, qədim Misir yazılarına görə, pir/firon Amon özünü Pta/Ptah adlandıraraq ilkin materiyanın ruhu kimi çıxış edib, söz və fikri ilə göydə kosmik ölçülü Atum Allahını yaratmışdır. Məhz Atum Allahının obrazı və bənzəri kimi yaradılmış pir-bəglər nəsli də bundan sonra təbiətə və canlılara söz və fikirləri ilə təsir edə bilirdilər. Pta rəmzi bizlərdə Yafət kimi qalmışdır ki, bu da türklərin əcdadı hesab olunur.
Bütün bunlar o deməkdir ki, Qorqud obrazı axirətdə gələcək və Allah səviyyəsinə yüksələcək Mehdinin obrazıdır.
Firudin Gilar Bəg