Batin alimi yazır: Kitabi Dədə Qorqudun sirləri - 6
16-02-2022, 10:05
Məqalənin əvvəli burada:
Kitabi Dədə Qorqudun sirləri - 5
https://teref.az/kose/226510-batin-alimi-yazir.html
Kitabi Dədə Qorqudun sirləri - 4
https://teref.az/kose/224323-batin-alimi-yazir-kitabi-dede-qorqudun-sirleri-4.html
Kitabi Dədə Qorqudun ən sirli obrazı, kitabda - "varıban peyğəmbərin üzünü görən, gəlübən Oğuzda səhabəsi olan, acığı tutanda bığlarından qan çıxan, bığı qanlı Bəkdüz (Bügdüz) Əmən" obrazıdır. Sufi-batini mənalarda bu rəmzlər çox dərin mənalı rəmzlərdir. Peyğəmbər rəmzi qədim Misir mətnlərində göydə ölümsüzlük qazanmış ruh, yəni Allah mənasını verir və Ba/Benu (Va/Van) kimi qeyd olunur. Batini məntiqdə Benu (BN) rəmzi - peyğəmbər mənasını verən Nəbi (NB) rəmzi ilə eyni mənalıdır ki, bu da peyğəmbərin "göydə ölümsüzlük qazanmış ruh" anlamında olması deməkdir. Peyğəmbərin üzünü görən Əmən burada Bəkdüz adlanır ki, bu söz "rəmzlər dilində" Bəkdaş sözü ilə eyni mənalı olub "Bəg ruhu" fikrini ifadə edir. Başqa sözlə, batini mənada "Bəkdüz Əmən" rəmzi - "bəg Əmənin ruhu" mənasını verir. Əmən bəgin ruhunun peyğəmbərin üzünü görməsi və qayıtması - onun axirətə qədər göydə Ra-Amon Allahı kimi yaşaması, axirətdə isə yenidən yerə zamanın sahibi kimi enməsi deməkdir. Kitabın əvvəlində də Qorqud ata bildirir ki, hakimiyyət axırda yenidən Qayı boyuna, onun Osman nəslinə qayıdacaq. Batini məntiqdə bu o deməkdir ki, kitabda söhbət əsasən axirətə - Bəkdüz Əmənin Oğuz elinə qayıtmasına həsr olunmuşdur və onun ruhu da bilavasitə Osman nəsli ilə bağlıdır.
Təbrizli Arakel Osman şahlarının nəslini "ilandan doğulmuş" ("əjdahadan doğulmuş") adlandırır: «Budur onlar, Osmanlı şahları, hansıları ki, İlahi kitablar ilan adlandırır və hansılar ki, ta qədimdən ölkəni idarə edirlər; budur onların bu günədək tək-tək nəsli. Müsəlman Osmanlı şahlarının mənşəyi və onların «Osmanlı» adlandırılmasının səbəbi budur». Mənbələrdə "ilandan doğulmuş" dedikdə, Heraklın Gel (Gileya) elində yarıilan, yarıqadın Yexidnadan doğulmuş Midiya maqları nəzərdə tutulur. Belə çıxır ki, Osman şahları - qədim mənbələrdə mələklər nəsli kimi təqdim edilən "ilandan doğulmuş" Midiya maqlarıdır.
Maq rəmzi Azərbaycanda Muğan ərazisi ilə bağlıdır ki, Osmanlıların babası Süleyman şahın Türkiyəyə Azərbaycanın Muğan bölgəsindən getməsi artıq hamıya məlumdur. Bu isə o deməkdir ki, Osman şahın Qayı boyu bilavasitə Muğanla, oradakı maqlar nəsli ilə bağlıdır. Muğanın Maq eli mənbələrdə Muğ-El, yəni Muğal, Moğol, Muğali kimi qeyd olunur. Azərbaycan mənbələrində muğallar dedikdə məhz Türk bəgləri nəzərdə tutulurdu. İran və orta Asiyaya aid mənbələrdə isə Muğal/Muğali/Moğollar - Çingiz xanın "sağ əli" olan Cəlair nəsli hesab olunurdular. Qacar şahları sayılan Cəlairlərə aid numizmatika nümunələrində "Xəllədə Mülkə-Hu", "Xəllədullah Mülkə-Hu", yəni "Allahın Mülkü Xəlləd" (Xelad/Xelat) rəmzləri yazılır ki, bu da onların - Allahın Mülkü olan Xelatın Atabəglər nəsli olması mənasındadır. Əhdi-Ətiqdə də Allah Xelatla eyni mənalı Gelad elini - "Mənim Geladım" adlandırır. Xelat və ya Xalda/Gelda/Gelad rəmzləri ən qədim mənbələrdə Gel Allahının eli (Gel-Ata) mənasını verirdi ki, qədim Misir yazılarına görə Amon, yəni Əmən Allah göydəki dünyanı və kosmik Atum Allahını məhz Gel elində (Geliopol) yaratmışdır. Bu isə o deməkdir ki, Cəlairlərin Gel eli, qədim Misir fironu (piri) Amonun Atum Allahını yaratdığı eldir. Muğal/Moğolların - Monqol, yəni "Amon-Gel" adlanması da onların Amonun Gel elinin varisləri olması deməkdir.
