YOVŞANLI ÇÖLÜN QIPÇAKLARI

9-01-2022, 09:03           
YOVŞANLI ÇÖLÜN QIPÇAKLARI
"СУРОВЫЕ ЛЮДИ КИПЧАКСОЙ ПУСТЫНИ" - (Aybek Asanbayev, əsgər yoldaşım)
I YAZI
Bu günlərin ən diqqət çəkən mövzusu, heç şübhəsiz, Kazaxıstanda baş verən son olaylardı. Etiraf etmək lazımdır ki, olaylara ilk etapda ziddiyyətli və olduqca qarışıq xarakteri səbəbindən qiymət vermək heç də asan məsələ deyildi. İnsan İnkişafı İndeksinə görə, Kazaxıstan 2019-cu ildə 0,817 balla çox yüksək (very high) nəticə göstərib və dünyanın ilk 50 ölkəsi arasına girib. Bu, postsovet məkanında Pribaltika ölkələrindən sonra 4-cü nəticədir. Belə yüksək səviyyədə inkişaf etmiş bir xalqın o cür barbarlığa yol verəcəyi inandırıcı olmadığı kimi, olayların pərdə arxasında hadisələrdə maraqlı olan qüvvələrin gizləndiyi, vəziyyəti məhz onların qarışdırdığı da ilk ağla gələnlərdəndi...
HAŞİYƏ:
İnsan İnkişafı İndeksi (İİİ) - 1990-cı ildən etibarən hər il BMT-nin İnkişaf proqramı tərəfindən nəşr edilən "İnsan İnkişafı Hesabatı"nda dünya ölkələrində əhalinin rifahını əks etdirən göstəricidi. Bu indeks əhalinin rifahını ÜDM-dən daha geniş şəkildə özündə ehtiva edir. İİİ - insan inkişafının üç əsas ölçüsünü özündə birləşdirir:
- uzun və sağlam ömür (orta ömür uzunluğu əsasında hesablanır);
- təhsil səviyyəsi (böyüklər arasında savadlılıq, həmçinin ibtidai, orta və ali məktəblərdə təhsil alanların say nisbəti əsasında hesablanır);
- layiqli yaşayış standartları (alıcılıq qabiliyyəti pariteti/AQP, gəlir əsasında hesablanır).
Bəli, kazax xalqı bir qərbi avropalı və ya amerikalı qədər yüksək təminatlı həyat şəraiti yaşamasa da, İnsan İnkişafı İndeksinə görə, həmin qabaqcıl ölkələrdən heç də geri qalmır, onlarla eyni (very high) səviyyədə durur. Bəs, nə oldu, nə baş verdi ki, birdən-birə hər şey tərsinə döndü, yüksək mədəniyyət sahibi, vətən və dövlət anlayışı çox yüksək olan bir toplum bir barbara çevrildi? Hesab edirəm ki, fikrimi tam anlata bilmək üçün bu mövzudakı ilk yazımda birbaşa özümün yaşadığım bir hadisəni, xatirəmi nəql etməliyəm...
ƏSGƏR DOSTUM AYBEK ASANBAYEV
Bizim generasyondan olanlar bilirlər - Sovet Ordusunda xidmət etdiyimiz zaman biz qafqazlılar Orta Asiya xalqlarına yuxarıdan aşağı baxardıq, onları ələ salar, hamısına ucdantutma "monqol" və ya "özbək" deyərdik. Lakin şəxsən mən hələ o zamandan az da olsa hiss etmişdim ki, kazaxlar digər orta asiyalılarla müqayisədə daha yüksək mədəni keyfiyyətlərə sahibdirlər. Hamısı da bir nəfər kimi, rus dilini çox yüksək səviyyədə bilir, rus dilində səlis danışırdılar. Bu keyfiyyətləri onları hərbi komanda heyətinin diqqətində saxlayırdı. Məsələn, bir azərbaycanlı adını yeməkxana və ya kazarmada "naryada" yazdırıb, gün keçirməklə baş girələyirdisə, onun kazax xalqından olan əsgər yoldaşı tankla, topla, hərbi rabitə sistemi ilə maraqlanır, 40-45 dərəcə şaxtada poliqona gedir, hədəfə atəş açmağı öyrənirdi. Yəni deməyim odur ki, kazaxlar bir çoxlarımızın düşündüyünün əksinə olaraq, gerizəkalı anlamında işlətdiyimiz "monqol" və ya "özbək" deyildi. Kazaxlar özlərinə, əsgər yoldaşım və dostum Aybek Asanbayevin dediyi kimi, sərt Qıpçak Çölünün sərt adamları deyirdilər - Суровые люди Кипчакской пустыни...
