Azərbaycanın otuz ikinci dişi... ... Və ya milli dirənişin QARABAĞLA ilk ad günü...
20-01-2022, 09:04
..Rayonumuzda, Zərdabda idim. Məktəbli idim həm də. Hərəkatçılara meydanda su, yemək aparırdım, gücüm buna yetirdi onda. Bir də çox diqqətlə çıxışları, "Koroğlu" uvertürasının sədalarını dinləyir, göyə ucalan yumruqlara baxır, parkın skamyasında, barmağımın ucuna qalxıb mən də yumruq sıxırdım. O dəhşətli qırğına çoxu kimi əyalətdən şahid idim. Uşaq ağlımın rəflərində milli kodlarla kilidlidir həmin günlər. İndi övladlarıma danışıram, tanrı nəsib etsə nəvələrimə də anladacağam. Onlara nəsiyyətim və bir gün vəsiyyətim olacaq, bu ölkənin, xalqın başına gətirilən heç bir müsibəti unutmasınlar. Özləri ilə gələcəyə aparsınlar tariximizi, dost və düşmən siyahımızı!
***
...İyirmi yanvara Azərbaycan tarixinin qara səhifəsi deyirik. Əslində qara və ağdan doğur bütün rənglər. Elə məqsədlər də. Düz otuz iki il əvvəl Azərbaycanın ağ günə çıxmaq istəyinə, ağ məqsədinə qarşılıq, imperiya siyasətindən əl götürmək istəməyən Rusiya, qara məkirini ortaya qoydu. Nəticə al qırmızı alındı…
…Ağla, qaranın toqquşması, təkcə al qana bürümədi Azərbaycanın baş kəndini həm də ailə faciələri, dramları törətdi. Hələ də qulağımızda fəryadları gələn insanların faciəsini yazdı Rus imperiyası o gün Azərbaycanın və özünün imeriya tarixinə.
…Sonra nə qədər münasibətləri korlamaq istəməsək, qonşuyuq desək də, özünü SSRİ varisi elan edən Rusiya, Qarabağda erməni arxasından, İranda fars yanından çıxdı. Hələ gərəkəndə əbədi düşməni Avropa və Qərblə ittifaqa da girdi. Düşmənimin, düşməni dostumdur prinsipi ilə. Amma Azərbaycan adlı məmləkəti, düz iki yüz ildir nə tamamən işğal edə, nə silə bildi dünya və Qafqazdan.
Sadəcə parçaladı. Özü də dəfələrlə. Cənubda parçaladı, İran qurdu. Qərbdə, Zəngəzurda parçaladı, Ermənistan yaratdı.
İndi qara yanvardan, otuz iki il keçir. Milli qeyrət, milli savaş, milli dirənişin ad günüdür. Qürurla, qeyrətlə, şərəflə anırıq. Qara yanvarın otuz ikinci ilinin üstünlüyü QARABAĞla olmasıdır. Qarabağın işğaldan azad olunması iyirmi yanvarın tamlığıdır. Bir insan vicudunun tamlığını təsdiqləyən axırıncı, otuz ikinci diş kimi. İşğaldan azad olan QARABAQ iyirmi yanvarın otuz ikinci dişidir. Vicudunun, yəni, dövlətinin, vətəninin, tamlığının, müstəqilliyinin təminatıdır. Ad günün də, tam günün də mübarək otuz iki yaşlı yanvar.
Düzü indi iyirmi yanvara bir başqadır baxışım, duyğum da. Bakıdakı yanvar qırğını təkcə, Azərbaycan üçün yox, Qafqaz üçün milli oyanış, milli hərəkat, milli kimliyin təsdiqi üçün imkan idi.
Doxsanların Bakı qırğını, həm də İranda, Cənub qolunu dirçəltdi Azərbaycanın. Türkiyədə, türk dünyasının gələcəyinə ümidlər oyatdı.
Bakıdakı milli hərəkat, milli oyanış bütövlükdə türk dünyasının yüz il sonra, ilk oyanışı idi bəlkə də.
Bu milli oyanış üçün indi Azərbaycan olaraq biz, təkcə şəhidlərimizə yox, həm də o milli ideologiyaya, onu yazan, ötürən fədakar məmlkət KİŞİLƏRİNƏ minnətdarıq. İmperiyanın yüz illik təzyiqinə rəğmən sınmayan, əyilməyən, itməyən ümidlərə minnətdarıq.
Əslində milli oyanışı 1905-lərdən başlamışdı Azərbaycanda. Düz 1937-38-ci illərin represiyasına qədər sürdü. Çünki Xalq Cümhuriyyətini qurmağa müvəffəq olmuşdu bu intervalda Azərbaycan. Çünki Rus İmperiyası məmləkət aydını, ziyalısının müstəqillik əzmini qıra bilmirdi. 1937-38-ci il repressiyaları məhz buna görə törədildi ölkədə.
