"Aliyevşina", yaxud "Naxçıvan Klanı" - siyasət dəllallarının yorulmadan 50 ildir oxuduğu bayatı

16-01-2022, 13:26           
"Aliyevşina", yaxud "Naxçıvan Klanı" -
AZƏRBAYCAN SİYASİ TARİXİNDƏ HEYDƏR ƏLİYEV ERASI!
VI YAZI
1969-cu ildə hakimiyyətə gəldikdən sonra Heydər Əliyevin təşəbbüsü ilə yüksək nomenklatur vəzifələrə seçilən və ya təyin olunan kadrların siyahısının davamı ilə tanış olun:
ABBASƏLİYEV SABİT QASIM OĞLU - 12 may 1932ci ildə Gürcüstan SSR-in Marneuli rayonunun Quşçu kəndində anadan olub. 1971-ci ilə qədər sonuncu iş yeri Azərbaycan KP MK-nın Neft və Kimya Sənayesi şöbəsinin müdir müavini vəzifəsi olub. 1971-ci ildə Aərbaycan KP Sumqayıt Şəhər Komitəsinin 1-ci katibi seçilib.1974-cü ilə qədər bu vəzifəni tutub. Sonra sırasıyla, 1974-79-cu illərdə Azərbaycan SSR Mərkəzi Statistika Komitəsinin, 1979-82-ci illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsinin sədri, eyni amanda Nazirlər Soveti sədrinin müavini vəzifələrini tutub;
MƏMMƏDOV XƏLİL MƏMMƏD OĞLU - 5 may 1916-cı ildə Şuşa şəhərində anadan olub. 1971-74-cü illərdə Azərbaycan SSR İdman və Bədən Tərbiyəsi Dövlət Komitəsinin sədri vəzifəsinə təyin olunub. Bu vəzifəyə qədər Nazirlər Sovetində Sovet Orqanları şöbəsinin müdiri olub. Daha əvvəl daxili işlər naziri vəzifəsini tutub;
ORUCOV TELMAN XƏLİL OĞLU - 1940-cı il tarixdə Yevlax rayonunun Qaramanlı kəndində dünyaya gəlib. 1966-69-cu illərdə Beyləqan rayonunda komsomolun 1-ci katibi, sonra rayon partiya komitəsinin 2-ci katibi olub. 1971-ci ildə Sov.İKP MK yanındakı Ali Partiya Məktəbinə oxumağa göndərilib. 1975-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə Ağdam rayon partiya komitəsinin 1-ci katibi seçilib. 1980-ci ildə respublika Tədarük naziri, bir il sonra isə Meyvə-Tərəvəz Təsərrüfatı naziri təyin olunub;
ABDİNBƏYOV SÜLEYMAN SADIQ OĞLU - 1923-cü ildə Bakı şəhərində anadan olub, əslən şuşalıdı. Heydər Əliyevin dövründə Azərittifaqın İdarə Heyətinin sədri vəzifəsini tutub;
ABDULLAYEV ƏNVƏR ƏLƏKBƏR OĞLU - 1922-ci ildə Qubadlının Eyvazlı kəndində anadan olub. "Alievşina" adlandırılan dövrdə Neft və Kimya Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri vəzifəsini tutub;
ABDULLAYEV MƏZAHİR AĞAVERDİ OĞLU - 1911-ci il tarixdə Bakıda doğulub. "Naxçıvanşina" və ya "aliyevşina" adlandırılan dövrdə Bakı Baş Tikinti İdarəsinin ("Bakqlavstroy") rəisi vəzifəsini tutub;
RZAYEV ŞÜKÜR HƏBİB OĞLU - 21 oktyabr 1929-cu ildə Şuşa şəhərində doğulub. Heydər Əliyevin dövründə iki dəfə 1-ci kateqoriya nomenklatur vəzifə sayılan post tutub. Əvvəlcə Respublika Prokurorluğunda Məhkəmələrdə Cinayət İşlərinin Baxılmasına Nəzarət İdarəsinin rəisi, sonra Azərbaycan SSR Nəqliyyat prokuroru olub;