Batini mənada Monqol (M-NQL) rəmzi həm də M-anqel kimi oxunur ki, bu da mələkdən törənmiş, mələklə bağlı olan və s. fikrini ifadə edir. Mələk rəmzi mənbələrdə həm Şah İsmail Xətainin "batini mülhidləri" kimi və həm də Həsən Sabbahın Ələmut qalasındakı hökumətə aid edilən "Hökuməti Məlahide Batiniyyə" kimi qeyd olunur. Batinilərin İsna-Aşəriyə dini isə burada "Şiə-Batiniyyə" mənasında məhz Moğol (Muğal) hökmdarı Olcaytu ilə bağlıdır və məhz onun dövründə şiəlik İranın rəsmi dini olmuşdur. Mətnlərdə açıq yazılır ki, Monqol əsilli elxanilərin əhəmiyyətli mövqeləri məhz Azərbaycan məmləkəti idi və onların paytaxtı da Marağa, Təbriz, Sultaniyyə kimi şəhərlər olmuşdu. Onların pul sikkələrində, pulların kəsildiyi yer “Zərbi-Azərbaycan”, hakimiyyətləri isə Təbriz şəhərinə aid edilərək, “Azərbaycan hökuməti” adlanırdı.
Bütün bunlar o deməkdir ki, Kitabi Dədə Qorquddakı Osman nəsli əslində Azərbaycan pirlərinin soykökündə duran Cəlairlərin Qacar şahlarıdır. Qacar rəmzi batini mənada Həcər (yəhudi mənb. Aqar) rəmzi ilə bağlıdır və bu da qədim Misirin məşhur Qor yolu ilə gedən fironlar nəslidir.
Digər tərəfdən, Cəlair rəmzi ərəblərə qədər Gelar kimi işlənirdi ki, ərəb dilində bu səs olmadığı üçün onlar "G" rəmz-samitini "C" rəmz-samiti ilə əvəz etdilər. Gelar (GLR) eli isə qədim Albaniyanın Aranşahlar nəsli olan Gelarkün ərənlərinin elidir və Türk mənbələrində bu rəmz Erlik (RLK) kimi keçir. Bu bəg-ərənlər İran mənbələrində farbaq, farnbaq kimi qeyd olunan firon-bəglər, yəni pir-bəglərdir. İran mətnlərində farn odu – var-dövlət, hakimiyyət və qüdrət gətirən İlahi mahiyyətdir ki, bizlərə bu "od" - Azər odu kimi tanışdır. Farn (fər) İlahi odunu daşıyan bəglər İranda “atəşbəglər” adlanır və onlar əhli-Haq hesab olunurlar. Bu mənbələrdə pir Əmənin atəşbəgləri - arilərin (ər-ərənlərin) göydəki Raman (RMN) dünyası ilə əlaqələndirilir ki, bu da elə Ra-Amon (RMN) Allahının Sünik-Gelarküni göylərində yaratdığı ruhlar dünyasıdır. İran mətnlərinə görə məhz göydəki bu dünyanın hesabına bəg-ərənlər fövqəladə İlahi qüdrətə sahib olmuşlar. Avestada və Əhəmənilərin Hörmüzü ilə bağlı təriqətlərdə xoşbəxtliyin səbəbləri - məhz qüdrətli və ədalətli hökmdarlar olmuşlar. Qatalarda bəg-ərənlərin göydəki dünyası - bilavasitə hakimiyyət, güc və s. ilə əlaqələndirilir və xoşbəxt həyatın, inkişafın əsas şərtlərindən sayılırdı.
Mətnlərdə “arilər dünyası” deyəndə, ariləri (ər-ərənləri) qüdrətli edən məhz bu mistik dünya nəzərdə tutulurdu. Sufilərin Hu-ərənlər adlandırdığı bu Osman-İran şahları nəsli göydəki dünyadan aldıqları İlahi odu, dirilik suyunu yerdəki insanlara verib, onlara xoşbəxt həyat bəxş edirdilər. Sufilərin Səma törənində fırlanan dərvişlərin sağ əli göyə, sol əli isə yerə tərəf açılır ki, bu da pirlərin İlahi odu, dirilik suyunu Amon Allahdan və Onun göydəki dünyasından alıb, yerdəki insanlara verməsi mənasındadır. Pir-bəglərin, seyidlərin möcüzə göstərmək fenomeni də, Allahın Özünə qulluq üçün seçdiyi ərənlərinə verdiyi İlahi od ilə bağlıdır. Allahın Öz padişahlar nəslinə verdiyi bu İlahi Azər odunun hesabına min illər insanlar xoşbəxt yaşamışlar və Allaha inam axirətə qədər gəlib çatmışdı. Allah, İran mətnlərində Key, yəni Qayı kimi qeyd olunan yalnız bu şahlar nəslinin hakimiyyətini qəbul edir və onlara kömək edir.
Qədim mənbələrə görə, Allah cəmi iki növ insan yaratmışdı ki, bunlar da Göy və yer insanıdır. Göy insanı dedikdə Allahın ilk olaraq dünyaya hakim kimi yaratdığı ölümsüz bu firon-pirlər nəsli nəzərdə tutulurdu. Adi yer insanları isə bu fəlsəfədə, yazılarda qeyd olunmağa layiq görülmürdülər.
Kitabi Dədə Qorquddan çıxan nəticəyə görə, axirətdə Əmən (Amon) Allah hakimiyyəti Öz Osman şahları nəslinə verəcəkdir ki, dünya durduqca onlar hakimiyyətdə qalacaqlar. Allahın yenidən onlara verəcəyi İlahi odun hesabına onlar dünyada xoşbəxt həyat quracaqlar və yerdə yenidən "Qızıl əsr" başlayacaq. Bütün xəstəliklərə, erkən ölümə son veriləcək və heç kim 100 yaşına çatmamış ölməyəcək.
Bütün bunlar haqqında daha geniş məlumatlar, faktlar və mənbələr Batini-Quran kitabımda və çoxsaylı məqalələrimdə verilmişdir.
Firudin Gilar Bəg