Bu da məmləkət aydınlarına, Məmməd Əmindən, Xoyskiyə, Şıxəli Qurbanova, Müşfiqə, Cavidə, Topçubaşova, Həsən bəyə, Mirzə Cəlilə, Üzeyir və Ceyhun Hacıbəylilərə, Sabirə, hətta aldadılmasına rəğmən türklüyünü unutmayan Nərimanova, 37-lərin represiyasının qarşısında dura bilməsə də Azərbayanda müstəqillik mücahidlərinə, qaçaq hərəkatına dəstək olan Mircəfər Bağırova, Əziz Əliyevə, daha müasir dönəmləri xatırlasaq Elçibəyə, məhz iyirmi yanvar olaylarına görə ayağa qalxan Heydər Əliyevə, hələ adını bilmədiyimiz onlarla həyatını dövlət, vətən üçün fəda edənlərə, sonu mühacirətdə bitənlərə və ya bitirilənlərə minnətdarıq. Yazıb qoyub getdikləri, milli məfkurə, əqidə ilə elə bir nəsil yetişdirdi ki, can verdi, VƏTƏN vermədi iyirmi yanvarda. Rus imperiyası məhz bunu gözləmirdi, Azərbaycandakı milli dirənişi. Çünki yetmiş ildə dəfələrlə represiyaya məruz qalan, dövləti qırğına verilən, genosidə məruz qalan millətin, hələ də XALQ olaraq qalmasına inana bilmirdilər. Bu tərtəmiz imperiya hikkəsi idi. Bu hikkə ilə gəldilər və Qafqazlarda, ilk Azərbaycanda, qanlı qələbə çalsalar da, siyasi məğlub oldu Rusiya İmperiyası və SSRİ.
İndi eyni aqibətin onu Qarabağda gözlədiyi də istisna deyil. Qarabağa qədərsə, Ukraynada və Orta Asiyada enişləri olacaq. Çünki Qazaxıstan olayları, məhz orta Asiya üçün dərs, milli oyanış oldu. Artıq özünə sual verməyə başladı, dövlət dili rus, əqidəsi rusa tabe, dövlətinin yarıdan çox əhali sayı rus və ya qarışıq ailələrdən ibarət TÜRK ELLƏRİ. Artıq özündən sorur ki, sən kimsən, qazax, qırğız, özbək, türkmən, uyğur qardaş, sən kimsən?!
Azərbaycanın iyrimi yanvarı və Qazaxıstanın on yanvarından sonra, Türkiyə başda olmaqla, birincinin gərəklilik dərəcəsini hər kəs, daha dəqiqi bütün dünya və TURAN anlamış oldu.
-SSRİ-də yetmiş ildən çox yaşayan Azərbaycan olmadan postsovet məkanı türkləri ilə dil tapıla bilməz.
-Azərbaycan möhkəm olmadan, türk dünyası Cənubi Qafqazda möhkəmlənə bilməz.
Bu gün də, şəhid verə-verə, min bir savaşdan keçə-keçə, “vurulur” Azərbaycan. Əyilmir, daha möhkəm olur, POLAD olur. Eyni adlı oğullarla, generalından sıravisinə qədər onlarla poladıyla, can versə də, can alır, dövlət qurur, BÖYÜK AZƏRBAYCAN olur!
Və indən belə bir vacib gərəkənimiz var. Rusiyanın milli ruhla bağlı tələblərini unutmamalı nə Azərbaycan, nə Turan, türk dünyası.
Rusiya imperiyası kömək adı ilə haraya ayaq basırsa, deyər ki,
-əlifbamı qəbul et;
-dilimdə danış;
-mənimlə eyni dildə oxu, yaz;
-milli qurumlarını ləğv et;
-millətçi və dövlətçi olan hər kəsi sıradan çıxar.
Qazaxıstanda məhz bu oldu. Bütün türk dünyasına, ayrıca Orta Asiyaya “ustad dərsi” keçdi, Rusiya. Amma Türkiyə və Azərbaycan var olduğu üçün sona uğurlu nida qoya bilmədi. Odur ki, indi içəridən və dışarıdan, diş qıcama göstərisi yapırlar məmləkətə. Unudurlar ki, artıq Azərbaycanın da otuz iki dişi yerindədir. Yanvar faciəsinin otuz ikinci ilində, Qarabağın azadlığı tamam etdi bu işi.
Başqa nə deyim, başın həmişə SAĞ və DAĞ olsun VƏTƏN!
Bir də unutmayaq rus və imperiyası həmişə milli ruhu işğal etməkdən başlayıb oyununa. Milli ruh yoxsa nə dövlətin, nə vətənin olar. Ruhsuz vicudu işğal etməkdən, ona təcavüzdən rahat nəsə yoxdur dünyada. Bunu yırtıcılar daha yaxşı bilir. Odur ki, ruhun, ruhumuz amanatı VƏTƏN! Özünü və bizi qoru!
Jalə Mütəllimova
Teref.az