HƏSƏNOV HƏSƏN ƏZİZ OĞLU - 20 oktyabr 1940-cı ildə Tiflis şəhərində anadan olub. 1975-1978-ci illərdə Bakı şəhəri Səbayıl Rayon Partiya Komitəsinin 1-ci Katibi, 1978-1979-cu illərdə Sumqayıt Şəhər Partiya Komitəsinin 1-ci Katibi, 1979-1981-ci illərdə isə Kirovabad (Gəncə) Şəhər Partiya Komitəsinin 1-ci Katibi vəzifələrində işləyib. 1981-ci ildə Heydər Əliyev Həsən Həsənovu irəli çəkərək, Azərbaycan KP MK-nın İdeoloji Məsələlər üzrə katibi vəzifəsinə seçdirib;
XALIQOV ƏBDÜL SÜLEYMAN OĞLU - 24 yanvar 1915-ci ildə Rusiyanın Blaqoveşensk şəhərində doğulub, əslən şamaxılıdı. 1965-70-ci illərdə Azərbaycan SSR DTK-nın 2-ci şöbəsinin (əks kəşfiyyat) rəisi, 1970-85-ci illərdə DTK sədrinin müavini vəzifəsində işləyib;
İSMAYILOV İLYAS ABBAS OĞLU - 20 mart 1938-ci ildə Tovuz rayonunda anadan olan İlyas müəllim iş fəaliyyətinə Elmlər Akademiyasında başlasa da, sonradan prokurorluq sisteminə keçib. 2 il respublika prokurorunun köməkçisi vəzifəsini tutduqdan sonra KP MK-nın İnzibati Orqanlar şöbəsində işə cəlb olunub. 6 il bu şöbədə yetəri qədər təcrübə topladıqdan sonra 1978-ci ildə respublika prokurorunun müavini postuna irəli çəkilib. İlyas müəllimlə şəxsi münasibətlərim heç zaman hamar olmayıb. Lakin bu, heç də o demək deyil ki, onun Azərbaycanın gəlib keçmiş ən təcrübəli, ən əsası da prokurorluq sisteminin ən təmiz kadrlarından biri olduğunu etiraf etməyim. Heydər Əliyevlə şəxsi söhbətlərimizdə də hər zaman İlyas müəllim haqqında xoş sözlər eşitmişəm;
RZAYEV AĞABABA SƏMƏD OĞLU - 1921-ci ildə Bakı şəhərində anadan olub. Heydər Əliyevin 13 illik hakimiyyəti dövründə "Kommunist" qəzetinin baş redaktoru olub. Bu vəzifənin nə qədər böyük əhəmiyyət daşıdığını yaşlı nəsil çox gözəl bilir. Təsəvvür edin, bu vəzifəni daşıyan adam birbaşa KP MK üzvü olurdu;
ƏLİBƏYOV CƏMİL ƏDİL OĞLU - 05 dekabr 1927-ci ildə Füzuli rayonunun Dədəli kəndində anadan olub. Heydər Əliyev hakimiyyətə gələn kimi Əlibəyovu dövlət vəzifəsində işləməyə dəvət edir. O, Azərbaycan Respublikası Radio və Televiziya Verilişləri Komitəsinin sədr müavini təyin olunur və radioya başçılıq etməyə başlayır. Bu təyinatın nə qədər uğurlu olduğunu o dövrün "Bulaq" verilişini xatırlayan hər kəs bilir. Sonra Heydər Əliyev Cəmil müəllimin işinə peşəkarcasına münasibətini dəyərləndirir, onu daha artıq məsuliyyət tələb edən bir işə irəli çəkir. Heydər Əliyevin şəxsi təklifilə Cəmil Əlibəyov "Azərbaycanfilm" kinostudiyasının direktoru vəzifəsinə təyin olunur;
