Yumurta əppəyə dəyməyin...
6-01-2022, 08:00
...İnsanları qonşulara VƏTƏN satmağa məcbur buraxmayın...
- 116 manat maaşa görə hər gün dörd kilometr yol süpürürəm...
- Hərəsinə bir villa bəsdir, qalan mallarını satıb camaatı vəziyyətdən çıxarsınlar...
...Lap uzaqdan bir polis əməkdaşı səsgücləndirici ilə danışır:
Siz Azərbaycan Respubliksaının Qanunlarını pozursunuz...
... Onun səsini başqa bir səs kəsir:
- Əəə, qardaş, Allah haqqı, biz qanun-zad pozmuruq ee, bura acından çıxmışıq...
Ara sıra xəbərdarlıq atəşi, silah səsi eşidilir. Bu səsə belə bir reaksiya:
- Atmayın, bura Ermənistan deyil, Siyəzəndir...
Sonra polis aksiyanı dağıdır. Aksiyaçılar yerə oturub etiraz edirlər. Məzlum sifət almış bir neçə polis əməkdaşı əyilib oturanın qolundan tutur:
- Oturma, sən Allah, dur get ee, get...
*****
Üç cavan oğlan özünü binadan atmaqla şantaj eləyir məmurları.
Lənkəranın icra başçısı öz rayonunda baş verənlərə aydınlıq gətirir bir az o tərəfdə:
- Bizdə etirazlar içkinin və siqaretin kartla satışına görə idi. O da ləğv olundu. İndi sakitlikdir.
Bu arada haradansa söyüş səsləri də gəlir qulaqlarımıza:
- Ayə, köpək oğlanları, burda nə gəzirsiniz?!...
Söyən Cəbrayılın icra başçısıdır. O sonra bizə “əcəb eləyirəm, öz qohumlarımı söymüşəm” də deyir...
Bir bağçadan uşaq oğurluğu xəbəri gəlir. Sonra bir məktəbdən. Sonra bu haqda deyilənləri təkzib eləyirlər, valideynləri sakitləşdirirlər və sair...
Mağazaya girirsən, satıcı şikayətlənir:
- Qiymətlər sürətlə dəyişdiyindən üst qiymətləri yeniləyib dəyişə bilmirik, bəzən aradakı fərqi müştərinin əvəzinə biz ödəməli oluruq və sair.
*****
Biz bu günləri yaşamağa layiqik, ya yox, ona cavab verəcək qədər böyüməmişəm. Amma “gördüyüm mənzərənin adı xaosdan başqa heç nə deyil” deməyi də qadağan edən olmaz mənə yəqin ki...
Bu qarmaqarışıqda nədənsə gözümün önündə bir kişinin video görüntülərdəki obrazı, siması canlanır. Lap əvvəldə dediyim o kişinin... Ağzında dişi olmayan, beli bükük, zәif, aciz durumda qalmış, ayaq üstə zorla dayanan, bəlkə heç evində də sözü keçməyən, ayda 116 manat almaq üçün hər gün 4 kilometr yol süpürən kişi...
Bizim bölgələrə dönəndə görünən insanımızın, ümumiyyətlə həmişə arxalandığımız azərbaycanlı kişinin siması, obrazı bu olmamalı idi axı. Çünki bunun əksinin olması üçün bütün imkanlar var bu ölkədə...
***
Bizim bölgədəki insanımız pambıq da becərib, taxıl da əkib, suçu da olub, mal da otarıb, bənnalıq da eləyib, pinəçilik də, toxuculuq da, maldarlıqla da məşğul olub. Çoban olub, sürü də otarıb, fəhlə də işləyib...Amma aciz siması ilə yadda qalmayıb. Mərd, başı dik, zəhmətkeş, qazanmağı bacaran gözü də tox olub onun...
İndiki xaosda o təkcə aciz duruma düşən deyil həm də dinlənilməyə, dərdləşməyə möhtac biridir. Amma burda da problem olan odur ki, nə etiraz edən insanların tələbini məmura çatdıracaq lider qalıb, nə də o problemləri dinləyib, sistemləşdirib, həlli yolunu göstərən məmur. Çünki birinin qarnı acdır, o birinin gözü. Və ikincilər birincini sadəcə susdurmaq iddiasındadır.
Birincilərin isə təkcə qarını ac deyil. Onlar həm mənəvi acdır. Qarın aclığından da dəhşətlidir bu. Qarının başını aldatmaq olur, mənəviyyatınkını yox...
O üzdən onları dinləmək, dinləmək və dinləmək lazımdır!.. Özü də dinləyənlər rayon rəhbərləri olmamalıdır. Daha yüksək mənsəb sahiblərinə danışmaq istəyir bu adamlar. Onları saatlarla, günlərlə, aylarla dinləyin. İndiyə qədər heç zaman, heç kimi dinləmədiyiniz kimi dinləyin.
Dinləyə-dinləyə ac qalmağın, kasıblığın, başının üstündə bir damının olmamasının, geyməyə paltarın, yeməyin yoxluğunun, uşağına bir “suxariki”, “kinderi” ala bilməməyin nələr yaşatdığını anlayın. Nəhayət, anlayın ki, bu problemi yaradan adam da elə özünüzsünüz. Bir də onu anlayın ki, bir ailə rəisinin, ailə başçısının, bir azərbaycanlı kişinin dərdini deyib də sadəcə hıçqırması, gözündən yaş axıda bilməməsi nə qədər böyük faciədir. Bu insanlar nə qədər ki, danışır onları dinləyin. Dəhşət onda olacaq ki, heç kim daha danışmayacaq, eləcə susacaq. O səssizlik hamının qulağını batıracaq onda da. Elə susanın da. Və beləcə olan gözəlim, məmələkətim Azərbaycana olacaq.
*****
Ancaq nə qədər ki, danışırlar siz dinləyin, susun lütfən! Susdurmağa çalışmayın! Lap heç nə edə bilməsəniz də sakitcə qalxıb gedin sonra da. Heç olmasa onu anlayın ki, bu insanlar sizə bircə onu deyirlər ki, əti, qatığı, qaymağı, istirahət məkanlarına getmək üçün pul o yana dursun, yedikləri indi yumurtanı və nənəm deməsi əppəyi əllərindən almayın. Çoxdurmu, cənablar?!...
Jalə Mütəllimova
15.01.2016.
musavat.com.
P.S. Il o deyil, heç hadisələr də indi o deyil. Rayonlarda aksiyalar təşkil edirdilər bəlli güclər. Yumurta və çörəyin qiymətini süni şəkildə artırırdılar. İndi maaşlar qismən artırılsa da, bahalaşma insanlara rahatlıq vermir. Yəni əslində bəlkə də durum elə odur, adamlar, kasıb, yorğun, üzgün, xəyal qırıqlığına uğramış durumda. Bahalaşama isə dəhşətlidir. İndi yumurtasız, amma əppəklə puls yoxlayırlar. O əppəyə and olsun ki, olmaz. Qazaxıstan olayları bunun çox aydın nümunəsidir. İnsanları çörəklə sınayıb, qonşuya VƏTƏN satmağa məcbur qoymayın, heyifdir AZƏRBAYCAN!