Ancaq bu "sərt adamlar" özbəklərdən, qırğızlardan və taciklərdən fərqli olaraq, digər xalqlarla (əsasən Qafqaz xalqlarıyla) münasibətlərə aydınlıq gətirəndə dava-dalaşa yox, sülhə və danışıqlara daha çox üstünlük verirdilər. Dostum Aybek Asanbayev tarixi mükəmməl bilirdi. O, öz xalqından olan əsgərlərin davaya meyilli olmayıb, hamıyla sülh içində yaşamaq istəklərini belə xarakterizə edirdi: "Biz tarix boyu çox savaşdıq. Çox vaxt da qalib gəldik. Biz Çingiz xanın, onun nəvəsi Batı xanın varisləriyik. Biz Qızıl Ordanın varisləriyik. Artıq elə bir zamanda yaşayırıq ki, insanları inkişafa savaşın yox, sülhün, əmin-amanlığın götürəcəyini düşünürük. Bu səbəbdən biz savaşa yox, sülhə və elmə üstünlük veririk..."
Aybek onu da deyirdi ki, vətənə təhlükə olarsa, biz savaşmasını da bilirik. O bunu Böyük Vətən Müharibəsində kazax xalqından olanların rəşadəti və qəhrəmanlığını anlatmaqla isbat etməyə çalışırdı. Məsələn, Panfilovçulardan və Koşkarbayevdən danışırdı. Deyirdi ki, Reyxstaqa bayrağı ilk sancan kazax millətindən leytenant Koşkarbayev və onun əsgəri olub. Aybek deyirdi ki, Sovet İttifaqı bizi işğal edib, ancaq müharibə vaxtı biz kazaxlar vahid vətən ideyasına sadiq qalaraq faşistlərlə ən sərt şəkildə savaşmışıq. O onu da deyirdi ki, elə həmin qanlı müharibə illərində kazax xalqı qapılarını SSRİ-nin işğal olunan Avropa hissəsindən qaçqın düşənlərin üzünə açdı, bununla əsil qonaqpərvərlik və insanlıq nümunəsi göstərdi.
Mən Aybekin söhbətlərinə diqqətlə qulaq assam da, inanmaqda çətinlik çəkir, hətta onu dostyana ələ də salırdım. Axı Çingiz xan, Batı xan hara, kazaxlar hara... Yenə bunu bir tatar desəydi, müəyyən qədər ona haqq vermək olardı... Aybek isə məni inandırmağa çalışırdı ki, Çingiz xan monqol deyil, moğoldu, moğol isə kazaxların 800 il öncəki ulu babalarıdı.
- Yaxşı, tutaq ki, bu dediklərinə inandım. Bu, ən az 800 illik bir tarixdi. Bəs, Reyxstaq, bayraq məsələsi... ora bayrağı sancanın Meliton Kantariya ilə Mixayıl Yeqorovun olduğunu 250 milyonluq SSRİ bilir.
Aybek mənim bu iradımı, Kantariya ilə Yeqorov məsələsini dövrün hakim siyasi kursu ilə əlaqələndirdi: bu, Stalinin istəyiydi, bir gürcüylə bir rusu şöhrətin zirvəsinə qaldırmalıydılar...
Qəhqəhə çəkib güldüm və Aybekdən soruşdum ki, orduya çağırılmamışdan öncə kim olub, nə işlə məşğul olub ki, bu qədər ilginc və sirli məlumatları bilir. Tavrını pozmadan, sakit şəkildə dedi:
- Mən Taldı-Kurqan vilayətində bir aulda böyümüşəm. Çoxlu qoyunlarımız vardı, vaxtımın çoxu onları otarmaqla keçib.