ƏMİRASLANOV MÖHBALI FİRUDİN BƏY OĞLU - 1902-ci ildə Qubadlı rayonunun Balahəsənli kəndində anadan olub. 1981-ci ildə təqaüdə çıxana qədər Dağ-Mədən Tikintisi İşlərinin Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsində çalışıb;
ABDULLAYEV ABUTALIB MİR AĞA OĞLU - 1912-ci il tarixdə Bakıda, İçərişəhərin "Ağşalvarlılar" məhəlləsində anadan olub. Heydər Əliyevin dövründə əvvəlcə Respublika Magistral Qaz Boruları Baş İdarəsinin, sonra isə Azərbaycan Qaz Nəqli İstehsalat Birliyinin rəisi vəzifələrində işləyib;
TOPÇİYEV ƏLİ RƏHİM OĞLU - 1920-ci ildə Bakı şəhərində anadan olub. Heydər Əliyevin dövründə uzun müddət Azərbaycan SSR Kommunal Təsərrüfat naziri vəzifəsini tutub;
NƏSRULLAYEV NƏSRULLA HİDAYƏT OĞLU - 24 oktyabr 1920-ci ildə Bakı şəhərində anadan olub. Heydər Əliyev erasına qədər Bakı Şəhər Partiya Komitəsinin 1-ci katibi və Dövlət Plan Komitəsi Sədrinin 1-ci müavini vəzifələrində işləyib. 1969-1975-ci illərdə rabitə naziri, 1975-1978-ci illərdə isə yüngül sənaye naziri vəzifələrində işləyib. 1978-ci ildə ağır xəstəlikdən dünyasını dəyişib. Heydər Əliyevin böyük hörmət bəslədiyi şəxs olub. O, Azərbaycanda ilk elektrotexnika zavodunu yaratmış və onun direktoru olmuşdur;
RƏHİMOV SADİQ HACIYARƏLİ OĞLU - 27 sentyabr 1917-ci ildə Bakıda, Balaxanı kəndində anadan olub. 1950-1960-cı illərdə bir çox yüksək vəzifələr tutub, müxtəlif nazirliklərə rəhbərlik edib. Hətta 4 il ərzində - 1954-1958-ci illərdə Nazirlər Sovetinin sədri vəzifəsində də çalışıb. Əvvəlki rejimin - "Şuşa klanı"nın qalıqlarından olub. Əslən bakılı olsa da, xanımı əslən şuşalı olduğu üçün bu klanın vazkeçilməz kadrlarından hesab olunurdu. Rəhimovun sonuncu iş yeri Azərbaycan SSR Yüngül Sənaye naziri postu olub. O, bu vəzifəni 20 oktyabr 1965-ci ildən 11 iyun 1975-ci il tarixə qədər daşıyıb. Rəhimovun ölüm aktında səbəb kimi infarkt göstərilib. Bu fakt diqqətimi cəlb etdiyindən bir qədər əlavə araşdırma apardım. Bildiyimiz kimi, Heydər Əliyev hakimiyyətə gəldikdən dərhal sonra korrupsiyaya qarşı kəskin mübarizəyə başlayıb. 70-ci illərin əvvəllərindən "sexoviklər" deyilən qeyri-qanunu zümrə aşkarlanır və cəzalandırılırdı. Bu mübarizənin pik nöqtəsi 1975-ci ilə təsadüf edir. Araşdırmalarımdan o nəticə hasil oldu ki, Azərbaycanda müəyyən edilən qeyri-qanuni sexlərin 2/3-si yüngül sənaye nazirliyinin nəzdindəki müəssisələrdə yaradılıbmış. Məşhur Saşa-İzik cütlüyü də öz sexlərini bu nazirliyin müəssisələrində qurubmuşlar. Heç şübhəsiz, istintaq bu əlaqələri üzə çıxarıbmış və mən ona da şübhə etmirəm ki, Rəhimovun infarkt səbəbi məhz bu araşdırmalar olub. Yeri gəlmişkən, mən Heydər Əliyevlə söhbətlərimizdə "İstintaq" filmi barədə də ona suallar vermişdim, İzik və Saşanın artıq kim olduqlarını bilirdim. Lakin "bəs, filmdəki Almazov kimdir" sualıma Heydər Əliyev belə cavab vermişdi: "O, yüksək vəzifə tutan biriydi, nazir vəzifəsini tuturdu. İstintaq bütün işlərin ona gedib çıxdığını aşkarlamışdı. Lakin onu həbs etməyə vaxt yetmədi, çünki ürək tutmasına görə vəfat etdi". Aradan 30 il keçdikdən sonra apardığım araşdırma nəticəsində məndə o qənaət yaranır ki, filmdəki Almazov adlı şəxs məhz elə o vaxtkı nazir Rəhimovun prototipi imiş. Bir məqama da xüsusi olaraq diqqət çəkim: Rəhimov Sadıq Azərbaycan Respublikasının sabiq İdman və Gənclər naziri Rəhimov Azadın doğmaca babasıdı. Azad Rəhimovun - Sadıq Rəhimov kimi bir adamın nəvəsinin müstəqil Azərbaycanın naziri postuna necə yüksəlməsi mənimçün sirr olaraq qalsa da, vaxtilə dövriyyədə olan "onun sahib olduğu var-dövlət ata-babasından miras qalıb" fikri artıq sirr deyil. Elə mərhum Azad Rəhimov da rəhmətlik babası kimi hər şeyə "sexovik" gözüylə baxırdı. Heydər Əliyev dünyasını dəyişən kimi birdən-birə ortaya çıxır və nazir postuna yiyələnir. Bu cür adamları prezidentə təqdim edənlərin kimliyi də maraq kəsb edən nüanslardandı;
MƏMMƏDOV EYVAZ ƏBDÜRƏHMAN OĞLU - 24 yanvar 1921-ci il tarixdə Rusiyanın Stavropol diyarında anadan olub, əslən göyçaylıdı. Uzun illər Heydər Əliyevlə birlikdə təhlükəsizlik sistemində çalışıb. Müəyyən dövr Heydər Əliyevin rəisi də olub, sonra Heydər Əliyev onun rəisi olub. DTK-da 2-ci və 4-cü şöbələrin rəisi vəzifəsini tutub. 1959-1965-ci illərdə DTK sədrinin müavini olub. 1965-1970-ci illərdə Nazirlər Soveti yanında Xarici Turizm İdarəsinin rəis müavini olub. 1970-ci ildə Heydər Əliyevin şəxsi təşəbbüsü ilə Azərbaycan SSR Ədliyyə naziri vəzifəsinə təyin olunub və 1982-ci ilə qədər bu vəzifəni tutub;
AXUNDOV SƏNAN SƏMƏNDƏR OĞLU - 1932-ci ildə Bakı şəhərində anadan olub, köklü bakılılardandı. Heydər Əliyevin 13 illik hakimiyyəti dövründə əvvəlcə (10 il müddətində) Bakı Məişət Kondisionerləri zavodunun direktoru, sonra isə Yerli Sənaye naziri vəzifəsini tutub;
RƏSULBƏYOV HÜSEYN CÜMŞÜD OĞLU - 26 iyun 1917-ci il tarixdə Dərbənd şəhərində anadan olub. Əvvəllər həriçi olub, general-leytenant rütbəsi daşıyıb. 1975-ci ildən ömrünün sonuna qədər 9 il ərzində Azərbaycan SSR Rabitə naziri vəzifəsini tutub;
MƏMMƏDOV MƏMMƏDAĞA ƏHMƏD OĞLU - 1926-cı ildə Bakı şəhərində anadan olub. Heydər Əliyevin dövründə iki il Azərbaycan SSR Neftayırma və Neft Kimyası Sənayesi naziri vəzifəsini tutub. 1971-ci il tarixdə gənc yaşında dünyasını dəyişib;
