Batin alimi yazır: Kitabi Dədə Qorqudun sirləri - 3
10-01-2022, 06:44
Kitabi Dədə Qorqudda Oğuz eli "qanlı" adlandırılır və qana bulanmış çaydan o tərəfdə yerləşir. Burada axan sular "qanlı-qanlı" sular, bəglər - "qanlı Oğuz bəgləri", Oğuz elinin ordusu isə "qan alaca ordu" adlandırılır. Bu kitabda Dərbənd şəhəri - "qanlı qara Dərvənd" kimi qeyd olunur və o, kafirlərin yaşadığı iqlim Aranda, yəni Aran ölkəsində yerləşir ki, bu qanlı dünyanın girişi isə qanlı sulardan o yandadır. Burada Oğuz elinin çadırları da qırmızıdır və bu da qan rəngində olduğu üçün bu elin bilavasitə qanla bağlılığına işarədir.
Digər tərəfdən, bu kitabda təkcə Oğuz eli yox, onun düşməni olan kafərlər və onların eli də qanlı adlandırılır. Qanlı Oğuz eli isə eyni zamanda "Qan Abqazı eli" adlandırılır ki, Abqazı rəmzi sufi-batini məntiqində Aba-Oğuz mənasında "Ruh-Oğuz" deməkdir və Oğuzun Ba ruhlar dünyası olması mənasındadır. Deməli, Oğuz eli ruhların yaşadığı eldir və bilavasitə qanla, yəni qan tökməklə yaradılmışdır. Kitabda kafər elinin başı göylərə çatan qalasından danışılır ki, buradakı qalanın "göylərə çatan" adlandırılması, onun "başı göylərə çatan" Babil qülləsi ilə eyniliyi deməkdir. Mən kitab və məqalələrimdə göstərmişəm ki, Babil qülləsi - göydə yaradılmış ruhlar dünyasının rəmzidir və bu dünya Kitabi Dədə Qorqudda Taş Oğuzun içində yaradılmış İç Oğuz kimi rəmzləndirilmişdir. Bu eli yaradan isə Kitabi Dədə Qorqudda - "varıban peyğəmbərin üzünü görən, gəlübən Oğuzda səhabəsi olan, acığı tutanda bığlarından qan çıxan, bığı qanlı Bəkdüz Əmən", yəni Amon Allahıdır. Çünki məhz "bığı qanlı Bəkdüz Əmən" yüz minlərlə qurban qanı hesabına göydə İç Oğuz elini, dünyasını yaratmışdır. Qədim Misir yazılarında Bəkdüz Əmən -Takdüz Əmən (Takdiz Amon) kimi qeyd edilir.
Digər tərəfdən bu kitabda oğul - "qanlı suyun daşqını Oğul" adlandırılır ki, buradakı daşqın - subasma mənasındadır. Belə çıxır ki, qanlı Oğuz elinin, qanlı-qanlı sularının daşmasından oğul yaranmışdır. Kitabda bu oğulun qayıtması digər yerdə sovulmuş, yəni qurumuş bu qanlı suların çağlaması kimi qeyd olunur. Qeyd etmək yerinə düşər ki, qədim Misir yazılarında Misir torpağı subasma torpağı adlandırılır ki, bu da Misirin elə göydə qurban ruhlarından yaradılmış el olması deməkdir. Belə çıxır ki, Nuhun subasması nəticəsində də qanlı sulardan oğul yaranmışdır və bu oğul axirətdə gələcək imam obrazındadır. Başqa sözlə, axirətdə bu daşqın təkrar olunmalıdır və göydə oğulun yeni dünyası yaradılmalıdır. Qədim Misir yazılarında bu oğul - Asar/Osiris oğlu Qor kimi rəmzləndirilmişdir.
Qanla yaradılmış Oğuz eli digər mənbələrdə Rus ölkəsi adlandırılır. Rus abidələrinə görə, Rus ölkəsi də qandan yaradılmışdır, qanlıdır və bu qan müqəddəsdir. Qan şırnağı Ripey dağlarında bir daşın altına axır və buradan da göyə nəhəng ağac ucalır. Bu ağacın başında göy Allahı olan Svaroq yaşayır. Ruslar isə burada, ölümsüz yarıqadın, yarıbalıq rusiçlər adlandırılırlar.
Rus rəmzi Kitabi Dədə Qorqudda Aruz və Urus kimi keçir. Rus mənbələrində ruslar "Urus əri bəgləri" adlandırılır ki, bu da qədim rusların - Qazan (Oğuzan/Oğuz) bəgin oğlu Uruz bəgin nəsli olması anlamındadır. Başqa sözlə, qədim mənbələrdə Rus ölkəsi dedikdə - Oğuz bəglərinin qurban ruhlarının qanı ilə yaratdıqları göydəki İç Oğuz eli nəzərdə tutulmalıdır. Bu dünyanın ağac rəmzində göstərilməsi də onun "dünya ağacı" (həyat ağacı) mənasında olması deməkdir. Əhdi-Ətiqdə bu "dünya ağacı" - Livanda yerləşən hündür sidr adlanır. Livan rəmzi Tövratda Lbnun kimi qeyd olunur ki, bu da Alban, Albaniya ölkəsi mənasındadır. Batini mənada Babil adı ilə eyni mənada olan Alban rəmz - "ölümsüz Ba/Benu ruhlarının eli" deməkdir.
Yezekiil peyğəmbərin kitabına görə, bu "dünya ağacı" - Misir və Assur ölkələridir. Onun kökü böyük dərya sularındadır və sonsuzluq onu ucaldır. Buradakı hündür sidr, Edem və Allah bağının ağacları ilə müqayisə edilir. Livan (Alban) dağı isə mənbələrdə “ölümsüzün dağı” adlandırılır. Bütün bunlar isə o deməkdir ki, qandan yaradılmış Rus ölkəsi və ya Oğuz eli - ölümsüzlük qazanmış ruhların dünyası, cənnət mənasındadır. Əgər nəzərə alsaq ki, Uruz/Urus rəmzləri sufi-batin məntiqində Azər/Asar/Osiris rəmzləri ilə eyni mənalıdır, razılaşarlq ki, bu dünya elə qədim Misir yazılarındakı Osiris (mənbələrdə Asar/Usir) ölüm şahlığıdır.
Firudin Gilar Bəg