Doğrusu, özümü qürurlu və məğrur hiss etdim. Müsahibim bir çoban imiş. Mən isə kasıb bir ailədə böyüməyimə baxmayaraq, Azərbaycanın ən elitar ali təhsil ocaqlarından birində təhsil alır, hələ üstəlik, ilk kursumu da əlaçı kimi bitirmişəm. Həmin o məğrurluq və qürurun təsiri olmalıdır ki, o söhbətimizdən sonra əsgər dostum Aybekdən uzaq dururdum - həm onu özümdən aşağıda görür, həm də çox təhlükəli mövzulardan söhbət açırdı.
Mən əsgərliyi bitirib gəldikdən 4-5 ay sonra məlum Alma-Ata hadisələri oldu. Qazaxıstan KP MK-nın 1-ci katibi Dinmuhammed Kunayev rus Kolbinlə əvəz olunmuşdu. Kazax xalqı bu təyinata etiraz əlaməti olaraq küçələrə çıxmış və Sovet qoşunlarının işə müdaxiləsi nəticəsində etirazlar qan hesabına durdurulmuşdu. Dərhal Aybeki xatırladım. Tez əsgərlik dəftərçəmi açıb baxdım... yaxşı ki, yaşayış yerinin ünvanını götürübmüşəm.
Aybekə məktub yazıb, baş verən hadisələr barədə məni bilgiləndirməsini xahiş etdim. Təxminən iki həftə sonra Aybekin bacısı Dinara Asanbayevadan cavab məktubu aldım: "Aybek Alma-Ata hadisələri vaxtı aldığı güllə yarasından dünyasını dəyişib!"
Bir qədər sonra Azərbaycanda da antisovet ruhlu dərnəklərin olduğunu öyrəndim. İlk əvvəl maraq xatirinə onların yanına gedib gəlirdim. Getdikcə düşüncələrimdə dəyişiklik baş verdi və mən fəal bir antisovetçik oldum.
İnstitutda yaxşı oxuyurdum, qabaqcıl tələbələrdən sayılırdım, bütün qiymətlərim "5" idi, əlaçıydım. Ancaq anlayırdım ki, mövcud bilik səviyyəm qaneedici deyil, hakim siyasi kursun sərhədləri çərçivəsində bilik sahibiyəm. Əsgər dostumun - Aybekin mənə danışdıqlarını xatırladım. Beləliklə, zamanımın çoxunu əlavə kitablar oxumağa, mütaliəyə ayırırdım. Bəzi qadağan olunmuş ədəbiyyatları əldə edir, oxuyur və bilik bazamı zənginləşdirirdim. Gedib gəldiyim dərnəklərdə bir çox elm adamıyla tanışlığım oldu, onlardan da çox şey öyrəndim. Amma mən bu günün özündə belə əsgər dostum Aybek Asanbayevi özümün ilk müəllimim hesab edirəm - həmin o gənc kazax əsgər, çoban Aybeki deyirəm...
Aybeki hər xatırladığımda çox utanıram - ona yuxarıdan aşağı baxdığıma görə, çobanlığına rişxənd etdiyinə görə, yalan danışdığına qənaət gətirdiyimə görə çox utanıram. Halbuki o, hər şeyi doğru deyirmiş. Moğollar elə həmin bu günkü kazax xalqıdı, Reyxstaq üzərində bayrağı da ilk dəfə Koşkarbayevlə Bulatov qaldırıblar. Bir kazax əsilli çoban öz tarixlərini çox gözəl bilirdi, mən isə ali təhsil almağıma, hələ üstəlik, əlaçı bir tələbə olmağıma rəğmən, tariximizlə bağlı heç nə bilmirdim. Bu mənada mən əsgərlik dostumdan - bir kazax çobanından tarixi bir dərs aldım və heç zaman bunu unutmayacağam...
P.S. Şəkildəkilər: yuxarıda soldan sağa - koreya əsilli alma-atalı Vitali Kim, latviyalı Rope Karklinş, azərbaycanlı Fərəməz Allahverdiyev, kazax Aybek Asanbayev, gürcü Qoca Xincaqaşvili; oturanlar - Göyçə mahalından Ramiz Dəmirçiyev və ukraynalı Valera Korotçenko.
Ardı var
Fərəməz Allahverdiyev
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.