HƏKİMOV KAMİL ƏLİSOLTAN OĞLU - 11 iyul 1927-ci ildə o vaxtkı Salyan qəzasının Petropavlovka kəndində (indiki Sabirabad) anadan olub. MK-da şöbə müdirinin müavini, Bakı Neft Emalı zavodunun direktoru vəzifələrində işlədikdən sonra 1971-ci ilə qədər Azərbaycan SSR Neftayırma və Neft Kimyası Sənayesi nazirinin 1-ci müavini, 1971-1980-ci illərdə isə həmin nazirliyə rəhbərlik edib;
HÜSEYNOV ASLAN AĞAHÜSEYN OĞLU - 07 noyabr 1916-cı ildə Salyanda anadan olub. 1970-1975-ci illərdə Naxçıvan MSSR Vilayət Partiya Komitəsinin 1-ci katibi seçilib. 1975-ci ildə Azərbaycan KP MK-nın bürosunun qərarıyla KP MK-nın Partiya Nəzarət Komissiyasının sədri təsdiq olunub. Naxçıvanın yaşlı nəsli Aslan müəllimi hər zaman xoş xatirələrlə yad edir;
MUSTAFAYEV MEHDİ HƏSƏN OĞLU - 15 sentyabr 1914-cü il tarixdə Qazax rayonu Tatlı kəndində anadan olub. 1979-cu ildə dünyasını dəyişənə qədər Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Meşə Təsərrüfatı Komitəsinin (daha əvvəllər nazirlik olub) sədri vəzifəsini tutub;
ƏLİYEV FİRUDİN ƏLİ OĞLU - 02 fevral 1936-cı ildə Tovuz rayonunun Yanıqlı kəndində anadan olub. Azərbaycan KP MK-nın Neft və Kimya Sənayesi şöbəsinin müdiri olub. Sonra MK katibi seçilib. Neft sənayesi sahəsində çox perspektivli bir mütəxəssis olub, lakin çox gənc yaşında dünyasını dəyişib;
ƏLİYEV ŞAMİL RÜSTƏM OĞLU - 1929-cu ildə Bakı şəhərində anadan olub. Ağır Maşınqayırma Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri olub;
ƏHMƏDOV İBRAHİM SEYFULLA OĞLU - 21 may 1927-ci il tarixdə Qroznı şəhərində anadan olub. Tank qoşunları generalı olub. 1972-ci ildə hərbi müşavir işlədiyi zaman Heydər Əliyev onu Azərbaycana dəvət edib və Azərbaycan SSR Orduya, Aviasiya və Donanmaya Könüllü Yardım Cəmiyyəti MK-nın sədri təyin olunub. 1990-cı ilə qədər bu vəzifədə işləyib;
ƏHMƏDOV NƏCMƏDDİN XƏLƏF OĞLU - 1923-cü ildə Şamaxının Əngərəxan kəndində anadan olub. Heydər Əliyevin dövründə əvvəlcə Nazirlər Soveti yanında Xarici Turizm İdarəsinin rəisi, sonra Nərimanov rayon Partiya Komitəsinin 1-ci katibi işləyib. 1980-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə Bakı şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri (şəhər meri) vəzifəsinə seçilib;
ƏBDÜRƏHMANOV ZAHİR ŞAHİSMAYIL OĞLU - 01 yanvar 1934-cü ildə Göyçayda anadan olub. Azərbaycan KP Nərimanov rayon Partiya Komitəsinin 1-ci katibi, “Ümumittifaq Neft Maşınqayırma” İstehsalat Birliyinin rəis müavini və "Qaratəkrarmetal" İstehsalat Birliyinin rəisi vəzifələrində işləyib;
HACIYEV BƏHMAN ƏBİŞ OĞLU - 02 dekabr 1926-cı ildə Zəngəzur qəzasının Şıxlar kəndində (indiki sisiyan rayonu) anadan olub. 1977-84-cü illərdə "Azneft" İstehsalat Birliyinin baş direktoru vəzifəsində işləyib;
Ardı var
Fərəməz Allahverdiyev












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.